Nağıllar, hekayələr

Sağsağan yuvası

Bir dəfə dünyanın bütün quşları məsləhət üçün uçub sağsağanın yanına gəldilər. Dil-ağız elədilər ki, onlara yuva tikməyi öyrətsin. Sağsağan yuva tikməkdə ən ağıllı və pərgar quş idi. O bütün quşları bir yerə toplayıb onlara yuva tikməyin çəmini göstərirdi. O, əvvəlcə bir az palçıq götürdü, ondan torta bənzər girdə bir şey düzəltdi.

 

- Hə, demək yuvanı belə tikirlər, - deyə Qaratoyuq uçub getdi.

 

Qaratoyuqlar özlərinə belə yuva qururlar.

 

Sonra Sağsağan bir neçə çör-çöp götürüb palçığı yuvanın iç tərəfinə vurdu.

 

Sonra çör-çöpün üstünə bir qat da palçıq çəkdi.

 

- Yuva tikmək elə buymuş? Bu ki, çox asandır - deyə ağıllı Bayquş da məclisi tərk etdi.

 

Elə o vaxtdan bayquşlar özlərinə ağıllı-başlı yuva qura bilmirlər.

 

Bir az keçəndən sonra Sağsağan bir az da çör-çöp yığdı, onları hərləmə yuvanın yan-yörəsinə pərçimlədi.

 

- Mənə elə bu lazım idi, - deyə Sərçə cikkildəyə-cikkildəyə uçub getdi.

 

Sərçələr də özlərinə səliqə-sahmansız yuva qururlar.

 

Bəli, bir az sonra Sağsağan bir qədər lələk və toz-torpaq götürdü, yuva rahat olsun deyə onun içini döşədi.

 

- Əsl mənim malımdır, - Sağsağan haray-həşir saldı.

 

Hə, sağsağanların yuvaları insafən çox rahatdır.

 

Belə, belə işlər. Quşlar yuva qurmaq haqda bəzi şeyləri öyrəndi, amma onlardan biri də sağsağanı axıracan dinləmədi. Sağsağan isə öz işində idi, gözünü qaldırıb heç nəyə baxmırdı. Qalan bircə Qumru quşuydu, o heç nəyə göz qoymurdu, elə hey səfeh bağırtıyla deyirdi: “İkisini götür, ikisini götür-r...”

 

Nəhayət Sağsağan axırıncı çör-çöpü yuvaya vuranda bu sözləri eşitdi. Odur ki, cavab verdi: “Elə biri də bəsdir”.

 

Amma Qumru quşu dediyini deyirdi: “İkisini götür, ikisini götür-r-r...”

 

Sağsağan bərk acıqlanıb dedi: “Biri də bəsdir, mən sənə deyirəm”.

 

Qumru quşu isə dediyini deyirdi: “İkisini götür, ikisini götür-r-r...”

 

Axırda Sağsağan başını çevirib yan-yörəsinə baxdı, gördü ki, Qumru quşundan savayı heç kəs qalmayıb.

 

Hövsələdən çıxdı, uçub getdi. Bir daha quşlara yuva tikməyin sirrini öyrətməyəcəyini söylədi. Hə, əzizlərim, elə buna görədir ki, heç bir quşun yuvası bir-birinə bənzəmir.

 

Hərə bildiyi kimi özünə yuva tikir.