Eston nağılı. Canavar və Qoyun
Bir vaxtlar bir canavar, bir də qoyun var idi. Qoyun sürüdən uzaqlaşıb meşədə azmışdı, buna görə də orada yaşayırdı. Meşə isə canavarın doğmaca evidir… Beləliklə, canavar və qoyun meşədə rastlaşıb dostlaşdılar; birgə vaxt keçirib, əyləndilər.
Yay fəslində canavar və qoyun heç mübahisə etmədilər, vaxtlarını maraqlı keçirib, birgə yaşadılar. Qida bol, hər tərəf isti və hərarətli idi!
Payızı birtəhər yola verdilər.
Qış gəldi. Budur! Hər ikisi üçün əsl dostluq imtahanı başladı! Canavarın pəncələri donur, soyuqdan qoyunun quyruğu titrəyir.
Qoyun canavara dedi:
- Gəl, canavar, özümüzə bir daxma tikək. Daxmada soba yandıraq, istiliyinə isinək və beləcə qışı yola verək!
Canavar isə tənbəlliyindən cavab verdi:
- Siz, qoyunlar, insanlarla bir damın altında yaşamağa öyrəşibsiz. Mən isə özümü yaxşı hiss edirəm. Sobaya heç gərək yoxdu!
Beləlikə, qoyun tək başına özü üçün bir daxma tikdi, soba və taxt qurdu. Artıq o, qışın soyuğundan qorxmur! Qoyuna indi istidir!
Sizə kimdən deyim, kimdən danışım: Canavardan. Canavar meşədə tənha gəzib, tənha dolandı. Şaxta hər gün daha da güclənir və canavarın gizlənməyə heç bir yeri yox idi.
Canavar özünə bir daxma tikməyə qərar verdi. Canavar qarı yuvarlayıb bir yerə yığdı, pəncələri ilə tapdalayıb quyruğu ilə hamarladı. Birtəhər özünə buzdan daxma tikdi. Lakin, sanki qəsdən günəş çıxdı və canavarın üstündəki buz damını əritdi, divarları isə uçurdu. Canavar yenə daxmasız qaldı. Bəs indi necə olacaq? Canavar nə etməlidir?
Canavar qoyunun yanına getdi, onun daxmasının qabağında dayanıb qoyunu səslədi:
- Qoyun, qoyun, qapını aç! Çöldə şaxta kəsir məni, burnum-qulağım donub. İcazə ver heç olmasa üzümü isidim!
Qoyunun canavara yazığı gəldi və daxmanın qapısını bir az açdı. Canavar ağzını yarığa kimi soxub, dayandı, və yenə dedi:
- Qoyun, qoyun, pəncələrim donub. İcazə ver astanada dayanım!
Qoyun qapını daha geniş açdı, canavarın astanada addımlamasına icazə verdi. Amma bu da canavara kifayət etmədi.
Eşidirsən, qoyun, külək necə ulayır? - canavar yenə qoyuna səsləndi - Yanlarım tamamilə buza dönüb. İcazə ver yanlarımı da isidim.
Qoyunun isə mehriban ürəyə sahib olduğundan, canavara yazığı gəldi və dedi:
Yaxşı, canavar, yanlarını da isit!
Canavar quyruğuna qədər daxmaya daxil oldu və dedi:
- Sağ ol qoyun, indi çox yaxşıdır, lakin təkcə quyruğumun donmasından qorxuram. Quyruğum olmasa, bütün canavar gözəlliyim yox olacaq!
- Eh, canavar, - qoyun dedi, - Yaxşı, quyruğunu da qızdır!
Canavara elə bu lazım idi. O, daxmaya girdi, ətrafa baxdı və sobanın üstünə atıldı. Bir yerdə qıvrılıb qaldı və heç ayrılmaq niyyətində deyildi.
Canavar axşama qədər orada yatdı, isinib rahatladı. Artıq yemək istəyirdi... O, qoyuna dedi:
- Qoyun, qoyun, yatmaq vaxtı deyilmi? Ocağın üstünə qalx, burada ikimiz üçün də kifayət qədər yer var!
Qoyun canavarın üzünə baxdı: səsi mehriban, zərif, gözləri isə qəzəbli və acdır.
