Nikolay Nosov. Üç ovçu
Bir zamanlar üç şən, deyib gülən ovçu yaşayırdı: Vanya, Fedya və Kuzma dayı. Bir gün onlar meşəyə ov etməyə getdilər. Çox gəzdilər, dolandılar, qarşılarına çox sayda müxtəlif heyvanlar çıxdı, amma heç birini öldürmədilər. Beləliklə, dayanıb dincəlmək qərarına gəldilər: yaşıl otun üstünə uzanıb bir-birinə müxtəlif maraqlı hekayələr danışmağa başladılar.
İlk Vanya dayı danışdı.
- Qulaq asın! – o, dedi. - Bu hadisə çoxdan baş verib. O zamanlar çox cavan idim. Qış fəslinin bir günündə meşəyə getdim, amma o vaxtlar silahım yox idi. Birdən baxdım ki, budur - qarşımda ac canavar dayanıb. İri və ac canavarı görüb qaçmağa başladım. Canavar da mənim silahsız olduğumu görüb, məni qovalamağa başladı!
Öz-özümə düşündüm: “Canını ondan qutarmalısan!"
Baxdım, qarşımda – ağac var. Tez ağaca dırmaşdım. Canavar məni dişləmək istədi, amma bacarmadı, yalnız şalvarımın arxasını dişləri ilə cırdı. Ağaca çıxıb, budağın üstündə oturdum və qorxudan titrəməyə başladımş Canavar isə aşağıda qarda oturub, hərdən yuxarı - mənə baxıb, pəncələrini yalayırdı.
Düşündüm ki, “Olsun, axşama qədər burda oturaram, onsuzda gecə canavar yuxuya gedib yatacaq. O zaman aşağı düşüb ondan uzaqlaşaram”. Ancaq axşama yaxın başqa bir canavar gəldi və ikisi birlikdə məni izləməyə başladılar. Bir canavar yatır, o biri məni qaçmamaq üçün qoruyurdu. Bir az sonra üçüncü canavar gəldi. Sonra təkrar-təkrar və, beləliklə, ağacın altına bütöv bir canavar sürüsü toplandı. Hamısı oturub dişlərini qıcayır, mənim onların üstlərinə yıxılacağım anı səbirsizliklə gözləyirdilər.
Səhər saatlarında dondurucu şaxta düşdü. Hava kəskin soyudu. Qollarım və ayaqlarım soyuqdan donub uyuşmuşdu. Mən artıq müqavimət göstərə bilmədim və Buum aşağı! Bütün canavar sürüsü üstümə atıldı! Bir şey şıqqıldadı. Elə bildim ki, sümüklərimin səsidir, amma belə deyilmiş! Deməli, altımdakı qar dağılıb uçdu və mən özümü bir yuvada tapdım. Sən demə, aşağıda ayı yuvası varmış.
Ayı oyandı, qorxusundan çıxdı bayıra. Canavarları görüb sıçradı onların üstünə. Bir dəqiqənin içində bütün canavarları ordan qovdu. Mən isə cəsarətimi toplayıb, yavaş-yavaş yuvadan çölə baxdım.
Gördüm ki, canavarlar yoxdur və tez evə qaçıb gəldim. Evə gələndə çətinliklə nəfəs alırdım. Anam şalvarımdakı deşiyi tikdi və budur indi tamamilə görünməz olub. Atam isə bu hadisədən xəbər tutan kimi dərhal mənə silah aldı ki, meşədə silahsız gəzməyim. O vaxtdan ovçu oldum.
