Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Pis uşaqlar planetinin sirri

Yeni tikilmiş hündür binanın yeddinci mərtəbəsində İbrahim adında balaca oğlan yaşayırdı. Hamı onu İbiş deyə çağırırdı. İş elə gətirmişdi ki, o, həm ailənin tək övladı, həm də yaşadığı məhəllədə yaşca ən kiçik uşaq idi. 
 
İbiş çox şirin uşaq idi. Həyətə düşəndə qonşuların kefi açılırdı. Kim onu görürdüsə yanına çağırıb başını sığallayır, əzizləyir, əlində olanda meyvədən, konfetdən, şokoladdan verirdi. Bunlara baxmayaraq, o, həyətdə oynamağa həmyaşıd tapmadığı üçün darıxırdı, evdə isə oyuncaqlarla oynamağa məcbur olurdu. Ancaq İbiş şirin olduğu qədər də çox dəcəl idi, oyuncaqları çox incidirdi. Təzə alınan oyuncaqla uzaq başı iki gün oynayırdı. Sonra ya ayağını qoparırdı, ya qolunu sındırırdı, ya başın üzürdü, ya da söküb qoyurdu böyürü üstə. Otağında qırıq-quruq oyuncaq əlindən tərpənmək olmurdu. Yazıq oyuncaqlar onun əlindən “qan ağlayırdı”. 
 
Bir dəfə İbiş yenə həmişəki kimi təzə alınmış robotu sökürdü. Bütün mexanizmlərini açıb tökmüşdü yerə. Yığmaq istəyəndə nəyi haradan açdığını yadına sala bilmədi. Onu bura, bunu ora bağladı. Detalların yarısı çöldə qaldı. Axırda hirslənib robotun başına döyəcləməyə başladı. Bu vaxt həyətdən səs gəldi: “Oyuncaq var... oyuncaq!”
 
İbiş əlindəki robotu yerə çırpıb balkona qaçdı. Binanın qabağında beli donqar, qəribə bir qoca kişi dayanmışdı. Onun uzun ağ saqqalı, başında ulduzlu papaq, əynində əba, ayağında çarıq vardı. Bir əlində içi dolu kisə, o birində isə əl ağacı tutmuşdu. Əsanın başına rəngli şarlar və lentlər bağlanmışdı. Kişi yuxarı baxa-baxa, “Oyuncaq var, oyuncaq!” - deyə qışqırırdı. 
 
Birdən qocanın gözü İbişə sataşdı. İbiş qorxub gizlənmək istədi. Ancaq kişinin ona əl elədiyini görüb bir az ürəkləndi, o da qocaya əl elədi. Qoca əlində tutduğu kisədən parlaq gümüşü rəngdə qeyri-adi bir oyuncaq çıxartdı. Oyuncaq çox cəlbedici idi. Yumurta formasında başı, arıq əlləri, nazik bədəni, işıq saçan şüşə kimi yaşıl gözləri onu yadplanetlilərə oxşadırdı. 
 
Oyuncağı görəndə İbişin gözləri oynadı. Tez anasını çağırıb o oyuncaqdan istədi. Anası balkondan qocanı görəndə qorxdu.  
 
- Aaa, bu kimdir belə?! Çox əcaib geyimi var. Əlindəki də qəribə oyuncaqdır. Mənim o kişidən gözüm su içmədi, yaxşı adama oxşamır.
 
İbiş dedi:
 
- Ana, yaxşı adamdır, əl elədi ki, gəl! 
 
Anası gülüb dedi:
 
- Hər əl eləyən yaxşı adam olmur ay bala,  – sonra ürəyi yumşaldı: – Yaxşı düşək alaq, amma onu da qırsan, daha sənə heç nə almayacam!
 
Həyətə düşüb qocaya yaxınlaşanda anası gördü ki, zənnində yanılıb, qozbel kişi pis adama oxşamır, üz-gözündən nur yağır. Uşaq dartıb oyuncağı qocadan almaq istədi. Ancaq anası onun əlindən tutub dedi:
 
 - İbiş dayan, olmaz!   
 