- Yox, canavar, - qoyun cavab verdi. - Hələ vaxtım yoxdur. Qaşıqlarım yuyulmayıb, unum ələnməyib. Əgər öhdəsindən gələ bilsəm, o zaman gəlib yanına yatacam.
Canavar sobanın üstünə uzanıb qoyunu gözlədi. Gözlədi-gözlədi və nəhayət yuxuya getdi.
Gecə yarısı canavar yuxudan oyandı. Aclıqdan artıq taqəti tükənmişdi! Pəncəsi ilə sobanın üstünü yoxladı - qoyun yoxdur. Canavar qoyunu axtarmaq üçün yerindən sıçradı.
Yalnız qoyun da işini bilirdi: hiylə işlədib zibil qutusunda gizlənmişdi. Canavar onu tapa bilməyib, kor-peşman sobanın üstünə uzanıb təzədən yuxuya getdi.
Səhər qoyun canavarı ələ salıb dedi:
- Gecə niyə yatmadın, boz canavar, kimi axtarırdın? Burnunu hər küncə soxdun, amma yenə də tapa bilmədin?
Canavar bir kəlmə olsun dinmədi, yenə bütün günü sobanın üstündə yatdı. Axşama yaxın canavar aclığını daha da hiss etdi. Yenə qoyunu səsləyib dedi:
- Sobanın üstə qalx, qoyun! Bura istidir, bura yaxşıdır.
Qoyun isə cavab verdi:
- Dayan, canavar. Hələ çörək üçün xəmir yoğrulmayıb, odun doğranmayıb. İşimi tez bitirsəm - sobanın üstünə çıxacam.
Canavar yenə gözləyə bilmədi, yuxuya getdi. Gecə yarısı yenə qəzəbli, ac oyandı. Pəncəsi ilə yenə ətrafı yoxladı - boşdur. Qoyun gecələmək üçün sobaya üstünə uzanmayıb… Canavar yerə tullandı. Qaranlıqda ora-bura baxdı. Qoyun heç yerdə yox idi.
Səhər qoyun yenə canavardan kinayə ilə soruşdu:
- Ey, canavar, gecələr nə ovlayırsan, künclərdə kimi axtarırsan? Xəmirin təknəsinin altında oturub sənə baxırdım.
Beləliklə, üçüncü günün axşamı oldu. Canavar yenə qoyunu sobaya çağırır, qoyun isə bundan çəkinirdi:
- Nə danışırsan, canavar! Yatmaq üçün hələ çox tezdir! Döşəmələrim süpürülməyib, kilimlərim silkələnməyib!
Canavar yenə yuxuya getdi. Gecə yuxudan oyanıb yenə qoyunu axtarmağa başladı: zibil qabını çevirdi, xəmiri təknəsini aşırdı – yenə heç yerdə qoyunu tapa bilmədi.
Artıq canavarın dişləri aclıqdan bir-birinə çırpılırdı.
Qoyun başa düşdü ki, bu oyun yaxşılıq ilə bitməyəcək və başladı çıxış yolu düşünməyə.
Səhər tezdən qoyun daxmasından çıxıb meşəyə üz tutdu. O, meşədə, qırmızı rəngli giləmeyvələr axtarmağa başladı. Qarın altından giləmeyvələri bir yerə toplayıb üzərində yuvarlanmağa başladı.
Bütün yunu qırmızı şirəyə boyandı. Sonra uzun bir çubuq götürüb daxmasına geri döndü. Pəncərənin altında dayanıb, çubuqla çərçivəni döyməyə başladı. Qoyun dəhşətli səs çıxarıb qışqırmağa başladı:
- Deyin görüm, burada-daxmada, boz canavar var? Mən yeddi canavar yemişəm, bunu da tapıb yeyəcəm!
Canavar pəncərədən çölə baxdı. Gördü ki, pəncərənin altında üstü-başı qana bulaşmış dəhşətli bir heyvan dayanıb. Canavar düşündü ki, üstünə bulaşan yəgin yediyi canavarların qanıdır. Canavar qorxusundan quyruğunu ayaqlarının arasına alıb, tez daxmadan çıxıb, meşəyə qaçdı. Meşənin dərinliyində gizlənib, bir daha ordan burnunu belə göstərmədi.
Qoyun isə qırmızı giləmeyvə şirəsini yunundan qarla yudu və isti daxmasında qışı yola verib, yazı qarşıladı.
14.12.2021