Odlar Yurdu

Şirvanşahlar dövləti

Bakıda yerləşən Şirvanşahlar sarayı ən dəyərli və ən nadir tarixi abidələrimizdən biridir. İçərişəhəri bəzəyən bu qədim saray kompleksi yerli və əcnəbi ziyarətçilərin böyük marağına səbəb olur. Şirvanşahlar sarayı böyük bir kompleksdir. Bu kompleksə-möhtəşəm saray, divanxana, anbar, hamam, 2 məscid, 2 türbə, ovdan və digər memarlıq abidələri daxildir. 


Şah sarayının divanxanası dövlət əhəmiyyətli yığıncaqların toplandığı, fərmanların, hökmlərin verildiyi yerdir. Hökmdar saray əyanlarını, vəzir və vəkilləri ətrafına toplayır, mühüm məsələlər haqqında onların fikrini dinləyərdi. Əhalidən toplanan vergilər xəzinəyə və anbara toplanardı. Bu abidə kompleksi tariximizin və mədəniyyətimizin çox qiymətli yadigarıdır. Saray kompleksi həm də gözəl bir memarlıq nümunəsidir. Təsadüfi deyil ki, saray kompleksi yanındakı Qız qalası ilə birlikdə YUNESKO tərəfindən ümumdunya irsi siyahısına daxil edilmişdir. 


Adından göründüyü kimi, Şirvanşahlar saray kompleksini Şirvan şahları tikdirmişlər. Demək, burada vaxtilə Şirvanşahlar adlı dövlətimiz olmuşdur. Tarixi mənbələrdən məlum olur ki, xilafət zəiflədikdən sonra Azərbaycanın dövlətçilik ənənələri yenidən dirçəldi. Ölkəmizin ərazisində yeni Azərbaycan dövlətləri yarandı. Bu dövlətlər içərisində Şirvanşahlar dövlətinin xüsusi yeri var. Həmin dövrdə yaranan dövlətlər içərisində Şirvanşahlar dövləti ən uzunömürlüsü oldu. Çox keçmədən Qəbələ, Bərdə, Şabran və qədim Azərbaycan şəhəri olan “Dəmir qapı”- Dərbənd də Şirvanşahlar dövlətinə birləşdirildi. Dərbənd səddi və şəhərin qala divarları Şirvan şahları tərəfindən təmir edilib möhkəmləndirildi. Kürdən Şimalda yerləşən Azərbaycan torpaqlarında Şirvanşahlar dövlətinin yaranması mühüm hadisə idi. Ölkəmizin bu ərazisində vahid dövlətin yaranması yadellilərə qarşı mübarizəni asanlaşdırır, mədəniyyətimizin inkişafına müsbət təsir göstərirdi. 


Şirvanşahlar dövlətinin paytaxtı əvəllər Şamaxı şəhəri olmuşdu. Şamaxı qala-şəhər idi. Şirvanşahlar dövləti qüvvətləndikcə onun paytaxtı da böyüyür və gözəlləşirdi. Şəhərin böyüməsinə onun karvan yolları üstündə yerləşməsi kömək edirdi. Dərbənddən Gəncəyə, Bərdəyə, Şəkiyə, Naxçıvana, Təbrizə, Ərdəbilə və digər şəhərlərimizə gedən karvan yolları Şamaxıdan keçirdi. Xarici ölkələrdən Şamaxıya çoxlu tacirlər gəlirdi. 


Şamaxı Azərbaycanın ipəkçilik mərkəzlərindən biri idi. Hələ qədim zamanlardan baramaqurdu bəsləyən Şirvan əhalisi xam ipək və növbənöv zərif ipək parçalar toxumaqda peşəkar idilər. Buna görə də Şirvan ipəyinin şöhrəti uzaq ölkələrə yayılmışdı. Şirvan xalçaları da dünya bazarlarında məşhur idi. Bu xalçalar indi dünyanın məşhur muzeylərində saxlanılır. 


XII-ci yüzillikdə Şirvanşahlar sarayında şairlər məclisi fəaliyyət göstərirdi. Bu məclisə dövrün məşhur şairləri toplaşır, bir-birinin əsərlərini dinləyir, fikirlərini bölüşürdülər. Azərbaycan mədəniyyətinin oyanış (intibah) dövründə yaşayıb-yaratmış böyük Azərbaycan şairi əfzələddin Xaqani Şirvani bu məclisin ən nüfuzlu üzvlərindən biri idi. 


Şamaxı şəhəri bir neçə dəfə zəlzələdən dağılmış və yenidən bərpa edilmişdi. 1192-ci ildə baş vermiş dəhşətli zəlzələdən sonra paytaxt Bakı şəhərinə köçürüldü. Bakı dəniz ticarətində roluna görə Azərbaycan şəhərləri içərisində Dərbənddən sonra ikici yerdə dururdu. Onun paytaxt seçilməsi şəhərin inkişafına müsbət təsir göstərdi və onun əhəmiyyətini artırdı. 


IX-cu əsrdə yaranmış Şirvanşahlar dövləti XVI-cı əsrdə bütün Azərbaycan torpaqlarını əhatə edən böyük Səfəvi dövlətinin tərkibinə daxil edildi. Bu müddət ərzində Şirvanşahlar dövləti Azərbaycanın həyatında böyük rol oynamışdır. Yadellilərin yürüşləri, işğalları zamanı Şirvanşah hökmdarları daxili müstəqilliyi və dövlətçiliyi qorumaq naminə ağıllı addımlar atırdılar. Bu səbəbdən də Şirvanşahlar dövləti varlığını uzun müddət qoruyub saxlaya bilmişdi.