Şuşa ətrafında tarixi yerlər
Əsrlərboyu mürəkkəb hadisələrin şahidi olan, öz gözəlliyi və təbii şəraiti ilə şöhrət qazanan Şuşa şəhərinin hər qarışı onun keçmişini, keçdiyi tarixi yolu əks etdirən silinməz izlərlə zəngindir. Dəfələrlə işğalçıların hücumuna məruz qalan Qarabağ xanlığının paytaxtında və onun ətrafında çoxlu tarixi məkanlar, yer-yurd adları var.
Qarabağın tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev həmin yerlər barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: “Şuşadan Xankəndinə gedən daş yolda, Xəlfəli ilə Daşaltı çaylarının qovuşduğu yerdə XIX əsrin tarixi abidəsi olan qədim körpü Gövhər ağa Cavanşirin vəsaiti hesabına genişləndirildiyinə görə el arasında “Ağa körpüsü” adlanır. 1762-ci ildə Qarabağa basqın edən Urmiya hakimi Fətəli xan Əfşar məğlub olandan sonra Qarabağ hökmdarı Pənahəli xan Cavanşirlə həmin yerdə (körpü sonralar tikilib) görüşmüş və barışıq imzalamışdı. 1989-cu ildə isə “Ağa körpüsü” ermənilər tərəfindən dağıdılsa da, tezliklə bərpa olunub.
Şuşa yaxınlığında, Qarqar çayının hər iki sahilindəki böyük bağ Qarabağ hökmdarı İbrahimxəlil xan Cavanşirin dövründə salındığına görə onun şərəfinə “Xan bağı” adlandırılıb. Sonralar burada əlavə binalar da inşa edilib, bağ sahələri genişləndirilib, at və mal-qara saxlamaq üçün tövlələr, dəyirmanlar, buzxana tikilib, arxlar salınıb. Xan bağında, həmçinin böyük bir zorxana fəaliyyət göstərirdi. İbrahimxəlil xan boş vaxtlarının çoxunu burda keçirir, müxtəlif əyləncələrlə məşğul olurdu. Kürəkçay müqaviləsindən sonra (1805) mayor İvan Lisanoviçin başçılığı ilə 500 nəfərlik yeger polku öz topxanası ilə Xan bağında yerləşdirilmişdi. 1826-cı ildə İran hökmdarı Abbas Mirzə Qacarın qoşunlarının Qarabağa hücumu zamanı buradakı binalar dağıdılıb. Sonralar İbrahimxəlil xanın oğlu Mehdiqulu xan Cavanşir bu binaları təmir etdirərək əvvəlki vəziyyətinə qaytarıb.
Şuşadan İrana meşələrin arası ilə gedən kəsə karvan yolu Araz çayı yaxınlığındakı eyniadlı körpünün adı ilə “Molla Nəsrəddin yolu” adlandırılır. Uzunluğu 60 kilometrə yaxındır. XVIII əsrin ikinci yarısından başlayaraq Qarabağ tacirləri mallarını İrana və digər yaxın Şərq ölkələrinə aparmaq üçün həmin yoldan istifadə edirdilər.
Ağa körpüsündən təxminən iki kilometr aralıda Şuşanın məşhur dağ dolamalarının başlandığı yer el arasında “Kəhər atın yoxuşu” adlandırılırdı. Həmin yolu fayton iki saata qət edirdi.
Şuşanın şimal-şərq tərəfində qədim torpaq yol - Kəhrad yolu XVIII əsrin ikinci yarısında çəkilmişdir. Qarabağın paytaxtını Gəncə ilə birləşdirən həmin karvan yolu boyunca körpülər salınmışdı. “Ağa körpüsü”, Xocalı, Tərtər və Xaçın çayları üzərində tikilmiş körpülər məsafəni qısaltmaq məqsədinə xidmət edirdi.
Şuşa yaxınlığında “Fətəli xan səngəri” adlandırılan tarixi yer var. Urmiya hakimi Fətəli xan Əfşar 1762-ci ildə Şuşaya hücumu ərəfəsində Ballıca və Xocalı çayları arasındakı geniş düzənlikdə səngər qazdırmış, ordu hissələrini həmin ərazidə yerləşdirərək altı ay döyüşlərə hazırlaşdırmışdı. Səngəriin divarlarının xarabalıqları və nişanələri yaxınlaradək qalırdı.
