Nağıllar, hekayələr

İrland nağılı. Nökər və fermer

Bu əhvalat lap qədim zamanlarda, mən hələ dünyaya göz açıb nağıllar söyləməyə başlamazdan qabaq olub. Ona görə də indi söyləyəcəyim nağıla diqqətlə qulaq asın. Bəlkə sabah əhvalınız belə yaxşı olmadı. Hə, əzizlərim, bir zamanlar bu yerlərdən kasıb-kusubların oğul və qızları nökər-qaravaş işləmək üçün Limerik qraflığına gedərdilər. Qismətinə mərhəmətli ağa çıxanların bəxti gətirər, pisi çıxanların isə başına gətirilən min bir müsibəti görən adamın zavallı məxluqlara çox yazığı gələrdi. Limerik qraflığının ucqar yerlərində varlı fermerlərin əksəriyyəti barmağını salıb adamın ağzından tikəsini çıxardar, nökərçilik edən oğlan və qızları bezikdirmək üçün hər pis əmələ əl atardılar.

 

Deyilənə görə, bu mahalda bir dul qadın yaşayırmış. Onun aman-zaman bircə oğlu varmış. Bir dəfə oğlan pul qazanmaq üçün evdən çıxıb getmək istədiyini anasına bildirdi, gəlib Nyukasl Vestdəki qul bazarına yetişdi. Bir müddət meydanda dayandıqdan sonra qraflığın şərqindən olan bir fermer ona yaxınlaşıb əmək müqaviləsi bağlamaq üçün sövdələşməyə başladı. Fermer oğlana dedi ki, ona başqalarından iki dəfə çox əmək haqqı verəcək, hər il ququ quşlarının ilk cəh-cəhi eşidilən kimi məvacibini verib onu evə yola salacaqdır. Bir şərtlə ki, heç kəs heç kəsi hirsləndirməsin və hirslənən adama on iki qamçı çəkilsin.

 

Bəli, oğlan quzu kimi sakit və səbirli idi. Fermerin vəd etdiyi məvacib oğlana çox göründü, ona elə gəldi ki, fermer onu ələ salıb barmağına dolayır. Fikrindən keçənləri büruzə verməyən oğlan fermerin şərti ilə razılaşdı, ona qoşulub getdi.

 

Bahar gəlmişdi, işlər öz qaydası ilə gedirdi. Oğlan çox zəhmətkeş nökər idi və kim olsaydı belə işçisi olduğuna sevinərdi. Amma bu fermer bütün günü oğlana göz qoyur, düşünürdü necə etsin ki, kələk gəlib onun qəpik-quruş məvacibini əlindən çıxartsın. Fermer olduqca pis adam idi, amma arvadı o qədər yaramaz, kələkbaz idi ki, fermer onun yanında toya getməliydi. Onlar əvvəlcə oğlanla çox yaxşı rəftar edirdilər ki, onu bacardıqca çox işlətsinlər. Yaz işləri sona yaxınlaşanda fermerlə arvadı oğlanı hirsləndirib müqaviləni pozmaq üçün min bir hoqqa çıxarırdılar; oğlana çox yararsız yeməklər verir, gecəyarı səsləyib yuxudan qaldırır, yağışlı havada çöldə işləməyə məcbur edir, ağıllarına gələn hər cür iyrənc işi ona gördürürdülər.

 

Namərd fermerin bir dəstə dana-buzovu var idi. Danalar tez-tez naxırdan ayrı düşüb yolunu azırdı və biçarə oğlana əmr edirdilər ki, gəzib danaları tapsın. Danalar tapılıb tövləyə salınmayınca oğlan çörək üzünə həsrət qalırdı. Oğlan bütün gününü ac qarına keçirib taqətdən düşürdü. Hə, bir gün səhər fermer tezdən evdən çıxıb danaları pəyədə gizlətdi və əmr etdi ki, danaları axtarıb tapmayınca səhər yeməyi verilməyəcək.

 

- Ser, mən onları harada axtarım?

 

- Mənə dəxli yoxdur. İstəyirsən dağı gəz, istəyirsən dərəni, ancaq danaları tap gətir!

 

Çox keçməmiş fermerin qulağına gurultulu səs gəldi. Özünü cəld bayıra salıb küləş damın yerlə yeksan olduğunu gördü. Oğlan saman və vələmir dərələrini hara gəldi götürüb atırdı.

 

- Ay gədə, orda sənin nə itin azıb? - fermer səsini qaldırıb soruşdu.

 

- Mən dağı-dərəni belə gəzirəm, - oğlan cavab verdi. Olmaya, hirslənmisən?

 

- Yox, yox! hirslənməmişəm. Düş aşağı, get çörəyini ye.

 

Səhəri gün fermer yenə də oğlana tapşırdı ki, danalardan göz-qulaq olsun.

 

- Danaları çaydan keçirərsən. Ehtiyatlı ol ki, heç birinin ayağı islanmasın. Bax, sənə deyirəm, bircə dananın ayağı islansa, özündən küs!

