Nağıllar, hekayələr

Mehriban Nağıyeva. Lovğa tülkü

Biri var idi, biri yox idi. Bir lovğa tülkü var idi. Bir gün o meşə ilə gedirdi. Qabağına bir ayı çıxdı. Ayıya baxıb ucadan gülməyə başladı:
- Kobud, yekə, qarasan,
Səni görüm yanasan!


Ayı çox kədərləndi:
- Mənə niyə belə deyirsən?
- Ha ha ha... Niyə belə deyirəm? Güzgüyə baxsan biləcəksən.
- Nəyi biləcəyəm?
- Eybəcər olduğunu...


Tülkünün sözləri ona sillə kimi dəydi. Üzüntülü halda getdi....


Tülkü bir az getmişdi ki, qabağına bir dovşan çıxdı. Elə o dəqiqə başladı acı sözlər deməyə:
- Ay çəpgöz, yekəqulaq!
- Mənimləsən?
- Burda səndən başqa kimsə var?


Dovşan məətəl qaldı. Hələ ona heç kim belə acı sözlər deməmişdi.


Tülkü isə quyruğun sığallaya sığallaya, mahnı oxuya oxuya getdi:
- Mən  necə də gözələm, mən necə də qəşəngəm.


Tülkü az getdi çox getdi, elə bu dəm bir kirpiyə rast gəldi.


Ucadan gülməyə başladı. Kirpi təəcübləndi:
- Nəyə gülürsən? De mən də gülüm.


Tülkü qəhqəhə çəkdi:
- Ay yazıq, nəyə güləcəyəm? Əlbəttə ki, sənə gülürəm.
- Mənim nəyimə gülürsən?
- Uzun burnuna....ha ha ha....tikanlı paltarına....ha ha ha...

Kirpi bu sözlərdən çox üzüldü. Tez otların arasına girib görünməz oldu.


Tülkü yaxınlıqdakı çaya getdi. Əl-üzünü yuyanda bir balıq başını sudan çıxarıb tülküyə salam verdi:
- Salam tülkü  lələ, necəsən?
- Necə olacağam? Məndə xoş ovqat qoyursunuz ki?
- De görüm, kim xətrinə dəyib?
- Elə biri sən!
- Aaaa mən?


Balıq elə təəccübləndi ki, az qaldı gözləri hədəqəsindən çıxa:
- Axı mən sənə pis bir söz demədim. Sadəcə salam verib hal-əhval tutmaq istədim.
- Sən nə cürətlə mənə salam verirsən? Axı sən çox eybəcərsən.
- Mən? Mən? - balıq çox kədərləndi:
- Xeyir anam deyir ki, mən çox gözələm.
- Ona elə gəlir.....sən çox çirkinsən...
Balıq ağlaya-ağlaya üzüb getdi...


Çayın kənarında sərin külək əsirdi. Tülkü burada iri bir qoz ağacının altında oturub dincəlmək istədi. Elə yerini təzəcə rahatlamışdı ki, külək daha bərk əsdi. Sən demə qoz ağacının nəhəng budağı çürüyübmüş. Küləyin təsirindən budaq qırıldı və tülkünün düz başına düşdü. O qaçmağa fürsət tapmadı. Onun şələ quyruğu lap dibindən qırıldı. Lovğa tülkü çox sarsıldı. Üz-gözü  qanadı. Elə nalə çəkdi ki, meşədəki bütün heyvanlar oraya axışdı.


Ayı cibindən dəsmalını çıxarıb tülkünün üz gözünü sildi. Amma yaralar dərin olduğundan qan dayanmırdı. Dovşan həkim dalınca getdi. Balıq bir qab su gətirdi ki, tülkü içib bəlkə bir az rahatlıq tapa. Kirpi tülkünün qopmuş quyruğunu yerinə yapışdırmaq istəyirdi. Amma nə qədər çalışırdı heç cür alınmırdı ki, alınmırdı...


Tülkü dostlarının canfəşanlığından utandı. Elə bir az qabaq onlara dediyi sözləri xatırladı. Özün ələ alıb dedi:
- Dostlar  bu gün sizə çox lağ edib gülmüşəm. Acı acı sözlər demişəm. Məni əfv edin, bağışlayın. Baxın diqqətlə baxın... Ən gülməli günə elə mən qaldım. Bircə onu bilirəm ki, lovğalıq etməsəydim, bu günə qalmazdım, - deyib qopmuş quyruğunu ağlaya ağlaya sığalladı...