Nağıllar, hekayələr

Ə. Cəfərzadə. İki ana

Gülyaz Küdrünün göy düzündən göy yığırdı. Azacıq aralı buludun yaşıllıqlara saldığı kölgə altında qoyduğu südəmər körpəsi yatırdı.

 

Birdən azacıq aralıdan qopan gurultu Gülyazın nəzərini cəlb etdi. O döndü... Bir sürü ceyran gurultuyla dərədən çıxıb düzənlik boyu Gülyaza tərəf qaçırdı. Lakin sürü başçısı Gülyazı görəndə bir anlığa dayandı və istiqaməti dəyişdi. Gülyazın həssas qəlbindən ana fəğanı qopdu. Ceyranlar onun südəmər balasını tapdalayacaq... körpə dırnaqlar altında didiləcəkdi. O qaçmağa başladı. Lakin dəstə qundağa çatınca nədənsə birdən-birə durdu. Gülyaz bir bala ceyranın büdrəyib üzüqoylu yıxıldığını gördü:

 

— Ah... deyə fəryad etdi. Ceyranlar yıxılan balanı və yatan qundağı dövrəyə alıb durdular. Lakin Gülyazın yaxınlaşdığını görüncə ürküb qaçmağa başladılar. Bala ceyran isə qalxa bilmədi. Başını sürünün getdiyi tərəfə çevirdi. Zərif boynunu uzadıb mələdi.

 

Sürüdən bir ceyran geri qaldı. O da ana idi. O da balasına səs verdi.

 

Gülyaz bunu görüncə durdu. İndi hər iki körpə ceyranla Gülyazın arasında qalmışdı. Qadın ceyrana acıdığından bir addım da atmırdı. Bala ceyran mələyib çağırır, ana ceyran isə insanı görüb yaxınlaşmağa qorxur, lakin gedə — ayrıla da bilmirdi. Yazıq-yazıq mələyirdi.

 

Bu aralıq bala ceyran daşa dəyib sıyrılan qıçını güclə sürüyə-sürüyə anasına doğru getdi. Ana ceyran ürəklənib yanaşdı və ürkək baxışlarla ətrafını, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başladı.

 

Gülyaz da körpəsinə yanaşdı. Gözləri ceyranlarda ikən balasını qaldırdı və oyanan körpəsinə süd vermək üçün yaxasını açdı.

 

Onlar hər ikisi ana idi...