Qoca gülümsəyib oyuncağı yerə qoydu, uşağın başını sığallayıb dedi:
 
- İbiş bala, necəsən?
 
Qoca sanki İbişi çoxdan tanıyırdı, əli ilə oyuncağı göstərib dedi:
 
- Baba istəyir ki, bunu bir yaxşı uşağa hədiyyə etsin. De görüm, sən oyuncaqları sevirsənmi?
 
İbiş dedi:
 
- Əlbəttə!
 

Qoca sınayıcı nəzərlə ona baxıb soruşdu:
 
- Bəs onları incitmirsən, qırmırsan ki?  
 
- Yox, yox, qırmıram. - yalan danışdığına görə İbişin yanaqları qızardı.
 
Qoca bunu o saat hiss etdi. 
 
- İbiş bala, düz edirsən, oyuncaqları incitmək olmaz. Onlar da canlılar kimi hər şeyi hiss edirlər, görürlər. Pis, nadinc uşaqları sevmirlər. 
 
 İbişin qulaqları da qızardı. Qoca onu daha çox çək-çevirə salmayıb dedi:
 
- Götür bu oyuncağı verirəm sənə. Adı Zuzudur, ancaq bu, adi oyuncaq deyil, sehrlidir! Oyuncaqlarla yaxşı davransan, onları qırmasan, Zuzu istədiyin vaxt səni Xoşbəxt Uşaqlar Planetinə aparar, orada əyləncə dolu günlər yaşayarsan. Bax, Zuzunun qarnında yaşıl düymə var. “Zuzu məni Xoşbəxt Uşaqlar Planetinə apar!” deyib düyməni basanda  oyuncağın ağzından ağ duman çıxır, duman hər yeri bürüyür, çəkiləndə isə sən artıq özünü Xoşbəxt Uşaqlar Planetində görürsən. Ancaq bütün bunlar oyuncaqları qırmayanda, onlara yaxşı baxanda olur, əks halda, Zuzu səni Pis Uşaqlar Planetinə aparacaq. Orada isə səni dəhşətli günlər gözləyəcək. 
 
Qoca gözlərin necə bərəltdisə İbişin qorxudan rəngi qaçdı. 
 
- Niyə qorxdun balaca, sən ki, oyuncaqları incitmirsən?! – qoca bic-bic gülümsədi.
 
- Hə, hə, incitmirəm. – İbişin yenə yanaqları qızardı. 
 
- Yaxşı, al, baba bu oyuncağı sənə hədiyyə edir. 
 
- Çox sağol! – deyərək İbiş Zuzunu qucağına alıb bloklarına sarı qaçdı.
 
Anası onun dalınca qışqırdı:
 
- Dayan, pulsuz götürmək olmaz! 
 
- Yox, baba onu mənə bağışlayıb! – İbiş qaça-qaça bloka girdi.
 
Anası geri dönüb qocaya üzrxahlıq etmək istəyirdi ki, heyrətdən donub qaldı. Qoca yox idi, qeyb olmuşdu. 
 
Həyətdəki qonşulardan qocanı soruşanda, dedilər ki, burada belə adam olmayıb, səni yəqin qara basıb. 
 
Ana qorxuya düşdü: 
 
– Birdən, doğrudan da oyuncaq sehrli olar?! İbiş, dayan, ehtiyatlı ol, əlindən salarsan! - deyə uşağın dalınca qaçdı. 
 
Evdə anası İbişə dedi:
 
- İbiş eşitdin də baba nə dedi, Zuzu sehrlidir! 
 
İbiş dedi:
 
- Ana, sən də inandın, qoca kişidi, özü də bilmir nə danışır. Bunun nəyi sehrli olacaq ki?!
 
- Yox, İbiş, yaşlı adam haqqında belə danışmaq olmaz! – anası oğlunu danladı. Sonra Zuzu üçün İbişin otağında rahat bir yer düzəltdi: – Baba düz deyirdi. Bu, həqiqətən də sehrlidir. Hələlik qursun burda. Sən də get, bayaq sökdüyün robotu düzəlt. Qoy Zuzu sənin haqqında yaxşı fikirdə olsun!
 

