Nağıllar, hekayələr

Heraklın dördüncü qoçaqlığı. “Heraklın Kireney maralını tutması”

Evrisfey Heraklın tapşırığı yerinə yetirdiyini eşidib yenə cin atına mindi. Sonra özünü toxtadıb nökərinin ovuna baxmaq istədi. O, fikirləşirdi ki, yəqin qaban Nemey şiri və Lerney əjdahası kimi qorxunc olmaz. Lakin Arqos padşahı vəhşi qabanın yekə, tüklü başını və irəli əyilmiş iti dişlərini görən kimi az qaldı özündən getsin. Bir təhər qaçıb yataq otağına girdi. Yorğanı başına çəkib xeyli titrədi. Bir qədər sonra  yuxuya getdi. İlahə Hera isə yenə öz məsləhəti ilə onun yuxusuna girdi.

 

 

Səhər tezdən Evrisfey Herakla növbəti əmrini verdi. Bu dəfə o, qızıl buynuzlu Kireney maralını tutub gətirməli idi. Evrisfeyin yeni əmrini eşidən Herakl fikrə getdi. O, eşitmişdi ki, Kireney maralının yorulmaq bilməyən möhkəm mis ayaqları var. Bu maral həm də çox hiyləgər və ehtiyatlı bir heyvandır. Herakl onu da bilirdi ki, bu alaca maral ov ilahəsi Diananın sevimlisidir. Diana sevdiyi heyvanları hifz edir, kimsənin onlara toxunmasına yol vermirdi.

 

Bir qədər fikirləşəndən sonra Herakl ova lazımınca hazırlaşmaq qərarına gəldi. Ləngimədən vətəni Fivə yola düşən Herakl orada bərk qaçmağı öyrənmək üçün məşqlərə başladı. Hər səhər günəş doğan kimi gənc İolay Heraklın xahişilə Amfitrionun atlarından birini minib dərədə çapırdı. Bu zaman Herakl atın yalından yapışıb onunla qaçmağa çalışırdı. Məşqin birinci günü Herakl atla bərabər bir saat, ikinci gün iki saat, üçüncü gün isə üç saat qaça bildi. Çox keçmədi ki, Herakl bir an belə dayanmadan bütün günü atın dalınca ac-susuz qaçmağa və hətta onu ötməyə nail oldu.

 

Herakl bərk qaçmağı öyrənəndən sonra artıq ova çıxmaq vaxtının yetişdiyini düşündü. Son hazırlıq işlərindən sonra o, alaca maralın tez-tez su içməyə gəldiyi gölə yollandı. Buradakı sıx kolların arasında gizlənən Herakl üç gün, üç gecə səbrlə öz ovunu gözlədi. Lakin bu günlər ərzində alaca maral bir dəfə də olsun su içməyə gəlmədi. Nəhayət, dördüncü gecə yüngül tappıltı səsi eşidildi. Herakl başını koldan çıxarıb baxanda gölün sakit səthində buynuzlu bir kölgə gördü. Herakl alaca marala mümkün qədər yaxınlaşmaq üçün gölün kənarı ilə sürünməyə başladı. Ancaq sayıq heyvan otların xışıltısını eşitdi, zərif başını döndərib gölün sahilini gözdən keçirdi və qaçıb Herakldan uzaqlaşdı. Budaqların arasından süzülən ay işığında onun qızıl buynuzları parlayırdı. Herakl sıçrayıb ayağa qalxdı və vaxt itirmədən onun ardınca qaçmağa başladı.

 

Herakl və alaca maral o qədər qaçdılar ki, meşə qurtardı və onlar böyük bir düzənliyə çatdılar. Düzənlik qurtardı, yenə meşə başladı. Sonra onlar yenə geniş bir çölə çıxdılar və qaçmaqda davam etdilər. Alaca maral hey qaçır, Herakl isə onu qovurdu. Onlar qaça-qaça altı kənddən və doqquz şəhərdən keçdilər. Bu qaçışı görənlər maralın arxasınca qaçanın adam olduğuna inana bilmirdilər.

 

Onlar qaçdıqca, aralarındakı məsafə gah azalır, gah da çoxalırdı. Herakl çox bərk qaçırdı, ancaq nə qədər sürətlə qaçsa da, marala çata bilmirdi. Günəşin istisi Heraklı əldən salmışdı, alaca maral isə irəlidə qaçaraq Heraklı öz arxasınca uzaqdakı dağlara doğru aparırdı. Heyvanın mis dırnaqları eyni sürətlə sərt torpağa dəyərək tappıldayırdı. Maral, elə bil, indicə qaçmağa başlamışdı. Heraklın qüvvəsi isə azalırdı, çünki onlar üzü dağa sarı qaçırdılar. O, başa düşdü ki, belə getsə, maral onu yoracaq və heç vaxt bu heyvanı tuta bilməyəcək. Buna görə də var qüvvəsini toplayıb elə bir sürətlə irəli cumdu ki, alaca maralla onun arasındakı məsafə lap qısaldı. Nəhayət, Herakl, çətinliklə də olsa, alaca marala çatdı. O, əlini uzadıb maralın parıldayan buynuzlarından yapışmaq istəyirdi ki, birdən qarşısında böyük və dərin bir uçurum gördü. Herakl ayaq saxladı, ancaq alaca maral dayanmadı, kamandan çıxmış ox kimi süzüb uçurumun o biri tərəfinə sıçradı. Herakl güclə müvazinətini saxlayıb uçurumun lap kənarında durdu. Alaca maral isə bu zaman o biri tərəfdə sakit-sakit otlayır və bəzən də, ələ salırmış kimi, başını qaldırıb Herakla baxırdı.

