Nikolay Nosov. Pillələr
Bir gün balaca Petya uşaq bağçasından evə qayıdırdı. Bu gün o, 10-a qədər saymağı öyrənmişdi. Kiçik bacısı Valya isə onu evlərinin qarşısında gözləyirdi. Petya bacısını görüb lovğalanaraq dedi:
- Mən artıq saymağı bilirəm! Bağçada öyrənmişəm. Bax gör pilləkənlərdəki bütün addımları necə sayacam...
Bacı qardaş pilləkənləri qalxmağa başladılar və Petya yüksək səslə saymağa başladı :
- Bir, iki, üç, dörd, beş ...
- Yaxşı, niyə dayandın? – Valya soruşdu.
- Dayan, növbəti rəqəmin hansı olduğunu unutdum. İndi xatırlayacam...
- Yaxşı, xatırlamağa çalış, - Valya dedi.
Körpələr bir qədər pillənin üstündə dayandılar, dayandılar, axırda Petya dedi:
- Yox, bunu xatırlaya bilmirəm. Yaxşısı budur, gəl yenidən başlayaq.
Bacı-qardaş pilləkənlərlə aşağı düşdülər və yenidən yuxarı qalxmağa başladılar.
- Bir, - Petya saydı, - iki, üç, dörd, beş ... və yenə dayandı.
- Yenə unutdun? – Valya soruşdu.
- Eh, yenə unutdum! Axı bu necə ola bilər?! Yadımda ikən unutdum! Eybi yoxdur, gəl yenidən cəhd edək!
Yenidən pilləkənlərlə aşağı düşdülər və Petya başladı əvvəldən saymağa:
- Bir, iki, üç, dörd, beş ...
- Bəlkə iyirmi beşdi? – Valya bezib dedi.
- Yox! Sən ancaq düşünməyimə mane olursan! Görürsən, sənə görə yenə unutdum! Yenidən başlamalıyıq.
- Yenidən istəmirəm! - Valya deyinərək qardaşına irad tutdu. – Yuxarı-aşağı, yuxarı-aşağı! Artıq ayaqlarım ağrıyır.
- İstəmirsənsə, heç də lazım deyilsən - Petya bacısına əsəbləşdi. - Yadıma salana qədər bir addım da irəli getməyəcəm!
Petya aşağı-yuxarı addımlamağa davam etdi, lakin “Beş”dən sonra gələn növbəti rəqəmi heç cür xatırlaya bilmədi.
Valya tez evə gedib anasına dedi:
- Ana, Petya pilləkənlərdəki addımları sayır: bir, iki, üç, dörd, beş, sonrakı rəqəmi isə xatırlamır. Beşdən sonra hansı rəqəm gəlir?
- Altı – anası cavab olaraq dedi.
Valya tez pilləkənlərə tərəf, Petyanın yanına qaçdı. Petya hələ də bütün addımları sayırdı:
- Bir, iki, üç, dörd, beş ...
- Altı! – Valya pıçıltı ilə dedi. - Altı! Altı!
- Altı! - Petya sevindi və irəli doğru addımlamağa başladı – yeddi, səkkiz, doqquz, on.
Nə yaxşı ki, pilləkənlər bitdi, yoxsa Petya heç vaxt evə gəlib çatmazdı, çünki o, yalnız “On”a qədər saymağı öyrənmişdi.
16.11.2021