Nağıllar, hekayələr

Abdulla Şaiq. Arı və kəpənək

Bir arı çəmənlikdə çiçəyə qonub şirə çəkirdi. Həmin çiçəyin o biri budağına da bir kəpənək qonmuşdu. Arı tez-tez kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan kəpənək dedi:

 

— Ey, o kobud ayaqlarınla mənim yanımdan keçmə! Xallı qanadlarımın bəzəyini pozarsan!

 

Arı ona cavab vermədi, çiçəkdən-çiçəyə qonmaqda davam etdi. Kəpənək yenə arıya acıqlandı:

 

— Ey, sənin vızıltın mənə mane olur, başım ağrıyır.

 

Arı vızıldayaraq cavab verdi:

 

— Ey, kəpənək! Xallı qanadlarınla öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam. Onu bütün xalq yeyir. Sən isə ancaq özünü tərifləyirsən.