Nağıllar, hekayələr

Məhərrəm Mustafa. Şah və bağban

Şah və adamları gəzintiyə çıxmışdılar. Xeyli gəzib bir kəndə çatdılar. Kənd daşlı-qumlu ərazidə idi. Heç bir həyətdə ağac görünmürdü. Kəndin ayağına çatanda gözlərinə inanmadılar. Burada başdan-başa yaşıllığa bürünmüş gözəl bir bağ var idi. Şah dedi:

 

- Gedin, bu bağı yaradan adamı mənim sarayıma gətirin.

 

Bunu deyib şah öz yoluna davam etdi.

 

Şahın adamları bağbanın yanına gəlib dedilər:

 

- Şah bizi sənin dalınca göndərib. Bu gündən şahın bağbanı olacaqsan.

 

Bağban etiraz etdi:

 

- Mən yaşlı adamam. Bu yaşımda el-obamdan ayrıla bilmərəm. Məndən şaha bağban olmaz.

 

Şahın adamları bağbanı zorla faytona mindirib saraya apardılar.

 

Bağban şahın bağını gözəlləşdirmək üçün çox çalışdı. Ancaq öz bağı kimi bağ yarada bilmədi. Şah bağbanı yanına çağırıb soruşdu:

 

- Sənin yaşadığın kənd daşlı-qumlu yerdir. Amma orada gözəl bağ salmısan. Buranın torpağı isə bərəkətlidir. Niyə buranı gözəlləşdirə bilmirsən?

 

- Şahım, mən o kənddə doğulub böyümüşəm. Oranın qumunu da, daşını da sevirəm.

 

Mən torpağa, bağa olan sevgimi doğma kəndimdə qoyub gəlmişəm. Ona görə də buranı sevə bilmirəm. Səbəbi budur.

 

Şah etdiyi əməlinə görə xəcalət çəkdi. Bağbanı vətənindən ayırdığı üçün ondan üzr istədi, onu hörmətlə öz kəndinə yola saldı.