Nağıllar, hekayələr

Əlvida, "bilmirəm"

Bizə dərs deyən müəllimlər arasında ən çox istədiyimiz Günay müəllimdir. Hətta mənim rəfiqələrimdən bir neçəsi ona oxşamağa çalışır və bu səbəbdən gələcəkdə müəllim olmaq arzusundadır. Günay müəllim hər bir fikri bizə elə tərzdə çatdırır ki, biz dərhal onu anlayır, dediklərinə əməl etməyə can atırıq.

 

Budur, ilk dərs günüdür. Bir azdan Azərbaycan dili dərsi başlayacaq. Biz səbirsizliklə Günay müəllimi gözləyirik. Nəhayət, o, sinfə daxil olur və bizimlə salamlaşır. Həmişəki kimi gülərüzdür. Qəribədir, hamımızda xoş ovqat yaradan səmimi təbəssüm heç vaxt onun simasından əskik olmur. Hərdən adama elə gəlir ki, Günay müəllim tamamilə qayğısız bir həyat sürür. Ancaq, məncə, belə ola bilməz. Sadəcə olaraq, dərsə gələndə o, qayğılarını qapının ağzında qoyub sinfə daxil olur.

 

Günay müəllim tətil təəssüratlarımızı soruşdu. Bəzi uşaqlara kompliment dedi. Oğlanlara dedi ki, onlar bu yay ərzində əməlli-başlı böyüyüblər. Qızların isə gözəlliyindən söz açdı. Mənə dedi ki, əsl Hollivud aktrisaları kimi qaralmısan.

 

Nəhayət, dərsin mövzusuna keçdi:

 

– Uşaqlar, bugünkü dərsimizin mövzusu...

 

Sözünə ara verib bir qədər düşündü. Sonra dedi:

 

– Yox, dərsimizin adını sonda birlikdə müəyyənləşdirərik. İndi isə mən sizə vərəqlər paylayacağam. Siz bu vərəqlərdə öz zəif cəhətlərinizi qeyd etməlisiniz. Hər cümləniz “bacarmıram” və ya “bilmirəm” sözü ilə bitməlidir.

 

Mən bir xeyli qarşımdakı ağ vərəqə baxıb fikrə daldım. Heç vaxt öz zəif cəhətlərim haqqında düşünməmişdim. Nəhayət, birinci cümləmi yazdım:

 

“Mən riyazi məsələnin tənliyini qura bilmirəm”.

 

Sonra bir az da düşündüm və bir-birinin ardınca yazmağa başladım:

 

“Sinif qarşısında çıxış edərkən sərbəst ola bilmirəm”.

 

“Küsdüyüm rəfiqəmlə barışmaq istədikdə ilk addımı ata bilmirəm”.

 

“Aytən kimi rəqs etmək istəyərdim, ancaq bacarmıram”...

 

Artıq səhifənin yarısından çoxunu yazmışdım. Öz-özümə düşündüm:

 

“Mənim nə çox zəif cəhətim varmış”. Başımı qaldıranda gördüm ki, başqa uşaqlar da çox ciddi şəkildə vərəqlərində qeydlər aparırlar. Hətta Günay müəllim də qarşısındakı vərəqdə nə isə yazırdı. Nəhayət, o dilləndi:

 

– Kifayətdir. Yazdığınızı imzalamağa ehtiyac yoxdur. Vərəqlərinizi iki qatlayın. Kim istəyirsə, yaxın dostu ilə vərəqini dəyişib onun yazdıqlarını oxuya bilər. Sonra hamı vərəqlərini bu qutuya qoysun.

 

Bunu deyib Günay müəllim masanın üstünə bir qutu qoydu.

 

Mən sinfə göz gəzdirdim. Öz zəif cəhətlərimi kimə etiraf edə bilərdim ki?! Birdən qarşımda Günay müəllimi gördüm. O, üzünü mənə tutub yavaşca dedi:

 

– Nigar, yazını mənimlə dəyişmək istəyirsən?

 

Əvvəlcə özümü itirdim. Sonra sevinc və qürur hissi duydum. Axı Günay müəllim öz zəif cəhətləri haqqında düşüncələrini mənimlə bölüşürdü. Vərəqlərimizi dəyişdik. Günay müəllimin yazdıqlarını oxuduqca sanki onu daha yaxından tanımağa başlayırdım:

 

“Başladığım elmi işi tamamlaya bilmirəm”.

 

“Bəzən həftələrlə anama baş çəkməyə vaxt tapa bilmirəm”.

 

“Oğlumu ərköyün böyüdürəm. Onunla kifayət qədər ciddi rəftar edə bilmirəm”.

 

“Sinfimdə ən qapalı uşaqlardan biri Oqtaydır. Onun qəlbinə yol tapa bilmirəm”...

 

Sonuncu olaraq vərəqi qutuya qoyan mən oldum. Gözüm müəllimə sataşdı. Biz başqalarından gizli sirri olan rəfiqələr kimi bir-birimizə baxıb gülümsədik.

 

Günay müəllim qutunun ağzını örtüb ayağa qalxdı və dedi ki, hamı onun arxasınca gəlsin. Biz hamımız maraq içində sinfi tərk edib məktəbin çıxış qapısına tərəf getdik.

 

Yolüstü müəllim oğlanlardan birini təsərrüfat otağına bel dalınca göndərdi.

 

Biz məktəbdən çıxıb idman meydançasının yanındakı ağaclığa sarı yollandıq. Müəllim iri gövdəli bir ağacın yanında dayanıb iki oğlana tapşırdı ki, çala qazsınlar. Çala hazır olduqdan sonra o, qutunu çalaya qoydu və bizə tapşırdı ki, çalanı torpaqla dolduraq. Bir azdan “bilmirəm”lərlə dolu qutu torpağın altında görünməz oldu.

 


Ətrafa dərin sükut çökdü. Hamı yarım saat əvvəl yazdığı zəif cəhətləri haqqında düşünür, sanki ürəyində öz qüsurları ilə vidalaşırdı. Nəhayət, Günay müəllim ətrafa çökmüş sükutu pozdu:

 

– Dostlar, “bilmirəm”lər hamımızın dilində var. Evdə də, məktəbdə də biz bu sözü dəfələrlə səsləndiririk. Bu gün isə “bilmirəm”lərimizlə vidalaşırıq. Mən inanıram ki, siz tezliklə bu sözü unudacaq, onun yerini “bilirəm”lərə, “bacararam”lara verəcəksiniz.

 

Sinfə qayıtdıqdan sonra müəllim təklif etdi ki, bugünkü dərsin adını müəyyən edək. Müxtəlif təkliflər oldu:

 

– Bacarıqsızlığa əlvida!

 

– Əlvida, “bilmirəm”!

 

– Yaşasın “bilirəm”!..

 

Lakin adından asılı olmayaraq, bu dərs həyatım boyu yadımdan çıxmayacaq. Başqa uşaqları deyə bilmərəm, ancaq mən bundan sonra “bacarmıram” sözünü dilimə gətirməyəcəyəm. Bu sözü işlətməmək üçün əlimdən gələni edəcəyəm.