 

Herakl alaca maralı gözdən qaçırmamağa çalışaraq uçurumun kənarı ilə getməyə başladı. Bir qədər getdikdən sonra uçurumun dar yerindən o biri tərəfə keçə bildi və yenidən maralı qovmağa başladı.

 

Hər dəfə Herakl maralı haqlayanda heyvan gah dərin çaylara atılır, gah sıx kolluqlarda gizlənir, gah da qum təpələrinin arasında yox olurdu. Hər dəfə də Herakl uzun müddət onun izi ilə gedir, nəhayət, axtarıb tapırdı. Bu minvalla, ovçu və şikar lap uzaqlara gedib çıxdılar. O qədər uzaqlara ki, Herakl orada ömründə görmədiyi şeylər gördü.

 

Alaca maral Heraklı gətirib soyuq bir ölkəyə çıxartdı. O vaxtlar bu yerlərdə it başlı adamlar yaşayırdılar. Sonra maralla herakl geniş İstra çayının kənarı ilə qaçdılar. İndi Dunay adlanan bu çayın sularında o zaman gözəl, amma qurşaqdan aşağı balıq olan qadınlar yaşayırdılar. Ancaq Heraklın nə it başlı adamlara, nə də su pərilərinə baxmağa vaxtı var idi. Yorulmaq bilməyən ovçu alaca maralı geriyə İstra çayına doğru, oradan isə doğma vətəni Yunanıstana tərəf qovdu. O, maralı tam bir il qovandan sonra yenə də gəlib təqibə başladığı yerə çıxdı. Gölün yanına çatan kimi Herakl yorğunluğa dözməyib yerə sərildi və o dəqiqə dərin yuxuya getdi. Yuxunu ona ilahə Afina gətirmişdi, onun məqsədi Herakla kömək etmək idi. Bunu ona Zevs tapşırmışdı. Yuxuda Afina Herakla məsləhət gördü ki, alaca maralı torla tutsun. Yuxudan ayılan Heraklın öz-özünə acığı tutdu ki, belə bir sadə üsul onun kimi mahir ovçunun ağlına gəlməyib.

 

Herakl cavan budaqlardan yüngül bir tor toxudu, onu heyvanların su içməyə getdikləri cığırda qurdu. Ətrafı dolaşıb alaca maralı tapandan sonra Herakl qorxunc səslər çıxararaq onu tora tərəf qovmağa başladı. Qorxub talaya çıxan alaca maral cığır boyu sürətlə qaçdı və qəfildən onun iri buynuzları tora ilişdi. Alaca maralı tutduğuna sevinən Herakl onu yerə yıxıb ayaqlarını bağladı və çiyninə alıb Evrisfeyin hüzuruna aparmağa tələsdi. Ancaq heç yüz addım getməmişdi ki, birdən it hürüşməsi eşidildi. Elə  bu zaman bir dəstə tüklü it cığıra çıxıb Heraklın yolunu kəsdi və onu dövrəyə aldı. Onların ardınca isə kolların dalından qəzəblənmiş ilahə Diana göründü. Əynində qısa ov paltarı, saçlarında qızıl aypara, əlində kaman gənc və gözəl ov ilahəsi oxu kamanına qoyub düz Heraklın ürəyini nişan almışdı. Diana qəzəbli bir səslə Herakla dedi ki, əgər sağ qalmaq istəyirsə, dərhal alaca maralı buraxsın. İlahəni acıqlandırmaq istəməyən Herakl sakitcə cavab verdi ki, o, alaca maralı öz istəyi ilə deyil, böyük ilahların buyruğuna görə tutmuşdur. Herakl alaca maralı Arqosa aparmaq üçün Dianadan icazə istədi və and içdi ki, Evrisfeyə göstərdikdən sonra onu azadlığa buraxacaq. Qəzəbli ilahə yumşalıb Heraklın alaca maralı Arqosa aparmasına izn verdi.

 

Kireney maralını görən Evrisfey qəzəbdən və paxıllıqdan  titrəməyə başladı. Lakin indi Heraklın qoçaqlığı bütün Yunanıstana yayılmışdı. Arqos hökmdarı dərhal ilahə Heranın yolunda qurban kəsdi və onun məsləhətilə Heraklı Stimfal meşəsinə göndərdi. O tələb etdi ki, Herakl bu meşədə yaşayan saysız-hesabsız Stimfal quşlarını oradan qovub çıxarsın.

 

(Ardı var...)