Nağıllar, hekayələr

Zülm ərşə çıxanda

Nadir şah kəndləri, şəhərləri talaya-talaya gedirdi. Onun zülmündən bütün xalq zinhara gəlmişdi. Ana fəryadları, bala  nalələri, ata hönkürtüləri dağların da belini bükmüşdü, dağları da ağladırdı.

 

Nadir yenə öz alaçığında oturub səhərki basqınını fikirləşirdi. Onun qaş-qabağı tutulmuşdu. Yan-yörəsində ki vəzirlərin də üzünü qara buludlar almışdı, biri də başını qaldırıb Nadirin üzünə baxa bilmirdi, qorxurdular ki, şah onlardan tədbir soruşsun. Şaha cəfəng məsləhət vermək olmazdı, hansının sözü xoşuna gəlməsə, vəzirlikdən salınırdı.

 

Bu vaxt döyüşçülər qoca bir kişini itələyib içəri saldılar. Nadir dodağını çeynəyə-çeynəyə soruşdu:

 

- Bu kimdir?

 

Ərz elədilər ki, sizə sözü var.

 

Nadir qalxdı, bir əlini qılıncının qəbzəsinə qoyub dedi:

 

- Nə deyəcəksən, qoca? Minnətə gəlmisən?

 

Qoca dedi:

 

- Xeyr şahım.

 

Nadir onu kinli-kinli süzdü.

 

- Bəs nəyə?

 

Bu məqamda çöldən göy gurultusu kimi bir qaqqıltı səsi gəldi. Sanki, dünyada nə qədər adam vardısa , şahın düşərgəsinə  yığışıb bir ağızdan qəh-qəh çəkirdi.

 

Nadir qocanın üzünə çaşqınlıqla baxdı.

 

Qoca dedi:

 

- Bizim kəndin camaatıdır, şahım. Bilirlər ki, sabah onların axırıdır. Hamısı yığışıb gəlib ki, tapşırasınız, onları qılıncdan keçirsinlər.

 

Nadirin gözləri qıyıldı, ağzı əyildi:

 

- Qoca , sizin kənddə bir ağıllı adam yoxdur?

 

Bunlar nəyə gülürlər?

 

- Sevinirlər ki, canları əzabdan bir gün tez qurtaracaq. ​