Qarabağ

Gəncəsər məbədi

Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, Gəncəsər adı ilə tanınan abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Məbəd XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. Albaniya Katolikosluğunun iqamətgahı olan bu kilsə Albaniyanın tarixində mühüm rol oynamışdır. Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Kompleksin əsas tikilisi kilsə idi və məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir. Kilsə xaçvari- günbəzli kvadrat formalı olub, səliqəli kəsmə daşlardan tikilmişdir.


Xaçvari planlı ibadət salonunun şərq çıxıntısını yarımdairəvi altar absidi təşkil edir. Salonun mərkəzi hissəsini hündür barabanlı günbəz örtür. Barabandakı 4 iri və 4 kiçik pəncərə ibadət salonunun interyerini yaxşı işıqlandırır. Məbədin divarları həm iç, həm də çöl tərəfdən səliqəli kəsilmiş kirəmit plitələrlə örtülmüşdür. Kilsənin xaçvarı planı ənənəvi olaraq onun həcm kompozisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə çarpdırılmışdır. Küncdəki mehrabın üstündə hündür zəng qülləsi qaldırılmışdı. 16 üzlü zəng heykəltəraşlıq təsvirləri – mifoloji simvollarla, oyma naxışlar, qabartmalarla bəzədilmiş və çeşidli daşlarla naxışlanmış, günbəzin çətir formalı damı ilə tamamlanmışdır. Kilsənin ön hissəsi tağ sırası ilə bəzədilmişdir. Kilsənin qərb çatısındakı iri xaçda İsanın çarmıxa çəkilmiş fiquru Turani tipdə, monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Bu heykəl kompozisiyası, tədqiqatçıların fikrinə görə, Elxanilər dövrünə aiddir.


Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri əsasında tikilmişdir. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Qarabağ Elxani hökmdarının yaylaq yeri idi. Hülaku xanları və onların xristian türk xanımları, xüsusilə Hülaku xanının baş xanımı, xristian kerait türkü olan Dokuz xatunun çox sevdikləri bu yaylaq yerində kilsə və monastırlar inşa etdirmişlər. Onlardan ən önəmlisi də Gəncəsər monastırı olmuşdur. Bu monastırın təməlini qoyan Həsən Cəlal Hülaku xanən izni ilə Çingiz Xan imperiyasının paytaxtı Qaraqorum şəhərindəki qurultaya nümayəndə göndərilmişdi. Memarlıq dekorunda heykəllərin tipoloji mənsubiyyəti, türk mifologiyasından gəlmə heyvan və quş fiqurlarının işlədilməsi, eləcə də oyma naxışlarda Şərqi Türküstan motivlərinin olması Gəncəsər kilsəsinin Həsən Cəlalın ölümündən sonra tamamlandığını sübut edir. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalı oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda bu sülalənin bəzi üzvləri, alban din xadimləri də burada dəfn edilmişlər. Bu kilsə tədqiqatçıları fikrincə, yarımdairəvi apsidalı, xaçvarı-günbəzli kilsələrin Qafqaz ərazisində ən kamil örnəyidir.


Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon birləşdirilmişdir. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə kəsişən iki cüt perpendikulyar tağ-nervyurlar təşkil edir. Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə dairəyə keçən bacanın üstündə səkkizsütunlu yüngül rotonda qurulub. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iç hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit quruluşudur.


Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.


Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian memarlığının şah əsəridir. 1511-ci Rusiya imperiyasının Müqəddəs Sinoqoqu Alban Patriarx taxtını ləğv etmişdir. Bununla da həmin ildən Gəncəsər monastırı Alban katolikoslarının iqamətgahı olmuşdur. 1837-ci ildə ermənilərin təhriki ilə Gəncəsər monastırının tarixi missiyasına son qoyulmuşdur. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər onun çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.


1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir.


1993-cü il aprelin 3-dən Ermənistan silahlı qüvvələrinin işğal altında olan abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Divar yazıları korlanmış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinmiş, onlardan bir çoxunun isə formaları dəyişdirilərək tanınmaz hala salınmışdır.

 

2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulmuş, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilmişdir. Monastırın həyətində, ona aid olan qəbiristanlıqda 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılmışdır. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinmiş, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzədilmişdir. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv etmişlər. Hazırda da daxilində və ətrafında təmir-tikinti işləri aparılan kompleks 1994-cü ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilmiş və erməni kilsəsi kimi təbliğ olunur.