İbiş deyinə-deyinə robotu yenidən söküb yığmağa başladı. Ancaq, əvvəlki vəziyyətinə gətirə bilmədi. Axırda, hirslənib kənara tulladı. Birdən hiss etdi ki, Zuzu yerindən tərpəndi. Başını qaldıranda Zuzunun hirslə ona baxdığını gördü. Rəngi qaçdı. Tez robotu yerdən götürüb başını sığalladı.
 
- Zuzu, bu, təsadüfən oldu, mən oyuncaqları çox sevirəm!
 
Zuzunun baxışındakı qəzəb yox oldu. Gözləri yumuldu, elə bil yuxuya getdi. İbişin rəngi özünə gəldi, öz-özünə dedi:
 
- Yaman qorxuzdu məni. Deyəsən, bunda, doğrudan da nə isə var. Özümə iş açdım ey, indi mənim bütün hərəkətlərimi izləyəcək, qoymayacaq rahat oynamağa.
 
 Yaxınlaşıb Zuzunun o tərəfinə, bu tərəfinə baxdı. Belində sürüşkən qapıcıq olduğunu gördü. Əli ilə onu yuxarı itələdi. İçində silindr formasında iki element vardı. Biri qırmızı, o biri isə yaşıl rəngdə idi. Fikirləşdi ki, “Yəqin Zuzunun canı bunlardadır?” Əl atıb onları yerlərindən çıxartdı. Bu zaman koridordan anasının səsi gəldi. Qaçıb çarpayısına uzandı. Elementləri də döşəyinin altına qoyub özünü yuxuluğa vurdu. 
 
Anası içəri girəndə elə bildi İbiş yatıb.
 
- İbiş can, üstüaçıq niyə yatmısan, demirsən sənə soyuq olar?! – deyə anası oğlunun üstünü örtdü.
 
İbiş yalandan gözlərini ovuşdura-ovuşdura dedi: 
 
- Ana, daha dururam, yuxum qaçdı.
 
- Zuzu necədir? Mən indi gedirəm dükana süd almağa. Ondan muğayat ol! – deyə anası otaqdan çıxdı. İbiş tez döşəyinin altından elementləri çıxardıb necə gəldi Zuzunun belinə taxdı. Oyuncağın gözləri yumulu idi. Onu bərkdən silkələdi. Heç bir reaksiya olmadı. Baş barmağı ilə Zuzunun göz qapaqlarını qaldırıb baxdı. Yaşıl şüşə kimi gözlərdə ifadə yox idi. “Nə oldu buna, bəlkə silindrləri yerinə düz taxmamışam?!” - öz-özünə deyib qırmızı və yaşıl elementlərin yerlərini dəyişdi.
 
Zuzunun göz qapaqlarını yenidən barmaqları ilə qaldırdı. Gözünü yaxınlaşdırıb lap diqqətlə baxanda Oyuncağın bəbəklərindən necə od sıçradısa İbiş yerindən tullanıb çarpayısına düşdü.
 
- Uy dad, bu nəydi belə? – İbiş özünü itirdi. 
 
Zuzu hərəkətə gəlib İbişin üstünə yeriməyə başladı.
 
- Ana, ay ana!... – İbiş anasını köməyə çağırdı, ancaq yadına düşdü ki, anası süd almağa gedib. – Zuzu, mən bilmədən etdim, bilmədən etdim, bir də belə şey olmaz, söz verirəm! 
 
Ancaq Zuzuya heç bir söz təsir etmirdi. Uşağı tutub çarpayısından qaldırdı və birdən adam kimi danışmağa başladı: 
 
- Sən pis uşaqsan, oyuncaqları incidirsən, səndən bütün oyuncaqlar şikayət edirdi. İndi mən gördüm ki, bu, doğrudan da, belə imiş. Sənin yerin Pis Uşaqlar Planetidir, orada ağıllanarsan.
 
