Görkəmli şəxsiyyətlər

İsmayıl Şıxlı

Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir. 


İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. 


Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. "Azərbaycan" jurnalında baş redaktor (1976- 1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 


İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. 


İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.

 

İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.


“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı . . 
Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”.

 

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 


Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır. 


İsmayıl Şıxlı 1995-ci il iyulun 26- da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. 


Əsərləri: “Yetər Aslanova” (1949), “Kerç sularında” (1950), “Dağlar səslənir” (1951), “Daşkəsən” (1953), “Ayrılan yollar” (1957), “Dəli Kür” (1983), “Məni itirməyin” (1984), “Cəbhə yolları” (1985), “Seçilmiş əsərləri” (1986), “Daim axtarışda” (1988), “Namərd gülləsi” (1991), “Ölüləri qəbiristanda basdırın” (1992), “Ölən dünyam” (1995). Tərcümələri (türkcə və ruscadan): “XIX əsr xarici ədəbiyyat tarixi” (1964), Mopassan Gi De. “Hekayələr və novellalar” (1980), (şərikli), Əziz Nesin. “Futbol kralı” (1988) (şərikli). 


Filmoqrafiya: “Dəli Kür” (film, 1969), “Xalq şairi Səməd Vurğun” (film, 1969), “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” (film, 1976), “İşarəni dənizdən gözləyin” (film, 1986), “Ayrılan yollar” (film, 1997), “Əzizə Cəfərzadə” (film, 1999), “Kürə qovuşan ömür” (film, 2003), “Bizim qəribə taleyimiz” (film, 2005) və s.