Təbiət

Qışlayan qatırquyruğu: metal cızabilən bitki

Avrasiya, Şimali Amerikanın gölməçə və bataqlıqlarında böyüyən «qışlayan qatırquyruğu» (Equisetum hyemale) qeyri-adi dərəcədə sərt və möhkəm gövdəli çoxillik bitkidir. Bambuka bənzər bu bitkinin hündürlüyü 70-80 sm-dir. Qını silindrik, gövdəyə sıxılmış və yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) yumurtavari və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişicikləri erkən tökülən, gövdəsi isə budaqlanmayandır.

 

Sporların yetişmə dövrü iyun-avqust aylarına təsadüf edir. Nəmli yerlərdə kiçik qrup şəklində rast gəlinir. Dərman bitkisidir, homeopatiya və xalq təbabətində istifadə olunur.

 

Bu bitkinin içi boş gövdələri ilə şüşə və ya metal səthlərini asanlıqla cızmaq olar, hətta insan özünə xəsarət belə yetirə bilər. Bundan əlavə, təsadüfən qatırquyruğu qəbul edən mal-qaralarda daxili qanaxma baş verir. Bitki üçün qeyri-adi olan bu sərtlik onun xarici divarlarının hüceyrələrində çox bərk maddə olan - silisiumun olması ilə bağlıdır. Qışlayan qatırquyruğunun bu xüsusiyyətini bilən bəzi ölkələrin yerliləri qabları təmizləmək üçün bu bitkinin lifindən istifadə edirdilər. Yaponiyada qurudulmuş qışlayan qatırquyruğu hələ də ənənəvi cilalama materialı kimi xidmət edir.

 

Rütubətli meşələrdə qışlayan qatırquyruğunun böyük koloniyalarını görmək olar. Qışlayan qatırquyruğu – budaqlanmış, torpağın üzünə çıxmış kökləri olan çox aqressiv bir bitkidir, buna görə də bitkini öz torpaq sahəsində tapan bağbanlar onu çətinliklə torpaqdan uzaqlaşdırmağa nail olurlar. Əgər bitkinin ən azı kiçik bir hissəsi torpaqda qalsa, çox keçmədən yeni tumurcuqlar görünəcəkdir.

 

Qışlayan qatırquyruğu Paleozoy erasının Daş-Kömür dövründə (359-299 milyon il əvvəl) üstünlük təşkil edən qədim bir bitkidir. Bu bitkinin bəzi növləri daha sonra ağac kimi böyüdülər.