Nağıllar, hekayələr

Heraklın on ikinci qoçaqlığı. “Heraklın Kerber köpəyini tutması”

Məğlubedilməz Heraklın Antey və Atlantla görüşməsi xəbəri onun özündən əvvəl Yunanıstana çatmışdı və artıq dillərdə əzbər idi. Hamı xalqın böyük qəhrəman oğlu ilə fəxr edirdi, ona dastanlar qoşurdu. Elə oxuduğumuz bu dastan da o vaxtlar yaranmışdı.

 

Arqos hökmdarı Evrisfey artıq başa düşmüşdü ki, böyük Zevsin hələ Herakl anadan olmamış dediyi sözlər yerinə yetəcək. Qüdrətli qəhrəman ona qulluq edərək artıq on bir böyük qoçaqlıq görsətmişdi. Bu qoçaqlıqlardan hər biri tarixə düşəcək bir qəhrəmanlıq idi. Deməli, Heraklla yanaşı Evrisfeyin də adı tarixə düşəcəkdi, axı bu çətin tapşırıqları ona Arqos hökmdarı vermişdi. Evrisfey bununla təskinlik tapırdı. İş o yerə çatmışdı ki, paxıl və acgöz Evrisfey qorxmaz nökərin qarşısında özünü borclu hiss etməyə başlamışdı. On birinci qoçaqlıqdan sonra o, insafa gəldi və Hesperidlər bağından gətirdiyi qızıl almaları Heraklın özünə qaytarmağı əmr etdi.

 

Bununla belə, hərə öz işini sona çatdırmalı idi. Herakl on ikinci qoçaqlığını etməli idi. Bunun üçün isə Evrisfey ona son tapşırığını verməli idi. Lakin bu, elə bir tapşırıq olmalı idi ki, dünya durunca tarixin yaddaşında qalsın. Evrisfey çox fikirləşdikdən sonra Herakl üçün ən qorxulu, ən təhlükəli bir iş tapdı və Heraklı Zevsin qardaşı Aidin səltənətinə- Tartara göndərməyi qərara aldı.

 

Yerin ən dərin qatındakı bu qorxunc səltənət həmişə qaranlıq, rütubət və soyuq olardı. Zülmət və sükunət içində olan Tartara nə parlaq günəş şüaları gedib çatır, nə də səs-səmir eşidilirdi. Buradakı çaylar da sanki yer altındakı qara qayaları yalayaraq səssiz axırdı. Bayquş və yarasalar belə bu qorxunc zülmətdə qanad çalmağa ürək eləmirdilər. Aidin səltənətinə getmək asan deyildi. Buraya enmək üçün yer üzündə cəmi bir dərin yarğan və bir dar mağara vardı. 

 

Adamlar bu səltənətə qədəm basmazdılar. Yalnız insan öldükdən  və basdırıldıqdan sonra onun ruhu küləyin qovduğu yarpaq kimi sürətlə uçaraq Tartara gedən yarğanın ağzına düşür, oradan da sovrulub tez aşağıya, bu zülmət və rütubət diyarına enirdi. Ağsaçlı qoca Haron isə sınıq-salxaq bir qayıqda onu yeraltı Stiks çayının o biri sahilinə aparır və ruh əbədi olaraq orada qalırdı. 

 

Bu zülmət səltənətinə düşən insan ruhu bir daha yer üzünə çıxa bilməzdi, çünki Tartardan yer üzünə çıxan bütün yolları gözünə yuxu getməyən Kerber adlı acıqlı köpək qoruyurdu. Həmişə oyaq olan qorxunc keşikçisinin üç başı vardı. Onun hər boynundan yal yerinə qorxunc və zəhərli ilanlar sallanırdı. Bu sərt köpəyin uzun bir quyruğu vardı. Ancaq diqqətlə baxdıqda bunun quyruq olmadığı anlaşılırdı. Quyruq əvəzinə köpəyin arxasından dəhşətli bir əjdaha asılmışdı. Əjdaha-quyruq qıvrılıb yumağa dönür, sonra isə yenə də açılaraq iti dilini çıxarıb fısıldayırdı. Vay o adamın halına ki, qorxunc Kerberin yanından ötüb bu zülmətdən çıxmaq fikrinə düşəydi!

 

Ölmüş insanların ruhları inildəyə-inildəyə Aidin səltənətində qəmgin halda dəstə-dəstə gəzməkdə idilər. Onlar günəş və istilik arzulayır, işıqlı dünyada yaşadıqları zaman onlar üçün əziz olan hər şeyin xiffətini çəkirdilər. Amma nə qədər ahu-zar etsələr də, bu zülmət diyardan çıxa bilmirdilər.

 

Doğrudur, vaxtilə iki cəsur qəhrəman Aidin qorxunc səltənətinə daxil olmağa cürət etmişdi, Onlardan birinin adı Tezey, o birinin adı isə Pirifoy idi. Lakin onlar qaranlıq  Tartara xoş niyyətlə getməmişdilər; bu qoçaqlar Aidin zövcəsi Persefonanı oğurlayıb günəşli dünyaya çıxmaq istəyirdilər.

