Kamil Əliyev
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.
Portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmişdi.
O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb.
Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” Birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça"da Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olub.
Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.
22.10.2024