Cıdır düzünün qarşı tərəfindəki sıldırım qaya içərisində ev “İbrahimxəlil xanın kahası” adlanır. O, bu evi düşmən hücumundan müdafiə olunmaq, həm də müəyyən qiymətli əşyaları gizlətmək üçün tikdirmişdi. Hazırda həmin ev durur.
Topxana Şuşada tarixi yer sayılır. İran hökmdarı Ağa Məhəmməd şah Qacar 1795-ci ilin iyununda Şuşaya hücum edərkən qoşun və topxanasını həmin ərazidə yerləşdirmiş və buradan şəhəri atəşə tutmuşdu. O vaxtdan da həmin yerə xalq arasında “Topxana” deyilir. 1988-ci ildə Qarabağ münaqişəsi başlananda ermənilər burada səngər qurub silah-sursat yerləşdirmiş və Şuşanı müxtəlif silahlardan atəşə tutmuşdular.
Qızxanım dərəsi Şuşadan 18 kilometr aralıda yerləşən səfalı və mənzərəli bir yerdir. Deyilənə görə, Molla Pənah Vaqifin arvadı Qızxanım bu yeri çox sevirmiş, rəfiqələri ilə tez-tez atlanıb ora gəzməyə çıxarmış. Ona görə də həmin dərə onun adı ilə adlanır. Turşsu mədən suyu həmin dərədə çıxır.
Şahnişin - “şah oturan yer” deməkdir. Şuşanı Topxanadan ayıran Daşaltı çayının sağ sahilində hündür, sıldırım yarğanın üst tərəfində Pənahəli xanın cəbbəxanası ilə üzbəüzdür.
1795-ci ilin yayında İran qoşunları qalanı mühasirədə saxladığı vaxt Ağa Məhəmməd şah Qacar həmin yerdə böyük, pərdəli bir çadır qurduraraq orda oturub ətrafda baş verən hadisələri izləyir, yığıncaqlar keçirir, hərbi əməliyyatlar hazırlayır, göstəriş və əmrlər verir, gələnləri qəbul edirdi. Ağa Məhəmməd şah Qacar qalanın mühasirəsinin otuz üçüncü günü yığıncaq keçirmiş və yığıncağın qərarı ilə Qarabağı tərk etmişdi. Həmin vaxtdan onun düşərgə saldığı yer “Şahnişin” adlandırılmışdır.
Şuşanın cənub-qərb hissəsində yerləşən “Xəzinə qayası”nın hündürlüyü 200, eni 100 sajenə (1 sajen 2,134 metr uzunluq ölçüsüdür) bərabərdir. Adın yaranması haqqında belə bir rəvayət var: Ağa Məhəmməd şah Qacar qətlə yetiriləndən dərhal sonra hakimiyyəti ələ alan İbrahimxəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir onun Qarabağdan və hərbi səfərlərdə olduğu başqa yerlərdən topladığı çoxlu sərvəti, qızıl-gümüşü, zinət əşyalarını, külli miqdarda pulu və digər qiymətli əşyaları mis qablara doldurub başqalarının əlinə keçməməsi üçün gizlətməyi qərara alır. Həmin qabları gecə vaxtı iki erməni nökərin belinə yükləyib Qırxpilləkəndən Daşaltıya enərək Kirs dağının ətəyində, sıldırım qayaların altında daşlı-kəsəkli bir yerdə basdırır. Geri qayıdanda sirrin açılmaması üçün həmin erməniləri qayadan atır. Elə o vaxtdan da onun sərvətini gizlətdiyi yer el arasında “Xəzinə dərəsi”, yaxud da əksər vaxtlarda “Xəzinə qayası” adlanır. Sonralar xəzinəni tapmaq üçün bəzi adamlar orada dəfələrlə axtarış aparsalar da, heç nəyə nail ola bilməyiblər”.
24.05.2021