 

Tezeylə Pirifoyun aqibəti yaxşı olmadı. Aid onları əsir aldı və əbədi olaraq yer altındakı qayalardan birinə bağladı. Heç kəs cürət edib bu iki qəhrəmanı xilas etməyə getmədi. Bu cəsur insanlar indiyə qədər də oradadırlar.

 

Hökmdar Evrisfey Herakla əmr etdi ki, zülmət səltənətinə enib cəhənnəm köpəyi Kerberi tutsun və boynuna zəncir taxıb Arqosa gətirsin. Bu əmri eşidənlərin dəhşətdən tükləri biz-biz oldu. Yunanlar Heraklın halına acıyırdılar; canlı bir adamın çoxdan ölmüş insan ruhlarının dolaşdığı qaranlıq diyara enməli olduğunu düşününcə hamını dəhşət bürüyürdü.

 

Herakl da zülmət səltənəti haqqında çox eşitmişdi. Bu yeri təsəvvür edincə on bir qoçaqlıq görsətmiş igidin canına ilk dəfə olaraq üşütmə düşdü. Herakl başa düşdü ki, bu qorxu hissini canından çıxarmasa, Kerber köpəyinə qalib gələ bilməyəcək. Odur ki, yola çıxmazdan əvvəl ölümdən qorxmayan müdrik adamların yaşadıqları Elevsin şəhərinə getdi. Gecənin sakit bir çağında, meşələrin sayrışan işığında qocaların ən müdriki onun qulağına sehrli bir söz pıçıldadı. Bu sözü eşidən adam ölüm qorxusundan azad olurdu. Bu sözün nə olduğunu indiyə kimi də heç kim bilmir. Sehrli sözü öyrəndikdən sonra Herakl inamlı addımlarla qaranlıq Tartara aparan mağaranın yerləşdiyi sal qayalarla dolu dağa tərəf getməyə başladı. Herakl irəlilədikcə ətrafındakı şiş uclu çılpaq qayalar onu daha sıx əhatə edir, dərə daha da dərinləşir və qaranlıqlaşırdı. Cırcıramalar susmuş, quşlar görünməz olmuşdu. Yalnız ilanlar dəhşətlə fışıldayaraq bu qüdrətli insanı addımbaaddım izləyirdilər. Boz qurbağalar onun ayaqları altından kənara sıçrayır, qurumuş ağaclara qonmuş qarğalar boğuq bir səslə onun ardınca qarıldaşırdılar. 

 

Nəhayət, Herakl mağaranın dar girişini gördü. Bu giriş zəhərli tikan kollarının arasında qaralırdı. Mağaradan gələn soyuq və rütubətli hava ölüm qoxusu verirdi. Bu qoxu Lerney əjdahasına və Nemey şirinə qalib gəlmiş cəsur cəngavəri belə üşəndirdi.

 

Mağaraya girməzdən əvvəl Herakl son dəfə yuxarı, mavi səmaya, qayğısız-qayğısız süzən buludlara baxdı və zəhərli kolun budaqlarından yapışıb girişdən içəri qədəm qoydu. Elə bu anda kim isə onun qolundan yapışdı.


-Qorxma, ey Zevsin oğlu,- deyə bir gəncin zil səsi eşidildi. –Məni atamız göndərib ki, səni Aidin sarayına aparım. Ardımca gəl. Bu qorxunc yoldan mən çox keçmişəm.

Herakl yanında gözlərindən hiylə yağan bir gəncin dayanıb gülümsədiyini gördü. Onun əlindəki əsanın dəstəyində, başındakı dəyirmi papaqda və ayağındakı zərif səndəllərdə kiçik qandallar vardı. Gəncin hiyləgər baxışları durmadan ətrafı seyr edirdi. Bu Hermes idi.  Qorxusuz qəhrəman Herakl onun əlindən tutub yeraltı səltənətin qaranlıqlarına doğru enməyə başladı.

Əyninə dəmir paltar geyib çiyninə şir dərisi salmış canlı insanı görcək ruhlar dəhşət içərisində kənara çəkilirdilər. Yalnız bir qadının ruhu qorxu saçan hərəkətsiz gözlərini yolçulara zilləyərək yerindəcə dayanmışdı. Herakl onu tanıdı- bu qadın qorxunc Horqona Meduza idi. Onun başından saç əvəzinə ilanlar sallanırdı, gözlərinə baxan hər kəs yerindəcə donub qalardı.

Herakl qaşlarını çatıb ağır toppuzunu qaldırmaq istədikdə Hermes yavaşca onun qolundan tutdu:
-Tələsmə, qardaşım, -deyə Heraklın qulağına pıçıldadı,- bu, Meduzanın özü deyil, onun taqətsiz ruhudur. Cəsur qəhrəman Persey onu öldürəndən sonra o, artıq heç bir kəsə zərər yetirə bilmir.

