Xanabert qalası
Xanabert qalası Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastrının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsidir. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır.
XIII əsrdə Alban əsilli dövlət xadimi Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibəti ilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü “Xoxanabert qalasının hakimi” adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini “Xoxanabert hakimi” adlandırırdılar.
Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, “... monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər.”
Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Vaxtilə monqol ordusunu çəkindirmiş möhtəşəm istehkamlardan dövrümüzə yarıdağılmış vəziyyətdə müdafiə divarları və müxtəlif növlü binaların xarabalıqları qalmışdır. Qala daxilində kvadrat formalı tikiliyə və 6 metr dərinlik və 3 metr enə malik üç su quyusu vardır.
Qala divarları dağın zirvəsində kifayət qədər geniş bir ərazini əhatə edir. Qalanın xarabalıqları arasında pilləkən hissəsi yaxşı saxlanmış yarımdağılı vəziyyətdə olan tikili xüsusilə seçilir. Qala divarlarından təxminən 30 metr aralıda böyük qayanın üstündə düzbucaqlı plana malik hündür tikilinin qalıqları dövrümüzə çatmışdır. Ehtimal ki, o, müşahidə qülləsinin qalıqlarıdır.
03.12.2020