- Yox, yox, mən Xoşbəxt Uşaqlar Planetinə getmək istəyirəm! – İbiş əli ilə birtəhər Zuzunun qarnındakı yaşıl düyməni basdı. 
 
Zuzunun əlləri boşaldı. İbiş sürüşüb çarpayısına düşdü. Sevindi ki, arzusu həyata keçəcək. Birdən, Zuzunun bədənindən qığılcımlar çıxdı. Oyuncaq vahiməli şəkildə titrəməyə başladı. Titrədikcə ağzından qara köpük gəlirdi. Sonra köpük qara tüstü ilə əvəz olundu. Tüstü bütün otağı bürüdü. İbiş huşunu itirib yıxıldı...
 
Gözünü açanda özünü bir xarabalıqda gördü. Hər tərəf zibillik, daş-kəsək idi. Qorxunc səslər gəlirdi. Ancaq ins-cins gözə dəymirdi. Başa düşdü ki, Zuzu onu Pis Uşaqlar Planetinə gətirib. 
 
Vahimədən az qaldı bağrı çatlasın. Qaça-qaça anasını səsləməyə başladı. Birdən qəhqəhə, gülüş səsləri eşitdi. Ayaq saxladı. Özü boyda bir dəstə uşaq ona baxıb gülürdü. Onların yarısı qız, yarısı oğlan idi, ayaqlarının altında təkərli taxtalar vardı. 
 
- Ey, hara qaçırsan,  ananı itirmisən? – uşaqlardan biri lağla soruşdu, qalanları da ucadan qəhqəhə çəkdi.
 
- Mən Yer Planetindən gəlmişəm.
 
- Ha, ha, bəs raketin hanı? - uşaqlar İbişi məsxərəyə qoydular. 
 
İbiş az qaldı ağlasın. Ancaq uşaqların içindən bir sarışın qız irəli çıxıb yoldaşlarına dedi:
 
- Uşaqlar, niyə lağa qoyursunuz? Unutmayın ki, biz də hərəmiz bir planetdən gəlmişik. Qonağı belə qarşılamazlar! Gəlin əvvəlcə onunla tanış olaq. Oğlan, sənin adın nədir? 
 
İbiş adını dedi.
 
Sarışın qız özünü və yoldaşlarını təqdim etdi:
 
- Mənim adım Matoş, o qızın adı Fatoş, o biri qızın adı Naradır. Bax, bu oğlan İkoş, o biri Zikoş, budakı Cikoşdur. 
 

Sonra Matoş dedi: 
 
- İbiş, sən bura necə düşmüsən?
 
Mən başqa planetə getməliydim, ancaq Zuzu səhvən bura gətirdi. – İbiş düzünü deməyə utandı. 
 
Matoş barmağını dişlədi:
 
- Hmm, demək Zuzu gətirib?  
 
- Onu tanıyırsan? - İbiş təəccüblə soruşdu.
 
Matoş başını yellədi:
 
- Yox, adını birinci dəfədir eşidirəm.
 
Yaxında dayanmış İkoş söhbətə qatıldı:
 
- İbiş, bizimlə oynamaq istəyirsən?  
 
Oyun adı eşidəndə İbişin bir az kefi açıldı.
 
- Sizin oyunlar necə olur?
 
Bu səfər Fatoş dedi:
 
- Gedək, görəcəksən!  
 
- Çox maraqlı olacaq. – Nara əlavə etdi. 
 
Ağzında saymazyana saqqız çeynəyən Zikoş müdaxilə etdi:
 
- Görmürsüz, o, ana uşağıdır, oynumuza mane olacaq!  
 
Matoş onun sözünü ağzında qoydu: 
 
- İbiş, hələ təzə gəlib, öyrənəcək də. Ancaq konkisi yoxdur, gəlin yekəpəri çağıraq onu dalına alıb aparsın. 
 
Ucadan fit çaldılar. Beş İbiş boyda nəhəng bir uşaq güllə kimi gəlib yanlarında necə tormozladısa toz-tozanaq ətrafı bürüdü. Yerdə on metrdən də çox iz qaldı.
 
