Nağıllar, hekayələr

Viktor Draqunski. Çəkməli pişik

- Qızlar və oğlanlar! – müəlliməmiz Raisa İvanovna dedi. - Bu rübü yaxşı başa vurdunuz. Təbrik edirəm! İndi istirahət edə bilərsiniz. Tətil günlərində karnaval təşkil edəcəyik, hər biriniz nə istəsəz geyinə bilərsiniz, ən yaxşı kostyum qalib olaraq seçilib mükafat alacaq. Buna görə hazırlaşın! 


Bu sözləri deyib Raisa İvanovna dəftər kitabını yığıb, bizimlə sağollaşıb getdi.


Evə gedən yolda sinif yoldaşım Mişka məndən nə geyinəcəyim barəsində soruşdu:


- Mən karnavalda cırtdan olacam, çünki evdəkilər dünən mənə yağışdan qorunmaq üçün bürüncək və başlıq alıblar. Sadəcə üzümü bir şeylə örtəcəm və budur - Cırtdan hazırdır. Bəs sən kim olacaqsan?


- Yaşayarıq, görərik! - deyə ona cavab verdim.


Bir müddət keçdi. Karnaval haqda tamamilə unutdum, çünki anam on günlük sanatoriyaya getməli idi. O, atama qulluq etməyi və özümü yaxşı aparmağı mənə tapşırdı. Ertəsi gün anam getdi və atamla mən tamamilə tək qaldıq. Atama qulluq etməkdən, “onu apar, bunu gətir” lərdən artıq yoruldum. Anamın nə vaxt qayıdacağı barədə tez-tez düşünürdüm. Anamın gələcəyi gün tez yaxınlaşsın deyə, təqvimdə günlərin üstündən xətt çəkməyə başladım.


Çöldə qar yağırdı. Gözlənilmədən Mişka qaçaraq bizim evə gəldi və qapının ağzından qışqırmağa başladı:


-Gedirsən ya yox?


- Hara? – deyə ondan soruşdum.


- Necə yəni hara? Məktəbə! Bu gün tamaşadır və hər kəs kostyumda olacaq! Mənim artıq cırtdan olduğumu görmürsən?


Həqiqətən də, Mişkanın başında başlıqlı bir papaq var idi.


- Mənim kostyumum yoxdur! Anam gedib deyə tamamilə unutmuşam! – deyə Mişkaya cavab verdim.


Mişka dedi: - Gəl özümüz bir şey fikirləşək! De görüm, evinizdə geyiniləsi qeyri-adi nə var? Birini seçək, sənin üçün karnaval kostyumu olsun!


- Bizdə heç nə yoxdur. Sadəcə atamın balıq tutmağa gedəndə istifadə etdiyi rezin çəkmələri var. Yağışlı hava olarsa və torpaq palçıqla örtülərsə, atam ilk növbədə bu çəkmələri geyinir. Bu yüksək boğazlı rezin çəkmələrdir və ayaqları islanmaqdan qoruyur – deyə Mişkaya izah etdim. 


- Yaxşı. Geyin görək nə alınacaq! – Mişka mənə təklif etdi.


Mən, çəkmələrim ayağımda ola-ola üstdən atamın rezin çəkmələrini də geyindim. Rezin çəkmələr elə uzun idilər ki, az qala qoltuğuma çatırdılar. Çalışdım bir az hərəkət edəm, lakin bu çəkmələrlə yerimək olduqca çətin idi. Ancaq əla parıldayırdılar.

- Bəs papaq? – Mişka soruşdu.


- Bəlkə anamın yayda başına qoyduğu samandan düzəldilmiş şlyapanı geyinəm?


- Tez gətir və geyin!


Anamın şlyapasını gətirib başıma qoydum. Şlyapa bir az başıma böyük oldu, hətda burnuma qədər sürüşürdü, amma yenə də gözəl idi, üzərində çiçəklər var idi.


Mişka mənə baxıb dedi:


- Yaxşı kostyum alındı. Yalnız kim olduğunu başa düşə bilmirəm?


Mən dedim: - Bəlkə "milçəkqıran" göbələyiyəm?


Mişka cavab verdi: - Nə danışırsan! Milçəkqıran göbələyinin qırmızı papağı var! Çox güman ki, kostyumun “qoca balıqçı”nın obrazını əks etdirir!


Mişka ilə razilaşıb mən də təkarar etdim: -  “Qoca balıqçı”yam!.. Bəs saqqalım hanı?


Sonra Mişka nəsə fikrə getdi, mən isə dəhlizə çıxdım. Qonşumuz Vera Sergeyevna ilə rastlaşdım. Məni görən kimi əllərini yuxarı qaldırıb dedi:


- Ay Aman! Sən, əsl Çəkməli pişiksən ki!


Hansı personajın kostyumunu əynimdə gəzdirdiyimi dərhal başa düşdüm! Mən Çəkməli pişiyəm! Təəssüf ki, quyruğum yoxdur!

