Kəlbəcərin Alagölləri
Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib.
Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür.
Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi isə 9,4 metrdir. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur. Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır.
Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür.
Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır.
Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədədən yüksək olmur. Sahilinə yaxın yerlərdən çıxan bulaq sularının temperaturu 4°-6 °C arasında dəyişir. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün güzgü səthi buzla örtülü olur. Suyu hidrokarbonatlı-kalsiumludur. Tərkibində mineral maddələrin ümumi miqdarı 60 mq\l-dən artıq deyildir.
Gölün ətrafı qiymətli alp çəmənlikləri ilə əhatə olunub. Gölün çox hissəsi susevən bitkilərlə örtülüdür.
Kiçik Alagöldən yalnız yaylaqlarda mal-qaranın sulanmasında istifadə edilir.
Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göllər işğal altında idi. Nəhayət, 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi və Alagöllər yenidən Azərbaycanın ərazisindədir.
22.12.2020