İkoş dedi:
 
- Patoş, bu qaqaşı görürsən, başqa planetdən gəlib. İstəyirik aparaq bizimlə oynasın. 
 
Patoş aşağı əyilib İbişə dedi:
 
- Min belimə! 
 
İbiş qorxa-qorxa onun belinə mindi. 
 
- İrəli! - İkoş komanda verdi.
 
Yerdən götürüldülər. Yoldan çoxlu daş yığdılar. “Bu daşlar nə üçündür?” - İbiş soruşanda dedilər: “Bir azdan bilərsən.” 
 
Hər tərəfi şüşəli bir binanın yanında dayandılar. 
 
Zikoş dedi:
 
- Uşaqlar, xəbəriniz var da, sabah bu binanın açılışı olacaq?! Əla şüşələri var, daşları çıxardın başlayaq! 
 
İbiş kənara çəkilib dedi:
 
- Yox, mən belə oyun oynamıram, anam deyib ki, əziyyətlə qurulan şeyi dağıtmazlar!  
 
Bayaqdan uşaqların içində sakit görünən Cikoş coşdu:
 
- Uşaqlar, bu nə danışır, deyəsən başı xarabdır. Əziyyət çəkib, çəkib də, bizə nə, biz oyun oynamaq istəyirik!  
 
Zikoş dedi:
 
- Gördüz, mən dedim axı, o, ancaq mane olacaq!  
 
Matoş yenə İbişi müdafiə etdi: 
 
- Uşaqlar, o, yorğundur. Yaxşısı budur, bu gün kənardan baxsın. Mən də onun yanında qalıram. 
 

Zikoş hər iki əlinə daş aldı.
 
- Özünüz bilərsiniz, biz başladıq. Uşaqlar, bir, iki, üç, atəş! – deyə binanın şüşə təbəqələrindən birini nişan alıb var gücü ilə atdı. Şüşə çilik-çilik olub yerə töküldü. 
 
- Ura, mən, vurdum! – Zikoş qışqırdı. 
 
Onun ardınca o biri uşaqlar da başladılar binanı daşqalaq etməyə. İbiş qaçıb uzaqlaşmaq istədi. Ancaq Matoş onun əlindən tutub pıçıldadı: 
 
- İbiş, dayan, mən sənə bir sirr açmaq istəyirəm!
 
- Nə sirr? - İbiş təəccübləndi. 
 
- Məni də bura Zuzu gətirib.
 
İbişin gözləri bərəldi:
 
- Doğrudan?! Sən də Yerdən gəlmisən?
 
Matoş dedi:
 
- Hə, ancaq burda heç kim bilmir. Mən oyuncaqları çox incidirdim, sındırıb qırırdım. Bir gün qəribə bir qoca məhəlləmizə gəldi. Mənə Zuzu adlı oyuncaq verdi. Dedi, onu incitsən Pis Uşaqlar Planetinə düşəcəksən. Sözə qulaq asmadım, sən demə qoca sehrbaz imiş, nəticəsi də belə oldu.
 
İbiş dedi:
 
- Mən də elə sənin kimi bura düşmüşəm. Burda nə isə sirr var, Matoş. – deyə İbiş başını qaşıdı.
 
Matoş dedi:
 
- Sirri mən sənə açım. Düşdüyümüz bu planet əvvəllər kainatın ən gözəl hissəsi imiş. Onun hər tərəfini gül-çiçək, yaşıllıq bəzəyirmiş. Ona görə də adına Cənnəti-Məkan deyirmişlər. Başqa ulduzlardan bura istirahətə gəlirmişlər. Bir dəfə turistlər arasında bir pis uşaq olur. O, burada hər şeyi dağıdıb tökür, aləmi qatır bir-birinə. Sonra gəldiyi yerdən özü kimi nadinc uşaqları çağırıb yığır ətrafına. Ondan sonra bu yerin adı qalır Pis Uşaqlar Planeti. Sehrbaz qoca da bizi oyuncaqları incitdiyimizə görə cəzalandırıb bura salıb.
 
