Görkəmli şəxsiyyətlər

Mixail Qlinka

Böyük rus bəstəkarı Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olub. «Ruslan və Lyudmila» və «İvan Susanin» kimi iki möhtəşəm operanın müəllifi olan böyük rus bəstəkarı, professional rus operasının banisi Mixail Qlinka həm də gözəl simfonik əsərlərin, o cümlədən başqa xalqların mahnı və rəqsləri əsasında yazılmış «Araqon xotası» və «Madriddə gecə» simfonik musiqi nümunələrinin müəllifidir. 1817 – ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olub. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs alıb.


1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlib. Bəstəkarın həyatında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olub.


1828 – 1834 – cü illərdə İtaliya və Almaniyada yaşadığı müddətdə  bəstəkar bir sıra bəstəkar və müğənnilərlə tanış olub, müasir musiqini öyrənib, vokal yaradıcılığı sahəsində təkmilləşib. 

 

1834 – cü ildə Rusiyaya qayıtdıqdan sonra Jukovski tərəfindən təklif olunmuş İvan Susanin mövzusu Qlinkanın diqqətini cəlb edib. Operanın ilk tamaşası 1836 – cı ildə nümayiş olunub.


1837 – ci ildə Qlinka saray nəzdində olan kapellada işləyib. Bu dövrdə bəstəkar yeni – "Ruslan və Lyudmila" operasını yazmaq qərarına gəlib. Arzu edirdi ki, operanın librettosunu A.S. Puşkin yazsın, lakin librettonu bəstəkar özü yazmalı olub. Bu opera üzərində Qlinka 5 ilə yaxın çalışıb. Operanın ilk tamaşası 1842-ci ildə çox böyük müvəffəqiyyət qazanıb. Qlinka eyni zamanda "Vals fantaziya", N.V. Kukolnikin (1808–1868) "Knyaz Xolmski" faciəsinə musiqi, 12 romansdan ibarət "Peterburqla vida" məcmuəsini və s. əsərlər yazıb.


1848–1857–ci illərdə Qlinka Peterburq, Varşava, Paris və Berlində olub. O, 1848 – ci ildə "Kamarinskaya" simfonik poemasını yazıb, "Taras Bulba" simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayıb. 1856–cı ildə Qlinka Berlinə gedib, 1857 – ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnib və 1857 – ci il fevralın 3 – də vəfat edib.