Mədəni irsimiz

Azərbaycan Dövlət Pantomima Teatrı

Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Pantomima üçün heç bir məhdudiyyət yoxdur. 


Azərbaycanda pantomima teatrının əsasını qoyan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və xareoqrafiya” kafedrasının dosenti, Respublikanın Əməkdar İncəsənət xadimi Bəxtiyar Xanızadədir. O, 1987-ci ildə Sankt-Peterburq Dövlət Teatr , Musiqi və Kinomatoqrafiya Akademiyasını bitirmişdir. 


Dövlət Pantomima Teatrı 16 may 1994-cü ildə Respublikanın Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə “Dəli yığıncağı” Pantomima teatr-studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. Bu teatr Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevindirmək kimi məsuliyyət bir işi öz üzərinə götürüb. 


Teatr Xadimləri İttifaqının və “Dəli yığıncağı” Pantomima teatrının təşəbbüsü ilə “HİM-CİM” adlı 1-ci və 2-ci Beynəlxalq Pantomima Festivalları keçirilmişdir. 


Pantomima teatrının aktyorları dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın tələbələri olmuşlar. Müxtəlif kurs, festival, televiziya tamaşaları və bədii filmlərdə iştirak etmişlər.


2000-ci il 06 mart tarixində “Dəli yığıncağı” pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir.


Teatrın baş rejissoru – Bəxtiyar Xanı-zadədir.