Odlar Yurdu

Azərbaycan adı nə vaxt və necə yaranıb

Azərbaycan! Bu söz ilk dəfə kimin dilindən çıxıb, onu ilk dəfə kim işlədib? Doğulub boya-başa  çatdığımız torpağın, doğma yurdumuzun, qürur mənbəyimizin adı haradan yaranıb? Bu haqda bir sıra mülahizələr var və onların tarixi çox qədimlərə gedib çıxır.
 
Azərbaycan coğrafi ad olaraq, iki min ildən də əvvəl meydana gəlib. Bəzi alimlər bu adın daha öncə mövcud olduğunu və Aşur qaynaqlarında “Andarpatianu” kimi işlənmiş “qala” yaxud “ərazi” sözündən alınmasını qeyd edirlər. Bəzi qaynaqlar, o cümlədən Rəşidəddin Fəzlullah Həmədani “Came ət-təvarix” əsərində “Azərbaycan” sözünün yaranmasını mifik şəxsiyyət olan Oğuz Xanla bağlayır. F. Həmədani yazir: Oğuz xan öz atlarını Ucanın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o, əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü. Bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “Azər” türkcə uca deməkdir, “Bayqan” varlıların, böyüklərin yeri mənasını verir. 
 
İslam dövrü tarixçiləri isə Azərbaycan adının yaranmasını bu diyarda atəşgahların çoxluğu ilə bağlayırlar. Onların fikrincə əcəmlərin dilində azər od mənasını verdiyinə görə bu ərazi Azərbaycan adlanıb. Həqiqətən də Sasani dövrünün ən önəmli məbədlərindən biri “Azərqoşunasp” (qoşun başçılarına aid od məbəd) burada yerləşirmiş. Başqa İslam qaynaqlarında Azərbaycan adının yaranması Nuh peyğəmbərin nəslindən olan “Azərbad”ın adı ilə bağlanılır.
 
Bəzi müasir dilçi və tarixçilərimiz Azərbaycan adının qədim türk tayfalarının biri olan “Az” yaxud “Azar”ların adından yarandığını söyləyirlər. 
 
Tarixdə Azərbaycan toponiminin yaranması haqqında ilk mülahizə eramızdan əvvəl 64-24-cü illərdə yaşamış Yunan coğrafiyaşünası Strabon tərəfindən irəli sürülmüşdü. O, “Coğrafiya” adlı əsərində bu haqda belə yazırdı: Midiya iki hissəyə bölünür, bir hissəsi böyük Midiya adlanır, paytaxtı isə Mediya İmperiyasının iqamətgahı yerləşən böyük şəhər Ekbatanadır. O biri hissəsi isə öz adını makedoniyalılar dövründə ölkəsinin müstəqilliyini qoruya bilən sərkərdə Aturpatdan götürən Atropaten Midiyasıdır...
 
Bu tarixi sənəd qərb aləmində Azərbaycan adının yaranması haqda əsas nəzəriyyə sayılır. Sonralar, Arşaklar dövründə bu ad formalaşaraq Aturpatkan şəkilını almış, daha sonra ayrı–ayrı fonetik dəyişmələrə məruz qalaraq Aturpatakan, Azərbayqanen, Azərbayqan, Azərbadqan, Azərabadqan, Azərbazqan, Azərbican (Ərəb dilində) və nəhayət, ərəb dilinin təsirindən Azərbaycan sözü kimi formalaşmışdır.
 
Əsas türk dili qaynağı hesab olunan Kaşğarlı Mahmudun “Divane Luğate Türk” kitabindakı yer kürəsi xəritəsində bu ad Azərbadqan kimi qeyd olunur. 
 
Azərbaycan sözünün ilkin forması hesab edilən Aturpatkan sözünü qərb alimləri qədim Pars dilinə istinadla mənalandırıblar. Onların fikrincə, Aturpatkan iki sözdən və bir şəkilçidən ibarətdir (artur - od, pat - keşikçı, kan - məkan bildirən şəkilçi)  və od keşikçisi mənasını verir.
 
Mənbəyi nə olur olsun, o, bizim vətənimiz olan Azərbaycanın adıdır. Biz bu adla fəxr edib, qürur hissi keçirməli və onu yaşatmaq üçün əlimizdən gələni etməliyik!