Fedya ilə Kuzma dayı Vanya dayının canavarlardan necə qorxduğuna güldülər. Sonra Fedya dayı başladı öz hekayəsini danışmağa:
- Bir dəfə mən də meşədə ayıdan qorxmuşdum. Yalnız bu hadisə yayda baş vermişdi. Bir gün meşəyə getdim, amma silahımı evdə unutmuşdum. Birdən qarşıma bir ayı çıxdı. Mən - ayıdan qaçıram, ayı - mənim arxamca. Mən sürətlə qaçıram, ayı isə məndən də daha sürətlidir! Budur! Artıq arxamda onun nəfəsini eşidirəm! Dönüb arxaya baxdım, papağımı çıxarıb ona atdım. Ayı bir dəqiqə dayandı, papağı iyləyib yenidən arxamca qaçmağa başladı. Yenə hiss etdim ki, yenidən mənə yaxınlaşır, evim isə hələ uzaqdadır. Yolda gödəkçəmi çıxarıb ayıya atdım, düşündüm: “Onu bir dəqiqə ləngidib, yəqin ki, evimə sağ-salamat çataram”. Ayı isə gördü ki, pencəyimin içində yeməli heç nə yoxdur, başladı pencəyimi cırmağa. Yenidən arxamca düşdü!
Ona həm şalvarımı, həm də çəkməmi atmalı oldum. Ediləcək bir şey yox idi: axı özümüzü vəhşi heyvandan xilas etməliyik!
Sadəcə bir köynək və qısa tumanla meşədən qaçdım. Qarşıda çay və üzərində bir körpü var idi. Körpüdən keçməyə az qalmışdı ki, bir çat səsi eşitdim. Ətrafa baxdım, körpü ayı ilə birlikdə uçub düşdü çaya!
"Əcəb oldu sənə, sərsəri ayı" deyə düşündüm, "İnsanları boş yerə qorxudursan!". Yalnız körpünün altı dayaz idi. Ayı sahilə çıxdı, özünü yaxşıca silkələyib yenidən meşəyə qayıtdı. Öz-özümə dedim:
“Yaxşı, Fedya dayı! Ayını məharətlə uzaqlaşdırdın! Amma indi evə necə gedəcəksən? Küçədə insanlar, az qala çılpaq olduğumu görüb, mənə güləcəklər”. Qərara gəldim ki, kolluqda oturub havanın qaralmasını gözləyim. Hava qaraldıqda isə yavaş-yavaş evimə gedim. Kolların arasında gizlənib axşama qədər orda oturdum, sonra çıxıb yavaş-yavaş yeriməyə başladım. Kiminsə mənə tərəf addımladığını görən kimi, onun gözünə dəyməmək üçün, dərhal qaranlıqda bir küncdə əyləşib, həmin insanın uzaqlaşmasını gözlədim.
Nəhayət evə çatdım. Qapını açmaq istədim, amma açarım yox idi. Açar pencəyimin cibimdə idi. Mən isə pencəyimi ayıya atmışdım axı... Əvvəlcə cibimdən açarı çıxarmalıydım, amma buna vaxtım yox idi!
Nə etməli idim? Qapını sındırmaq istədim, amma qapı möhkəm idi, sınmadı.
"Yaxşı, - yenə öz-özümə düşündüm, - Gecə küçədə donası deyiləm ki!?"
Yavaş-yavaş pəncərənin şüşəsini çıxarıb yerə atdım və pəncərədən evə keçdim.
Birdən kimsə ayaqlarımdan möhkəm yapışıb tutdu və hündür səslə qışqırmağa başladı:
"Tutun onu! Tutun onu!"
Dərhal hardansa insanlar gəlməyə başladılar.
Bəziləri qışqırırdı:
"Tutun onu! Başqasının pəncərəsinə dırmaşıb!"
Digərləri isə deyirdilər:
“Polis çağırın! Polis!"
Mən isə dedim:
“Qardaşlar, mən niyə polisə verirsiz axı? Sadəcə evimə başqa yolla girmişəm”.
Məni tutan adam isə dedi:
“Ona qulaq asmayın, qardaşlar. Mən onu çoxdan izləyirəm. O, həmişə qaranlıq künclərdə gizlənirdi. İlk öncə qapını sındırmaq istədi, sonra pəncərədən içəri girdi”.
Sonra polis gəldi. Hamı baş verənləri bir nəfəsə ona danışmağa başladılar.
Polis mənə üzünü tutub dedi:
"Sənədləriniz!"
“Hansı sənədlər? -mən soruşdum - Ayı onları yeyib”.
“Zarafat etməyi dayandırın! Necə yəni ayı yeyib?"