İbiş dedi:
 
- Demək, uşaqlar pis əməllərinə görə bura düşürmüşlər. Mən bir də oyuncaqları incitməyəcəm! 
 
- İbiş, daha söz vermək azdır, biz gərək bu Planeti əvvəlki vəziyyətinə gətirək, pis uşaqlara düz yol göstərək. Onda sehrbaz bizi bağışlar, evimizə qaytarar.
 
İbiş dedi:
 
- Görəsən, o, haradadır?
 
- İbiş, sənə bir sirr də açmaq istəyirəm.
 
- Nə? 
 
- Mən sehrbaz qocanı burda görmüşəm.
 
- Görmüsən?! 
 
- Dünən yol kənarında dayanmışdı. Məni görən kimi qeyb olub gözdən itdi.
 
- Onu tapmaq lazımdır!
 
- O, bizi izləyir?
 
- Hə bilirsən?! 
 
- Sehrbazdır axı, onlar hər şeyi görür. Pis uşaqları düz yola gətirsək, o, özü bizi tapar.
 
İbiş ümidsiz halda dedi:
 
- Bu, çox çətin işdir. 
 
Matoş İbişin əlini sıxıb dedi:
 
- Bir yerdə çətin olmaz!
 
Onlar birləşib yol axtardılar. Axırda tapdılar. Bu yaxşı işlər görmək, nümunə göstərmək yolu idi. Yəni, uşaqların hər pis hərəkətinə yaxşı hərəkətlə cavab vermək, ibrətamiz işlər görmək... Belə də etdilər. Pis uşaqlar dağıdırdı, uçurdurdu, İbişlə Matoş düzəldib qururdu. Pis uşaqlar ətrafı zibilləyirdi, İbişlə Matoş təmizləyirdi, pis uşaqlar qocaları, ahılları incidirdi, İbişlə Matoş, əksinə, yaşlılara kömək edirdi. 
 
Axırda yaxşı işlərin qarşısında pis uşaqlar tab gətirə bilmədi. Fatoş, Nara, İkoş, Cikoş, hətta Zikoş da özləri bilmədən bəd əməllərdən əl çəkib İbişlə Matoşa qoşulub xeyirli işlər görməyə başladılar. Qalan uşaqlar da düz yola gəldilər. Yaxşı işlər gördükcə uşaqlar özlərini xoşbəxt hiss edirdilər. Artıq öz evlərinə qayıtmaq, orada da ürəkaçan işlər görmək, valideynlərini sevindirmək istəyirdilər. Yavaş-yavaş Pis Uşaqlar Planeti təmizləndi, çiçəkləndi, əvvəlki kimi gözəl məkana çevrildi. 
 
Bir gün sehrbaz qoca da gəldi. Əsasını qaldırıb yerə vurdu. Kim hansı planetdən gəlmişdi, geri qayıtdı. Təkcə İbişlə Matoş qaldı.
 
İbiş qocadan soruşdu:
 
- Biz necə geri qayıdaq?
 
Sehrbaz qoca gülümsəyib dedi:
 
- İbiş bala, səni evə yanındakı Zuzu aparacaq!
 
İbiş başını döndərib gördü ki, yanında Matoşun əvəzinə Zuzu dayanıb. Təəccüblə qocaya tərəf döndü. Ancaq sehrbaz artıq yox idi. Daha heç nə fikirləşmədən “Zuzu, məni evimizə apar!” – deyib oyuncağın qarnındakı yaşıl düyməni basdı. Zuzunun ağzından ağ duman çıxdı, hər yeri bürüdü, göz-gözü görmədi. Duman çəkiləndə İbiş artıq öz evlərində idi. Gözlərinə inana bilmirdi. Evdə hər şey əvvəlki kimi idi. Heç bir dəyişiklik olmamışdı. Zuzu da öz yerində sakitcə dayanmışdı. Birdən dəhlizdən anasının səsi gəldi.
 
- İbiş, ana qurban, təzə süd almışam, içirsənsə bişirim?