Nağıllar, hekayələr

Zahid Xəlil. Qazlar

Səməd göydə uçan qazları görüb atasından soruşdu:

 

– Ata, bizim qazlar da belə uça bilər?

 

Ata dedi:

 

– Yox, oğul, ev qazları uça bilmir.

 

– Niyə?

 

– Ona görə ki, tənbəlləşiblər. Quşlar bir yerdən başqa yerə yem dalınca və soyuqdan qorunmaq üçün uçurlar. Ev quşlarının belə qayğısı yoxdur. Onları sahibləri yemləyir və hin düzəldirlər ki, soyuq düşəndə yerləri isti olsun. Odur ki bu quşlar bir çox bacarıqlarını itiriblər. İnsan da belədir. O uşaq ki həmişə başqalarının köməyinə arxalanır, hamıdan kömək gözləyir, heç vaxt güclü, ağıllı, çevik ola bilməz.

 

Bir həyətdə iki qaz yaşayırdı. Onlardan biri boz, digəri ağ rəngdə idi. Qazlar həmişə bir yerdə gəzirdilər. Boz qazın qorxusundan dəcəl uşaqlar onlara yaxın düşə bilmirdilər.

 

Bir gün ağ qaz səhər tezdən oyanıb həyətə çıxdı. Yoldaşını səsləmədi, düşündü ki, təkcə gedib qarnını doyurar.

 

Bir azdan boz qaz da oyandı. Yoldaşını tapmayıb qışqırdı:

 

– Qa-qa-qa!

 

Cavab verən olmadı. Boz qaz yoldaşını çox axtardı. Birdən dərədən ağ qazın qışqırtısı eşidildi. Boz qaz səs gələn tərəfə qaçdı. Dəcəl bir oğlan ağ qazı qovurdu. Boz qaz boğazını uzadıb fısıldayaraq ona hücum çəkdi. Oğlan qorxub qaçdı.

 

Boz qaz ağ qaza yaxınlaşıb dedi:

 

– Bəs məni niyə çağırmadın?

 

Ağ qaz utandığından başını aşağı saldı.