Təbiət

Takin: Qızıl yunlu Himalay keçisi

Bu bənzərsiz və nadir heyvan haqqında az adam bilir; heyvanxanalarda nadir hallarda görə bilərsiniz. Takin (Budorcas taxicolor), Himalay dağı, Şimal-Şərq Hindistan, Tibet, Nepal və Çin dağlarında, 2000-4500 m. yüksəklikdə yayılmışdır. Bu heyvanlar yaşadığı sahələrə çox bağlanırlar və meşələrin kütləvi kəsimi zamanı da oranı tərk etmək istəmirlər. 10-35 fərddən ibarət kiçik qruplarla dolaşırlar, lakin qışda dağların yamaclarından aşağıya enirlər, bəzən 100 başlıq sürülərə belə yığılırlar. İlk baxışdan takinlər bacarıqsız görünür, amma əslində sürətli və çevikdirlər; təhlükə halında olduqca sürətlə qaça bilərlər, ancaq yaxın bir təhlükə halında gizlənməyə, yerə uzanmağa və boyunlarını uzatmağa çalışırlar. Qəribədir ki, eyni zamanda o qədər görünməz olurlar ki,  hətta üstünə də basa bilərsiniz. 


Elm adamları takinlər haqqında yeni öyrənirlər. Bu növlər 1850-ci ildə kəşf edildi. O vaxtdan bəri illər keçsə də, hələ də takinlərin həyatı haqqında məlumatlar çox məhduddur. Bu heyvanlar gizli  həyat tərzi sürürlər, son dərəcə ehtiyatlıdırlar.


1985-ci ildə məşhur zooloq Corc Şallerin rəhbərlik etdiyi qrup, takinlərin həyatının bəzi maraqlı xüsusiyyətlərini müəyyənləşdirə bildi. Belə ki, dişi takinlərin buzovlarını anaları deyil xüsusi “dayə”lər  himayə edib qoruyur.

 

Ümumilikdə dünyada təxminən 25000 fərd yaşayır və qorunmasına baxmayaraq sayı azalmağa davam edir. Növ nəsli kəsilmək təhlükəsi altında olduğu üçün  Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Siyahısına daxil edilmişdir. 

 

Asiyanın yerli əhalisi uzun müddət takinləri ətinə görə ovlayıb. Əti qida, dərisi geyim və ya ev üçün istifadə olunurdu. Ancaq heç vaxt intensiv bir ov olmayıb, çünki bir çox digər böyük heyvanlar kimi heç bir dərman xassəsi takinlərə aid edilməyib.

 

Heyvanın elmi təsviri XIX-cu əsrin ortalarında edildi, ilk canlı takin Burmadan London Zooparkına hələ 1909-cu ildə gətirildi, lakin bu gün də heyvanxanalarda bu heyvana nadir hallarda rast gəlinir. Çinin xaricində, takinlər ən çox 30 zooparkda saxlanılır.

 

Takin çox özünəməxsus bir heyvandır. Sistematik vəziyyətdə keçi və qoçlara yaxındır, lakin daha çox ağzı böyük, güclü, qısa ayaqları və böyük ölçülü ağır başı, yoğun boynu olan kiçik bir öküzə bənzəyir. Takinin bədən uzunluğu 170-220 sm, hündürlüyü 100-130 sm, çəkisi isə 350 kq-a qədərdir. Erkək fərdlər dişilərdən daha böyükdür. Hər iki cinsin heyvanlarının buynuzu var, erkəklərdə uzunluğu 50 sm-ə çata bilər. Quyruğu qısadır - 15-20 sm. Takinlərin xəzi açıq rəngdədir, bu xüsusiyyətinə görə bəzən onları "qızıl yunlu" adlandırırlar. Yunu nazikdir və yağlıdır, bu özəllik heyvanları bu yerlərdə qalıcı olan çox yüksək rütubətdən və dumandan qoruyur. 

 

Ömürləri - 12-15 ilə qədərdir.