Nağıllar, hekayələr

Hambal

Şəhərin ara küçələrindən bir hambal çıxır. Bəstə boyu yükün altında əzilib getmişdi. Bir küncə çəkilib cibindən dəsmalını çıxarır. Qırışmış alnını silə-silə dərindən nəfəs alır. Dəsmalını cibinə qoyub yoxuşa baxır. Dərin bir nəfəs alandan sonar var-gücü ilə yoxuşa çıxmağa başlayır. Yük ağır, hava da olduqca isti idi. Hambal vaxt itirmədən yükü yiyəsinə təhvil verməyi fikirləşirdi. Yükü sahibinə çatdırdıqdan sonra bir ağacın kölgəsində oturub yeməyini yeyəcəkdi. 

 

Yoxuşun yarısına çatmışdı ki, taqətdən düşdü,dizləri titrəməyə başladı. Əlinin arxası ilə alnının tərini silir. Getdikcə taqətdən düşürdü. Yanından keçən varlı bir adamı görüncə dözə bilməyib: “Ay Allah, bu necə olan işdir? Bəzilərinə oturduğu yerdə pul nəsib edirsən. Bu bəndənə isə bir loxma çörəyi zülmlə verirsən”,-deyib iki addım ata bilir. Qızmar günəşin təsiri ilə bir kənarda oturur. Yükdən qurtulan hambal quş kimi rahat olmuşdu. Kölgədə oturub gedən varlı adamın arxasınca baxır.  Asan yolla qazana biləcəyi işləri ağlına gətirir. “Ey Yaradan, nə olar, mənə də oturduğum yerdə çörək qazanmağı nəsib et!”-deyə dua edir.

 

Hambal başını divara söykəyib dərdli-dərdli düşünürdü. Birdən küçənin başında bir-biri ilə çəkişən insanları gördü. Buna dözə bilməyib onları ayırmağa çalışdı. Ancaq bu, çox da asan iş deyildi. Hambal bir də özünü davanın içində görür. Əvvəlcə üzünə bir şillə, sonra belinə bir dəyənək… Hambal al-qan içində idi. Üz-gözü şişmişdi, bir ayağı da axsayırdı.

 

Hadisəyə tezliklə polislər müdaxilə edir. Polislər dava-dalaş salanlarla birlikdə hambalı da həbs edirlər. Hambal nə qədər: “Mən günahsızam!”-desə də, heç kəs inanmır. Ona: "Məhkəməyə çıxana qədər buradasan!”-deyirlər. Hambal günahsızlığı məlum olanadək həbsxanada qalacaqdı.

 

Bir küncdə çəkilib gözləməyə başlayır. Axşam tərəfi hambala yemək gətirirlər. Hambal gətirilən yeməyə baxa-baxa qalır. Çox ac olsa da, yeməyə əl vurmur. Birdən gülməyə başlayır. Yanındakı adam ona təəccüblə baxır.

 

-Niyə gülürsən?

 

-Soruşma heç,- deyir hambal! - bir duanın ucbatından buraya düşdüm.

 

Adam heç nə başa düşə bilmir. Hambal davam edir:

 

- Allahdan istəmişdim ki, mənə oturduğum yerdə çörək ver, amma “xeyirlisini ver” deməmişdim. Bax mən buna gülürəm. İndi yemək ayağıma gəlir, lakin iştahla, rahat yeyə bilmirəm. Allahdan zəhmətlə də olsa, xeyirlisini istəməli idim.