Nağıllar, hekayələr

Sona Xəyal. "Ağacı necə suvarırlar?"

Sədinin atası xəstə idi. Həyətdəki ağaclar suvarılmalı idi. Atasının narahatlığını duyan Sədi ona kömək etmək qərarına gəldi.
- Ata, qoy ağacları mən suvarım!


Ata bir qədər fikirləşib dedi:
- Axı onların dibi bellənməlidir.
- Nə olar, belləyərəm. Mən daha böyümüşəm, ata. İndi hər işdə sənə kömək eləyə bilərəm, - deyə Sədi özünü öyməyə başladı.
- Yaxşı, onda başla. Get-gedə daha havalar da istiləşir. Bundan sonra ağacları tez-tez suvarmaq lazım gələcək, - deyib fəxrlə oğluna baxdı.


Sədi beli götürüb işə başladı. Ağacların dibini belləyib yumşaltdı. Əsgər əmi dözməyib, həyətə çıxdı ki, görsün oğlu nə iş görür. Göz gəzdirdi, nə görsə yaxşıdır?


Sədi bütün ağacların dibini qazıb töküb. Diblərini də su ilə doldurub. Ata başını bulayıb, təəssüflə bir oğluna, bir də onun gördüyü işə baxdı. Sədi atasının gəldiyini görüb əl saxladı. Dinməz-söyləməz dayanıb, onun nə edəcəyini gözlədi. Əsgər əmi beli onun əlindən alıb dedi:
- Gör yazıq ağacları nə günə salmısan...


Sədi atasına baxıb, onun nə deyəcəyini anlamağa çalışdı.
- Baharda ağacların dibini açmazlar. Ağaca su verəndə gövdədən 30-40 santimetr kənarda ağacın dövrəsi boyunca qazır və suyu tökürlər. Ağacın kökləri kənarlara çox işləyir. Torpaq nəm olduqda köklər suyu sorur. Ağacın dibini bu cür qazıb, kökün üstünə su tökmək ağaca ziyandır. Belə də köklər zədələnə bilər. 


Atası danışa-danışa ağacın dibini torpaqlayıb, dövrəsində nov düzəltdi və beli oğluna verib dedi:
- Bax, o birilərini də belə düzəlt.


Bu vaxta kimi bunu bilmədiyindən və ağacların dibini qazıb tökdüyü üçün yarıtmaz işindən pərt olan Sədinin çiyinlərindən dağ götürüldü, tez beli atasından alıb, həvəslə işə başladı.