Mədəni irsimiz

Səhnəmizin Bülbülü

Azərbaycan musiqi tarixində təkrarolunmaz iz qoyan Murtuza Məmmədov 1897-ci il iyunun 22-də  Şuşada doğulub. Qeyri-adi dərəcədə məlahətli səsinə görə ona Bülbül adı verilmişdi.
 
1916-cı ildən səhnə fəaliyyətinə başlayan xanəndə 1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. Milan Konservatoriyasında Anselmi, Delliponti və Qraninin sinfinini bitirib. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 
 
1938-ci ildə SSRİ xalq artisti adına, 1950-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülən Murtuza Məmmədov İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, eləcə də İtaliyanın Haribaldi ordeni ilə də təltif edilib.
 
Bir çox təkrarolunmaz səhnə çıxışları ilə yadda qalan sənətkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında - Koroğlu, “Arşın mal alan” operettasında - Əsgər, Qlierin “Şahsənəm” operasında - Qərib, Cakomo Puççininin, “Toska” operasında – Mario və digər bu kimi obrazlar yaradıb.
 
Bülbül Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan”, Asəf Zeynallının “Ölkəm” romanslarını, “Süsən sünbül”, “Yaxan düymələ”, “Qara gözlər”, “Çal-oyna”, “Xumar oldum” xalq mahnılarını, Segah təsniflərini özünəməxsus şövqlə ifa edib. Azərbaycan musiqisinin qızıl Fonduna daxil olan bu ifalar bu gün də sevilə-sevilə dinlənilir.
 
Görkəmli xanəndə 1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn edilib. Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.
 
Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulmuşdu. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılmış, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilmişdi.
 
1976-cı ildə Bülbülün Bakıda Memorial ev-muzeyi, vətəni Şuşada İsə filialı açılmışdı. Hazırda Şuşa erməni işğalı altında olduğundan buradakı muzeyin taleyi məlum deyil.