Nağıllar, hekayələr

Sadiq Zaman. Qartal

Qartal havada qanad açıb məğrur-məğrur süzürdü. İndi doğma yurd onu daha çox çəkirdi. Baxdıqca doymaq bilmirdi bu yerlərdən. Elə diqqətlə baxırdı ki, sanki hər qarış torpağını, daşını belə yaddaşına həkk edib, özü ilə bərabər əbədiyyətə aparacaqdı. Ona görə də gücü tükənənə qədər uçmaq istəyirdi. Arabir amansız əcəl haqqında düşüncələr könlünü sıxsa da, doğma yurdun füsunkarlığı, əzəməti qəlbini dağa döndərirdi. Qartal fəxr edirdi. O, fəxr edirdi ki, belə əsrarəngiz bir yurdda dünyaya göz açıb, boya-başa çatıb və burada da ömrünü bağışlayır.

 

Qartalın gəlişi ilə quşların bir-birinə qarışmış səs-küyü kəsildi. O, uca qaya başındakı sevimli yerinə qondu. Kənarları sıldırım olan bu yalçın qaya Çənlibelin ən hündür yeri idi. Buradan hər tərəf əl içi kimi aydın görünürdü.


Adəti üzrə Qartalı birinci Şahin qarşıladı.

Ey ulu şahımız göy üzü aydındırmı?

 

İlk dəfə idi, Qartal bu suala cavab verə bilmədi. Dərk edirdi ki, ucsuz-bucaqsız səmalar artıq onun üçün əlçatmazdır. İllər uzunu ənginliklərin döşünü dələn sivri qanadları bir də heç vaxt səmanı yarmayacaq. Qartal bu sonuncu uçuşunda doğma yerləri doyunca seyr edərək vidalaşmışdı. İndi ömrünün son anlannı dostlarının arasında sakitcə keçirə bilərdi.

 

Qartalın nəzərləri üfüqlərdə dolaşırdı. Baxışlanndan yenilməz vüqar, qürur duyulmaqda idi. Dağlar sakini məğrur duruşu, iti baxışı ilə hamını heyran qoyurdu.

 

Ortalığa çökmüş sual dolu sükut Qartalın gur səsi ilə dağıldı. Səsinin gücü dağı-daşı lərzəyə salırdı:

- Ey əziz dostlar, azad quşlar! Həyat, həqiqətən, şirindir. Hərə yalnız bir kərə gəlir bu həyata. Və hər kəsdən sonra bu dünyada iki ad qalır: birincisi, onu sağlığında çağırdıqları ad, ikinci adı isə hər kəs gördüyü əməllərinə görə qazanır və bu adla da ölümündən sonra yad edilir. Mən bütün ömrüm boyu səmamızın aydınlığı üçün çalışmışam.

 

İstərdim ki, məndən sonra da sizin - azad quşların belə aydın və təmiz səması olsun...

 

Son kəlmələri söyləyəndə Qartalın səsi xırıldasa da, Göyərçindən başqa, ətrafdakılar bunu, demək olar ki, heç hiss etmədilər də.

 

Səsi yenə də dağı-daşı yerindən oynadan Qartalın xırıltısını eşidərkən kədərlənən Göyərçinin qəlbində məftunluqla yanaşı, gizli bir qibtə hissi də oyanmışdı: doğrudan da, qartal kimi yaşanan bir gün qarğanın taleyindəki üç yüz ildən qat-qat üstün idi. Göyərçin bunları bütün varlığı ilə dərk etdikcə qəlbi fərəhdən uçunurdu. Sevinirdi. Sevinirdi ki, nə yaxşı ki bu dağların Qartalı varmış. Yoxsa qəribsəyərdi dağlar.