Nağıllar, hekayələr

Qrayallılar əfsanəsi

Qrayallılar çayın yanında məskən salmışdılar. Bir gün bərk yağış yağdı. Yağış o qədər güclü idi ki, əkin sahələri, ağaclar, suyun altında qaldı, mal-qaranı su yuyub apardı. Qrayallılar yağışa lənət oxumağa başladılar. Bunu eşidən bulud səmanı tərk etdi. Hər tərəfi duman bürüdü. Qrayallılar nə gündüzlər günəşi, nə də gecələr ayı, ulduzları görə bildilər.

 

Günlər ay, aylar il oldu, amma duman çəkilmədi ki, çəkilmədi. Qrayallılar isə nə yemək yeyir, nə də su içirdilər. Hamısı da eyni yuxunu görürdü.

 

Yuxuda gördülər ki, gözüyaşlı bulud aya, ulduzlara, günəşə kəndin sakinlərindən şikayət edir. Mən gedirəm, bir də yağış yağdırmaram! Bir damla belə yağış göndərmərəm bu yerlərə!

 

Günəş soruşdu:

 

- Nə səbəbə?

 

- Bulud:

 

- Eşitmədinmi onlar mənə necə qarğış tökdülər?!

 

Ay söhbətə qarışdı:

 

- Onda biz də gedirik. Nə mən gecələr hər yeri işıqlandıracağam, nə də mənim ulduzlarım səmanı bəzəyəcək! Qoy işıqsız qalsınlar.

 

Günəş dedi:

 

- Mən də gündüzlər yeri isitməyəcəyəm. 

 

7 il ötdü. Qrayallılar yuxudan oyandılar. Duman çəkilib getmişdi. Adamlarının hamısının saç-saqqalı ağarmış, bütün sakinlər qocalmışdı. Sən demə, duman sehrliymiş. Hər şey yuxuda gördükləri kimi idi. Günəş də öz yerində yox idi. Elə soyuq idi, elə soyuq idi ki, gəl görəsən.

 

Artıq qarayallılar səhvlərini başa düşmüşdülər. Toplaşıb yağışı çağırmağa başladılar. Yağışı, buludu vəsf edən mahnılar oxudular, onlar üçün rəqs etdilər.

 

Günəş dağların arxasından boylandı. Ay ulduzlarını gecələr səmaya səpələdi. Qrayallılar günlərlə yatmadılar, səhərlər illərlər həsrət qaldıqları günəşə, aya, ulduzlara tamaşa etdilər.

 

Yağış yağdı, nə yağdı! Hər tərəf yamyaşıl oldu, çayın suyu aşıb, daşdı.  ​