Xəbərlər

8 avqust- Beynəlxalq Alpinizm Günüdür

Avqustun 8-də dünyada Beynəlxalq Alpinizm Günü və ya Alpinist Günü qeyd edilir.

 

Bu bayramın yaranması iki nəfər isveçrəlinin – həkim Mişel Qabriel Pakkardın və dağ bələdçisi Jak Balmın adı ilə bağlıdır. Onlar 1786-cı il avqustun 8-də dünyada ilk dəfə olaraq, Alp dağlarının ən uca nöqtəsinə - dəniz səviyyəsindən 4.810 metr yüksəklikdə yerləşən Monblan zirvəsinə qalxıblar.

 

O vaxtdan bütün alpinistlər məhz avqustun 8-də - Alp dağlarının ən yüksək zirvəsinin fəth edildiyi gündə öz bayramlarını qeyd edirlər. Həmin gün təkcə dağ zirvələrini fəth edənlər üçün deyil, sənaye miqyasında alpinizmlə məşğul olan insanlar üçün də bayram hesab edilir.

 

Dünyada uca binaların sayı ilbəil artır. Belə tikililərdə inşaat pilləkənlərinin tətbiq edilməsi mümkün olmadığına görə, pəncərələri və fasadları yumaq, rəngləmək və təmir etmək, onları qardan və buzdan təmizləmək, kondisioner quraşdırmaq və başqa əməliyyatlar aparmaq üçün bu cür mütəxəssislərin köməyinə həmişə ehtiyac var. Yüksəklikləri fəth edənlər bu bayram günündə görüşlər keçirir, təcrübə mübadiləsi aparır, yeni rekordlar müəyyən edir, təsirli tamaşalar göstərirlər. Dünyanın bəzi şəhərlərində idman klubları həmin gün yarışlar, konsertlər və digər bayram tədbirləri təşkil edir.