Nağıllar, hekayələr

Gülzar İbrahimova. Qış nağılı

Uzaq şimalda bir buz ev var idi. Evin qapı və pənərəsi, soba və bacası, hətta çilçırağı da buzdan idi. Burada Şaxta baba yaşayırdı.

 

Bu gün evdə qələbəlik idi. Quşlar, heyvanlar Şaxta babanın evinə yığışmışdı. Baba buzdan olan masanın arxasında əyləşib uşaqların göndərdiyi məktubları oxuyurdu. Qar qız da yanında idi.

 

Uşaqlar Şaxta babadan çoxlu hədiyyələr gözləyirdilər. Bayrama isə lap az qalırdı. Ona görə də baba dostlarını – Panda, Ayı, Eynəkli dovşan, Dələ, Maral, İt, Pişik, hətta Siçanı da köməyə çağırmışdı. Hamı həvəslə işləyirdi.

 

Məktubları açıb Şaxta babaya verən kim, hədiyyələri bağlayan kim, hərə bir iş görürdü. Rəngbərəng – qırmızı, qızılı, sarı, göy lentlər buz stoldan sürüşüb yerə düşür. Hərə bir tərəfdən deyirdi:

 

– Qayçı kimdədir?

 

– Yapışqan gətirin, qurtardı!

 

– Kağız tikən hanı?

 

– Hazır hədiyyələri daşıyın!

 

İş çox olsa da, bu, hamıya xoş idi. Görün, nə qədər uşaq hədiyyələri alıb sevinəcək. Şaxta baba məktublardan birini oxuyanda başını buladı:

 

– Nə olub, Şaxta baba? – deyə Qar qız soruşdu:

 

– Qıza bax, yalandan yazır əlaçıyam, amma məktubda «dərslər» əvəzinə «dəslər» yazıb.

 

Başqa bir məktubu oxuyanda isə lap hirsləndi:

 

– Hələ bu məktuba qulaq asın! «Şaxta baba, mənə kompüter, iki kompüter oyunu… Oğlan on beş əşya adı yazıb. Onları sadalamıram, axırda da yazıb ki, kiçik qardaşıma mənimkilərdən yaxşı hədiyyə gətirmə! Paxıllığa bir bax. Kiçik qardaşı isə təkcə bir maşın istəyib. Məktubun əvvəlində və sonunda xahiş edib və «zəhmət olmasa» yazıb.

 

 – Uydaaa, 3 ildir bu uşaq bizə məktub yazır, bir dəfə də  olsun «sağ ol», ya da «zəhmət olmasa» sözü olmayıb, – deyə Dovşan təəccübləndi.

 

– Kobud və paxıldır, kiçik qardaşına paxıllıq edir, – deyə Dələ fikrini bildirdi:

 

Hədiyyələr hazır olan kimi Şaxta baba və Qar qız yola düşdülər. Əvvəl üç ağatlı kirşə meşə ilə getdi, sonra havaya qalxıb uşaqları sevindirməyə tələsdi.

 

Elxan və Ayxangildə hamı yatsa da, yolkanın lampaları evi işıqlı edirdi. Şaxta baba bəzənmiş yolkaya baxdı. Sonra hədiyyələri yolkanın altına qoyub getdi.

 

Səhər Elxanla Ayxan yolkanın altında istədikləri hədiyyələri görüb sevindilər. Elxan qardaşına acıq verdi:

 

– Bax, Şaxta baba mənə nə istəmişəm gətirib!

 

Ayxan sevindi:

 

– Nə yaxşı, sən elə kompüter istəyirdin! Mənə isə maşın gətirib!

 

Maşın balaca olsa da çox maraqlıydı. O həm pultla, həm də açarla işləyirdi.

 

Maşının bütün qapıları açılır, hətta arxa kuzası da qalxırdı, içərisinə yük qoymaq olurdu. Siqnal verir, qapıları pultla bağlanırdı. Lap böyük maşınlardakı kimi. Elxan maşını görüb pərt oldu. Peşman oldu ki, nəyə görə Şaxta babadan maşın istəməyib? Qaşqabağını tökdü və maşına təpik vurub dedi:

 

– Mən də belə maşın istəyirəm!

 

 

– Paxıl olmaq yaxşı deyil! – deyə ana Elxanı danladı.

 

Ayxan isə qardaşının könlünü almaq istədi:

 

– Bir az oynayım, verərəm, sən də sürərsən.

