Nağıllar, hekayələr

Mixail Zoşenko. Böhran

Vətəndaşlar, bilin və agah olun ki, bu günlər bizim küçəylə bir dolu araba kərpic apardılar.


Sevincdən gözlərim yaşardı, ürəyim atdandı. Deməli, quruculuğa başlamışıq, parta-partla tikirik. Kərpici elə-belə daşımırlar ki! Hardasa ev tikməyə aparırlar. Tfu, tfu göz dəyməsin, axır ki, quruculuğa başladıq. 


Bu minvalla getsə, inşallah, bir iyirmi ildən sonra, bəlkə bundan da az müddətə, hər bir vətəndaşın öz xudmani otağı olacaq. Əgər əhali də az-az artsa, ola bilsin, hər adamın iki otağı olacaq. Bəlkə hələ üç oldu, vannası da öz yerində.


Bax onda kef içində yaşayacağıq, yoldaş vətəndaşlar! Bir otaqda, deyək ki, yatacağıq, o birisində qonaqları qəbul edəcəyik, üçüncüsündə də.. yəqin nə isə edəcəyik, gen-bol həyat insan üçün geniş imkanlar yaradır, yoldaş vətəndaşlar!


Hələlik isə, kvadrat metr yaşayış sahəsi sarıdan kasadlıqdı, hətta deyərdim, böhrandı, tünlükdən nəfəs almaq olmur.


Qardaşlar, bax mən bir ara Moskvada yaşayırdım. Bu yaxınlarda oradan qayıtmışam. Bu tünlüyü, bu böhranı, necə deyərlər, öz üzərimdə hiss eləmişəm. 


Deməli, gəldim Moskvaya, əlimdə yük-yap piyada küçəylə gedirəm. Bilmirəm başıma haranın daşını salım, nəinki qalmağa, heç yük-yapı qoymağa da yer yoxdu. Düz iki həftə yük-yap küçələri ölçdüm. Saqqalım uzanıb bir qarış oldu, şeylərin çoxunu itirdim, daha yüksüz gəzirdim, qalmağa yer axtarırdım. 


Nəhayət, evlərin birində, cılız bir adamcığazın pillələrə düşdüyünü gördüm. Ağız açan kimi:


- Sizi otuz manata,- dedi,- vanna otağında saxlaya bilmərəm. Mənzilə söz ola bilməz, yaraşıqlı mənzildi...üç tualeti...Vannası...Elə vanna otağında da yaşayarsız. Düzdü, pəncərəsi, nəfəsliyi yoxdu, amma qapısı möhkəmdi. Suyu da ki, həmişə əl altında. Lap istəyirsən vannanı suyla doldur, bütün günü üz özünçün. Dedim:


- Ay yoldaş, mən balıq zad deyiləm. Mənə  üzmək, nə bilim, suya kəllə vurmaq yaraşmaz. Quruda yaşasam, bəsimdi. Nəm yer olduğuna görə, haqqını aşağı sal.


Dedi:


- Bacarmaram, yoldaş. İstərdim kömək eləyim, imkan yoxdu, hər şey məndən asılı deyil. Mənzil-kommunal mənzildi. Vanna otağının kirayə pulu qabaqcadan müəyyən olunub. 


Dedim:


- Madam ki, məsələ bu cürdü, başqa əlacım yoxdu. Razıyam. Otuz manatı götürün, məni vanna otağına buraxın, ta taqətim qalmayıb, üç həftədi küçələrdə veyllənirəm...


Nə isə, məni vanna otağına buraxdılar. Yaşamağa başladım. 


Vanna otağına doğrudan da söz ola bilməzdi. Mərmər vanna, par-par parıldayan kranlar, üstü nikel qaz kolonkası. Amma oturmağa yer yox idi. Oturmaq istəsəydin, gərək vannanın qırağında oturaydın.


Məcbur olub taxtalardan döşənək düzəltdim. Yaşamağa başladım. Bir aydan sonra, öz aramızda qalsın, evləndim.


Cavan, mehriban bir qız düşdü bəxtimə. Onun da qalmağa yeri yox idi.


Fikirləşdim, vanna otağını görsə, məndən imtina edəcək, mən də ailə səadəti üzünə həsrət qalacam. Amma o, möhkəm adam çıxdı. Düzdü, bira az mısmırığını salladı, sonra dedi:


- Eyb etməz, yaxşı adam vannada da yaşaya bilər. Bəd ayaqda vanna otağını bölmək olar-bura budur, ora da yemək otağı...


Dedim:


- Vətəndaş, bəd ayaqda, əlbəttə otağı ikiyə bölmək olar. İntəhası, bu iblis sakinləri icazə verməzlər, qorx ki, hələ döysünlər.


Nə isə, birlikdə yaşamağa başladıq. 


Bir ildən sonra, uşağımız dünyaya gəldi. Adını Volodya qoyduq və yaşamağa davam elədik. Əla yaşayırdıq. Uşaq yay-qış vannada çimirdi, yaman bərkimişdi, zalımın heç burnu da axmırdı. 


Birgə narahatlığımız vardı-axşamlar kommunal mənzilin sakinləri çimmək üçün vannaya təpilirdilər. Belə vaxtlarda öz ailəmlə dəhlizdə daldalanırdım. Bir gün sakinləri insafa gətirmək istədim.


- Yoldaşlar,- dedim,- nolar şənbə günləri çiməsiz. Axı hər gün çimmək olmaz. Hər gün çimsəniz bəs nə vaxt yaşayacaqsınız? Vəziyyətimiz başa düşməyə çalışın. 


Ay, başa düşdülər, ha! Əksinə, söyüş yağdırmağa başladılar. Yaxşı ki, hələ əzişdirmədilər. Amma istəyirdilər.


Nə demək olar, yaşamaqda davam elədik.


Bir müddət sonra arvadımın anası əyalətdən vanna otağına təşrif gətirdi. Qaz kolonkasının arxasında özünə yer düzəltdi.


- Uşağa layla çalmaq, beşiyini yelləmək,- dedi,- mənim çoxdankı arzumdu. Mənim bu arzumu ürəyimdə qoymağa sizin ixtiyariniz yoxdu.


Dedim:


- Heç kim sənin arzuna qarşı çıxmır! Buyur nəvəni yellət. Lap vannanı doldurub nəvənlə bir yerdə üzə də bilərsən. 


Arvadıma isə dedim:


- Vətəndaş, əgər o biri qohumların da gələcəklərsə, bəri başdan de, ürəyimi üzmə. 


Arvadım dedi:


-Ola bilər, kiçik qardaşım qış tətilindən gəlsin.


Kiçik qardaşı gözləməyib Moskvadan təcili qaçdım. İndi ailəmə pulu poçtla göndərirəm.