Herakl toppuzunu aşağı saldı və onlar Horqonanın yanından sakitcə ötüb keçdilər.

Yol boyu ruhlar dəstə-dəstə onların ətrafında dolaşaraq ah-vay edir, ağlayır, acı-acı sızıldayırdılar. Herakl onlaın içərisində bir çox tanışlarına da rast gəlirdi. Ruhlar dəfələrlə Heraklı dayandırıb ondan mərhəmət və yardım dilədilər. Lakin o, ruhlara kömək etmək iqtidarında deyildi. Bunu yalnız allahlar edə bilərdilır. Herakl isə təkcə Tezeyi bağlandığı qayadan qopardı.

Nəhayət, uzaqda, zülmətin dərinliklərindı yeraltı aləmin zəhmli hökmdarı Aidin dəbdəbəli və qorxunc sarayı görünürdü. Qarşısında canlı insan görən Aid əvvəlcə qaşlarını çatdı. Lakin sonra bunun Zevsin oğlu Herakl olduğunu görəbdə özünü ələ alıb heç nə demədi. O, qəhrəmanın xahişini lütfkarlıqla dinləyib bir qədər fikrə getdi. Sonra dedi:
-Ey qardaşım Zevsin oğlu, razıyam. Qoy, sənin xahiş etdiyin kimi olsun. Mən öz sadiq köpəyimi işıqlı dünyaya aparmağına icazə verirəm. Ancaq bir şərtim var: sən əlinə silah almadan köpəyi tapmalı və tutub bağlamalısan. Get, sənə uğurlar olsun!

Herakl yubanmadan Keberi axtarmağa yollandı, Axeron çayının çürüntü və kif iyi verən sahillərində uzaqdan it hürüşü eşitdi. Üç itin birdən hürməsinə bənzər bu səs eşidənləri dəhşətə salırdı. Herakl başa düşdü ki, irəlidə üç yox, bir köpək var- üçbaşlı qorxunc köpək Kerber.

Heraklı öz iti dişlərinə keçirməyə tələsən bu üçbaşlı əcaib heyvan daşdan-daşa tullanaraq sürətlə yaxınlaşmaqda idi. Herakl toppuzuna söykənərək səbirlə köpəyin yaxınlaşmasını gözlədi. Qorxunc heyvan qəzəblə ulayaraq Heraklın sinəsinə sıçradığı zaman o toppuzunu bir tərəfə tulayıb qüvvətli əlləri ilə Kerberin üç boğazını bir yerə sıxıb boğmağa başladı.

Yeraltı aləmin bu qəzəbli keşikçisi Heraklın əlindən çıxmaq üçün qeyzlə çırpınır, onun yalından sallanmış ilanlar qəhrəmanın çiyninə salınmış şir dərisini qəzəblə sancırdılar. Köpəyin quyruğu olan əjdaha isə Heraklın mis kimi parıldayan zirehli paltarını dişləyirdi. Lakin bu cəhdlərin hamısı hədər idi. Heraklın əlləri köpəyin boğazlarını getdkcə daha möhkəm sıxaraq onu gücdən salırdı.

Nəhayət, qəzəbli köpəyin hər üç başı taqətsiz halda aşağı sallandı. Köpək dəhşət içərisində Heraklın ayaqlarına yıxıldı və yazıqcasına zingildəyərək onun səndəllərinin qayışlarını yalamağa başladı.

Herakl Kerberin zingiltisinə əhəmiyyət verməyib boğazına möhkəm qayış bağladı və onu qaranlıq Tartardan işıqlı dünyaya apardı. Zülmətdə doğulmuş köpək heç vaxt gün işığına çıxmadığından günəşin ilk şüasını görüncə dəhşət içərisində ulamağa və qorxudan titrəməyə başladı. Köpəyin hər üç ağzından zəhərli köpük tökülürdü. Köpüyün düşdüyü yerdə dərhal zəhərli otlar cücərirdi.

Nəhayət, Herakl Kerberi çəkə-çəkə gəlib Arqosa yetişdi, Evrisfey bu əcaib heyvanı görən kimi qorxudan əlləri ilə üzünü tutaraq qaçıb öz sarayının ən ucqar otaqlarından birində gizləndi.
-Yetər, Herakl, yetər!- deyə Evrisfey qışqırdı. – Ölümü məğlub edən adamı yanımda nökər saxlamağa daha cürət etmirəm. Bu əcaib heyvanı tez aparıb yenə də qaranlıq Tartara burax. Sonra da hara istəyirsən get. Sən on iki qoçaqlığın hamısını görsətdin. Cəzan bitdi. Allahlar səni bağışladılar. Sən azadsan. Çıx get və elə et ki, səni bir daha görməyim.

Belə də oldu. Herakl Kerberi aparıb qaranlıq yarğandan içəri buraxdı.