 

Elxan sakitləşmədi. Küsdü. Sonra sakitcə geyinib evdən çıxdı.

 

Üz tutdu meşəyə. O, Şaxta babadan soruşmaq istəyirdi ki, niyə qardaşıma mənimkindən yaxşı hədiyyə vermisən? Meşəyə çatıb Şaxta babanı çağırmağa başladı:

 

– Şaxta baba, Şaxta baba!

 

Onun səsi meşədə əks-səda verdi:

 

– Deməmişdim, qardaşımın hədiyyəsi mənimkindən yaxşı olmasın?

 

Elxan uzaqdan Şaxta baba və Qar qızı gördü. Yaxınlaşanda isə qorxdu:

 

– Siz kimsiniz?

 

– Mən Şaxta babayam!

 

– Axı sən Şaxta babaya yox, Divə oxşayırsan?!

 

– Karnavaldaydıq, mən Div, Qar qız da Küpəgirən qarı maskası taxıb!

 

– Az qala qorxmuşdum, – Elxan dedi.

 

– Eşitdik hədiyyədən narazısan, gəl gedək, nə istəsən verək sənə!

 

– Gedək!

 

«Şaxta baba» əyilib pıçıltı ilə «Qar qız»a dedi:

 

–  «Acgöz uşaqların əti çox dadlı olur».

 

Elxan bu sözləri eşidib qorxuya düşdü. «Qar qız» dedi:

 

– Burda gözlə, gəlirik. Onlar bir kolun arasına girdilər. Koldan qara qarğa uçub uzaqlaşdı. Elxanın gözləri doldu, istədi ağlasın. Bu vaxt əsl Şaxta babanın katibi Eynəkli dovşan gəlib çıxdı:

 

– Bayram günündə tək-tənha meşədə neyləyirsən?

 

Elxan başına gələnləri Dovşana danışdı. O, başını buladı:

 

– Onlar Divlə Küpəgirən qarıdır. Yaxşı ki, səni aldadıb aparmayıblar. İndi gəl gedək Şaxta babanın yanına.

 

Onlar Şaxta babanın yanına gəldilər. Şaxta baba Elxanı tanıdı. Nədən narazı olduğunu bilmək üçün onun və qardaşının göndərdiyi məktubu bərkdən oxudu. Məktubun sonunda Ayxan yazmışdı:

 

– Zəhmət olmasa, qardaşıma mənimkindən də yaxşı hədiyyə gətirin!

 

Elxan səhvini başa düşüb xəcalət çəkdi. Buz güzgüdə özünə baxıb utandı:

 

– Şaxta baba, gələn il qardaşıma yaxşı hədiyyə gətirərsən! – dedi.

 

Şaxta baba oğlanın başını sığalladı:

 

– Bu, başqa məsələ! Mehribanlıq hər şeydən vacibdir!

 

Sonra Şaxta baba Elxanı öz kirşəsində evlərinə apardı. Qaranlıq düşmuşdü. Ata oğlunu həyətdə görəndə tez onu paltosuna bürüyüb evə apardı. Ata o qədər yorulmuşdu ki, oğlunu danlamağa halı yox idi. Ana oğlunu görən kimi onu bağrına basıb öpdü:

 

– Mənim balam, hardaydın, nigaranlıqdan az qala ölmüşdük!

 

– Mən meşədə əsl Şaxta baba, bir də Div ilə Küpəgirən qarını gördüm!

 

Əlbəttə, ata-ana Elxana inanmayıb onu yatmağa göndərdilər.

 

Ayxan qardaşını görüb qucaqladı. Həmişə Ayxan onu qucaqlayanda Elxan onu itələyir, yaxınlaşmağa qoymurdu. Bu dəfə isə özü qardaşını bağrına basdı. Sonra Ayxana başına gələn əhvalatı danışdı. Divdən və Küpəgirən qarıdan, onu yemək istədiklərindən danışanda Ayxan dözə bilməyib ağladı:

 

– Səni yesəydilər, qaqaşsız qalardım!

 

Elxan qardaşını əzizlədi:

 

– Ayxan, mən də səni çox istəyirəm, oyuncaqlarımdan hansını istəsən götürürə bilərsən.

 

– Doğrudan? – deyə Ayxan sevindi.

 

– Əlbəttə!

 

Elxan ilk dəfə idi ki, fikirləşirdi: «Nə yaxşı, mənim qardaşım, atam, anam var. Onlar məni, mən də onları çox istəyirəm!