Vera Sergeyevnadan soruşdum:


- Vera Sergeyevna, quyruğunuz var?


- Mən şeytana çox oxşayıram? – deyə o, mənə cavab verdi.


- Xeyr, əslində yox – dedim - Ancaq məsələ bu deyil. Dediniz ki, bu  “Çəkməli pişik” kostyumudur, quyruqsuz pişik ola bilər? Mənə quyruq lazımdır! Vera Sergeyevna, mənə kömək edərsiz, hə?


O. bir qədər fikirləşib dedi:


- Bir dəqiqə gözlə…


Bir azdan mənə qara tükləri olan olduqca yamaqlı, narıncı quyruq gətirdi.


- Budur, - o, dedi, - bu köhnə boynuma saldığım xəzdir. Son vaxtlar keroqazları onunla təmizləyirəm, amma məncə sənə tam yaraşacaq.


Vera Sergeyevnaya təşəkkür edib, quyruğu götürüb Mişkaya apardım.


Mişka onu görüb dedi: - Tez iynə-sap gətir, bu gözəl quyruğu sənə tikəcəm. 


Beləliklə, Mişka quyruğu arxa tərəfə tikməyə başladı. O, olduqca məharətlə tikirdi, amma birdən necə məni sancdısa...


Mən: - Ehtiyatlı ol, balaca dərzi! Bədənimin üstündə birbaşa tikiş etdiyini görmürsən? Axı ətimə batırırsan!


- Bunu nəzərə almamışdım! – deyə Mişka özünü müdafiyə etdi, lakin yenə də, necə sancdısa...


- Mişka, bəsdir daha hesablayıb işini gör, yoxsa səni döyəcəm! - deyə Mişkanın üstünə acıqlanmağa başladım.


- Həyatımda ilk dəfədir tikiş tikirəm! - deyə Mişka məni sakitləşdirməyə çalışdı.


Və yenə, iynə məni sancdı ....

Bu dəfə mən bərkdən qışqırdım: - Başa düşmürsən ki, sənin bu iynələrinə görə mən tamamilə əlil qalacam və otura bilməyəcəm?


Bir qədər sonra Mişka dedi: - Yaşasın! Hazırdır! Nə gözəl quyruğun var sənin! Hər pişikdə beləsi yoxdur!


Sonra mürəkkəb götürüb fırça ilə özümə bığ çəkməyə başladım. Hər yanağıma üç dənə uzun bığ çəkdim. Beləliklə, Mişka və mən yeni kostyumlarımızda məktəbə getdik.


Həyətdə çoxlu məktəblilər var idi və hamsı müxtəlif kostyumda idilər. Təkcə əlliyə yaxın cırtdan var idi, həm də çoxlu ağ "qar dənələri" obrazları var idi. İçlərində təkcə mən seçilirdim.


Hamımız çox əyləndik və rəqs etdik. Mən də rəqs etdim, lakin böyük çəkmələrimə görə ayaqlarım tez-tez büdrəyirdi. Şlyapa da, elə bil qəsdimə durmuşdu, daim çənəmə doğru sürüşürdü.


Sonra sinif nümayəndəmiz Lyusi səhnəyə çıxdı və cingiltili səsi ilə dedi:


- Ən yaxşı kostyum üçün birinci mükafatı almaq üçün bura "Çəkməli pişi”yi dəvət edirik!


Mən səhnəyə çıxdım və sonuncu pilləyə qalxanda ayaqılarım yenə büdrədi. Az qala yıxılacaqdım. Hamı bərkdən güldü. Lyusi əlimdən tutub mənə “Styopa əmi” və “Nağıl-tapmacalar” kitablarını verdi.  Daha sonra Boris Sergeyeviç qarmon çalmağa başladı. Səhnədən düşəndə yenə ayağlarım büdrədi, yenə hamı güldü...

 

Beləliklə, karnaval bitdi və biz evlərimizə dağlışdıq. Yolda gedərkən, Mişka mənə dedi:


- Karnavalda çoxlu cırtdan var idi, amma sən tək seçilən idin!


 - Düz deyirsən. Amma bütün cırtdanlar maraqsız idilər, təkcə sən çox gülməli idin və sənə də kitab vermək lazımdır. Məndən birini götür!


Mişka dedi: - Lazım deyil, nə danışırsan!


Mən isə: - Hansını istəyirsən götür? 


- Yaxşı, onda "Styopa əmi"ni – deyib Mişka məndən bir kitab götürdü. 


Evə gəldim. Nəhəng ayaqqabılarımı ayağımdan, şlyapanı isə başımdan çıxardıb bir kənara atdım. Tez təqvimə tərəf qaçdım və bugünkü tarixin üstündən də xətt çəkdim. Daha sonra sabahkı tarixin də üstündən xətt çəkdim.


Baxdım - anamın gəlişinə daha üç gün qalıb!