Başıma gələnləri danışmaq istədim, amma heç kim dinləmək istəmədi. Sonra səs-küyü eşidən qonşu Daşa xala evindən çıxdı və məni görüb dedi:
“Onu buraxın. Bu, bizim qonşumuz Fedya dayıdır. O, həqiqətən bu evdə yaşayır”.
Polis ona inanıb məni buraxdı.
Ertəsi gün özümə yeni kostyum, papaq və çəkmə aldım. O vaxtdan bəri dinc yaşamağa və yeni kostyumda lovğalanmağa başladım.
Vanya və Kuzma dayı Fedya dayının başına gələnlərə güldülər. Sonra Kuzma dayı başladı öz əhvalatını danışdı:
- Mən də bir dəfə ayı ilə rastlaşdım. Qış idi. Meşəyə getmişdim. Baxıram - ayı. Silahla “Buum” atəş açdım və ayı yerə yıxıldı. Mən onu xizəyə mindirib evə apardım. Çox ağır idi. Sağ olsunlar kənd uşaqları, ayını evə aparmağa kömək etdilər.
Ayını evə gətirib həyətin ortasına qoydum. Kiçik oğlum İqor bunu görüb təəccüblə baxdı, arvadım isə dedi:
"Bu ki əladır! Ayının dərisini soyarsan və mənə kürk tikərsən."
Daha sonra arvadım və oğlum çay içməyə getdilər. Dərini soymağa başlayacaqdım ki, birdən-birə köpəyimiz Foksik qaçaraq içəri girdi və o, dişləri ilə ayının qulağını gəmirdi! Ayı ayağa qalxıb Foksikə nərildəməyə başladı! Məlum oldu ki, o, ölməyibmiş, ancaq mən atəş açanda qorxudan huşunu itiribmiş.
Foksik qorxusundan, qaçıb yuvasında gizləndi. Ayı mənim üstümə cumdu! Mən isə, sözsüz ki, başladım ondan qaçmağa. Toyuq hininin yanında nərdivan gördüm, tez ona dırmaşıb yuxarı qalxdım.
Damın üstünə çıxdım. Baxdım, ayı arxamca gəlir. O da, dama dırmaşdı. Dam isə ayının ağırlığına dözə bilməyib, sındı. Dam necə çökdüsə, ayı ilə mən birlikdə toyuq hininə uçduq. Toyuqlar qorxularından elə səs-küy salıb, o yana, bu yana uçuşdular! Mən toyuq hinindən çıxıb, evə tələsdim. Ayı isə arxamca. Artıq mən də, ayı da otaqda idik. Ayağımı stolun üstünə çevirib onu itələdim.
Bütün qablar yerə düşüb sındılar. Samovar belə düşdü yerə. Oğlum İqor isə qorxusundan divanın altında gizləndi.
Axırda gördüm ki, daha qaçmağa yer yoxdur. Çarpayıya yıxıldım və qorxudan gözlərimi yumdum. Ayı məni pəncəsi ilə silkələyib, bərkdən üzümə nərildədi:
“Tez oyan! Tez oyan, deyirəm sənə!"
Gözümü açıb, nə görsəm yaxşıdır? Məni arvadım yuxudan oyadır. “Qalx artıq,” – o, dedi, “Çoxdan səhər açılıb. Ova getməlisən”.
Qalxıb ova getdim, amma o gün ayı görmədim.
Vanya və Fedya dayı bu hekayəyə güldülər. Kuzma dayı də onlara qoşulub güldü.
Sonra üçü də evə getdilər. Vanya dayı dedi:
“Yaxşı ov etdik, elə deyilmi? Bir dənə də olsun heyvan öldürmədik, sadəcə yaxşıca gülüb əyləndik!
"Mən heyvanları öldürməyi sevmirəm" Fedya dayı dedi. - Qoy dovşanlar, dələlər, kirpilər və tülkülər meşədə dinc yaşasınlar. Onlara toxunmayın!”
"Quşlar da yaşasınlar" Kuzma dayı dedi. - Meşədə heyvanlar və quşlar olmasa, darıxdırıcı olardı. Heç kimi öldürmək lazım deyil. Heyvanları sevmək lazımdır!
Necə də şən və mehriban üç ovçudular!
20.11.2021