 

Oğlan danaları qova-qova çaya apardı. Danalardan birini tutub arxası üstə çevirdi və qıçlarından yapışıb çayın içi ilə sürütlədi. Başı suda qalan dana boğulub öldü. Danaların hamısını suda boğandan sonra oğlan ağasının yanına qayıtdı.

 

- Danaları çaydan keçirtdim, ser, - oğlan dedi. - Qıçlarını havada saxlamışdım. Hamısı qupqurudur. Amma başları yamyaşdır.

 

Oğlan fermerlə birlikdə çayın sahilinə qayıtdı. Danalar çoxdan murdar olmuşdu.

 

- Mənə hirsin tutmur ki, ser?

 

- Yox, tutmur. Get, çörəyini ye.

 

Səhəri gün elə leysan başladı ki, tut ucundan göyə çıx.

 

Çoxdandır belə yağış yağdığını görən olmamışdı.

 

- İndi mən bilərəm sənə neylərəm, - fermerin arvadı öz-özünə fikirləşdi və oğlanı səsləyib yuxudan qaldırdı.

 

- Bilirsən, qorxuram ki, kələmlərimi oğurlasınlar, - qadın dedi. - Ona görə də indi sən bostana getməli və qaranlıq düşənə kimi orada keşik çəkməlisən. Hər baş kələmə göz qoymasan, özündən küs!

 

Oğlan ac qarına həyətə çıxıb bostana getdi və leysan yağış başından süzülüb dabanından töküldü. Bir az sonra o, qayıdıb evə gəldi. Ərlə arvad çaşqın nəzərlərlə bir-birinə baxdı.

 

- Sənə demədim ki, kələmlərə göz qoy?

 

- Dediniz, xanım,- oğlan cavab verdi. - Hər baş kələmə göz qoymuşam. Mənə inanın, xanım.

 

Oğlan stolun arxasında əyləşib bir parça çörəyə yağmac çəkməyə başladı. Ər-arvad göz qırpımında bayıra atıldı və gördülər ki, həyətdə nə qədər toyuq-cücə, ördək, qaz və başqa quş varsa, hamısı leş-leşə söykənib. Ev quşlarının hamısının gözü çıxarılmışdı.

Fermer dərhal qoyunları saxladığı küzə tərəf qaçdı. Qoyun-quzu da quşların kökünə düşmüşdü. Matı-qutu qurumuş fermer qayıdıb bağçaya girdi və hər baş kələmin üstündə bir göz gördü. Fermer dəli olub çöllərə düşmək dərəcəsinə çatdı, amma arvadı onu sakitləşdirdi.

 

- Əlbəttə, məvacibi uduzmaq heç də yaxşı deyil, - arvad dedi.

 

- Hələ heç qamçının göynərtisini demirəm.

 

- Əşşi, düz deyirsən, axı, bəs necə edək ki, o bizi qaraçı kökünə salmamış yaxamızı ondan qurtaraq, arvad!

 

- Gözlə, qoy o, bostana qayıtsın. Elə ki, qayıtdı çəpərin dibində gizlənərəm və ququ quşu kimi səs-küy salaram, - arvad dedi və çəpərin dibində gizlənmək üçün getdi.

 

- Gedək bala,- fermer dedi. - Gün günorta olub. Gedək torpağı şumlayıb qurtaraq.

 

- Ser, göz məsələsinə görə acığınız tutmur ki?

 

- Qətiyyən! Olan şeydir!

 

Onlar tarlanı kotanlamağa başladı və çox keçməmiş ququ səsi ətrafı bürüdü.

 

- Ququ quşu oxuyur ki! Bu il nə əcəb tez gəlib? Deyəsən, sənin evə getmək vaxtın çatıb ha!

 

- Heç yana getməyəcəyəm. Rədd olsun ququ quşu! Sizin kimi təvazökar bir insanın tarlasını şumlamamış mən evə gedə bilmərəm.

 

Oğlan bu sözləri deyib, yerdən böyük bir daş parçası götürdü və səs gələn yerə tolazladı. Mahnı səsi dərhal kəsildi. Fermer tez çəpərin dibinə qaçdı. Arvad əl-ayağını uzadıb çul düşmüşdü. Ölümcül vəziyyətdə idi. Fermer haray-həşir saldı və qonşular tökülüşüb gəldi. Qadını götürüb evə apardılar. Keşişin və həkimin dalınca adam göndərdilər.

 

- Deyəsən, mənə qəzəbiniz tutub, ser?

 

- Tutmasın bəs neyləsin?! Ay iblis balası iblis! Məni dilənçi vəziyyətinə salmısan! Arvadımı o dünyalıq etmisən! Mən ömrümdə belə hirslənməmişəm.

 

Oğlana da elə bu lazım idi. Müqaviləni pozan fermer oğlanın haqqını ödəyib qamçının ləzzətini dadmaq üçün şalvarını soyunmağa məcbur oldu. Belə nəql edirlər ki, oğlan qamçı ilə fermerin yanlarına şappıldadıb ləzzət almış, ürəyindən tikan çıxmış, bütün ağrı-acılarını unutmuşdu.