Nağıllar, hekayələr

Gülzar İbrahimova. Quramaçı nənə

Biri vardı, biri yoxdu, Lənkəranda çiçəklər qədər zərif, çiçəklər qədər göyçək, Çiçək adlı bir qız vardı. Çiçəyin ata-anası həftənin iki günü qamış yığar, iki günü onu arıtlayar, iki günü ondan səbət toxuyar, bir günü də aparıb bazarda satar, bu yolla dolanardılar. Hər dəfə bazardan qayıdanda Çiçək soruşardı:

- Mən gəlincik istəyirdim. Bu gün də mənə gəlincik almadız?

- Gəlincikdən vacib şeylər var idi, onları aldıq. 

- Yenə gəlinciyim olmayacaq! – Çiçək ağlamsındı. – Çox qızların gəlinciyi var, mən də istəyirəm.

- Darıxma, çox keçməz bİr gün sənin də gəlinciyin olar, hələ pulumuz azdır. 

- İndi isə yorulmuşuq, bizə çay gətir. 

Belə söhbətlər neçə vaxt bundan əvvəl olardı. Çiçək indi daha bir az böyüsə də, hələ də gəlincik istəyirdi. Daha ata-anasına deməyə utansa da, həsrətlə gözləyirdi. Bilirdi ki, söz veriblərsə, pulları olanda alacaqlar. 

Bir gün ata-ana meşəyə qamış yığmağa getdi. Çiçək həmişəki kimi odun gətirib sobanı yandırdı. Evi yığışdırdı, samovarı qaynatdı, qazanı su ilə doldurub sobanın üstünə qoydu, soyutma kartof bişirdi. Həyəti süpürdü, güllərə su verdi, ağacları suvardı, toyuğa dən tökdü, nələr, nələr, yoruldu. Oturub dincəlmək, pendir-çörəyini yemək istəyirdi, həyətdən Quramaçı nənənin səsini eşitdi:

- Qurama, qurama, butalı, qotazlı, xonçalıq qurama, cübbəli qurama ! Kim istəsə gəlsin bu yana!

- Ay can, ay can, Quramaçı nənə gəldi! 

Hamı qurama satan nənəyə Quramaçı nənə deyərdi. Onun geydiyi paltarı da, satdlqları da quramadan idi. Qurama nənə çox dilli-ağızlı, məzəli olduğundan hamı onu çox istəyərdi. 

O, hər ayda bir dəfə özünün eşşək arabası ilə gələr,tikdiyi quramaları satar, sifariş yığıb gedərdi. Yorulanda Çiçəkgilin məhəlləsindəki tut ağacının kölgəsində oturar, dincini alar, sonra yenə yoluna davam edərdi. 

Çiçək qoca nənəyə həmişə çay verərdi. Hər dəfə də özünə az qalsa da, pendir-çörəyini quramaçı nənə ilə bölərdi. Bu dəfə nənə Çiçəkdən soruşdu:

- Niyə bikefsən?

- Bikef deyiləm!

- Gözlərindən görürəm. Hələ də gəlinciyin yoxdu?

- Hardan bilirsən?– deyib, Çiçək təəccübləndi, doluxsundu, sonra isə “yoxdu”, dedi.

- De mənə, sirr saxlaya bilərsən?

- Nə sirr?

- Mənim iki balaca gəlinciyim var, onları verim sənə?

- Biri bəsimdir. – Çiçək sevindi. 

- Biri sənin olacaq! Amma bil ki, onlar adi gəlincik deyillər, sehrlidirlər. 

- Sehrlidirlər? Hardadı onlar?

Munis nənə qurama torbasını açdı, ordan iki gəlincik çıxarıb Çiçəyə göstərdi. Biri sarışın saçlı, mavi gözlü, göy donlu, o biri qarasaç, qaragözlü, qırmızı donlu idi. Gəlinciklər parçadan tikilmişdi. Əyinləridəki qəşəng donları isə gülməxmər qurama parçalardan tikilmişdi. 

Gəlinciklər elə gözəl, elə şirin idilər, Çiçək onlara heyran-heyran baxdı, baxdı, amma hansının daha gözəl olduğunu ayırd edə bilmədi. Xeyli baxandan sonra sevinclə qışqırdı:

- Nə gözəldirlər! Mən elə həmişə beləsini istəmişəm! 

- Sus, axı dedim, aramızda sirr qalsın!..

Munis nənə, bunları sən tikmisən, - qız pıçıltı ilə soruşdu.

- Onları mənə quarama tikməyi öyrədən ustam bağışlayıb. 

Çiçək sevindiyindən Munis nənəni qucaqladı. Onun həyəcandan gözləri bərələ qalmışdı. Bilmirdi gəlinciklərdən hansını seçsin. Nənə dedi: 

- Çox fikirləşib özünü yorma, qoy şərtimi deyim sənə! 

- De, nənə! 

- İki gəlinciyin ikisini də sənə verəcəyəm, qırx gün səndə qalacaqlar. Qırxıncı gün hansını istəməsən, qaytar. 

- Nə yaxşı... Biri bəsimdir. 

- Götür, get! - Deyən kimi Çiçək sevincək gəlincikləri həyətə gətirdi. Onları öpdü, əzizlədi, sonra döşəkçəyə uzatdı. Uzadan kimi gəlinciklərin ikisi də birdən qalxdı. Çiçək təəccübdən quruyub qalsa da, yadına düşdü ki, Munis nənə “Gəlinciklər sehrlidir”, demişdi.

Bununla belə gəlinciklərin hərəkəti onu qorxutdu, istədi onları nənəyə qaytarsın, çıxıb baxdı, gördü, qarı yoxdur. Munis nənə elə bil yoxa çıxmışdı. Peşman geri döndü. Bu dəfə gördü gəlinciklər əl-ələ tutub fırlanır. Özləri də bərkdən gülür...

Gəlinciklərin ürəkdən gülməyi onu da güldürdü. Bu vaxt həyət darvazası açıldı, ata-ana həyətə girdi. Gəlinciklər bir anda elə hərəkətsiz dayandılar, elə bil fırlanan, gülən onlar deyildi. Çiçəyi gülmək tutdu. Ata-ana soruşdu:

- Nə olub, nəyə gülürsən?

- Gəlinciklər oynayırdı, ona gülürəm.

Əlbəttə, ata-ana gəlinciklərin oynamağına inanmasa da, həmin gün Çiçək üçün maraqlı hadisələr baş verdi. O, ilk gündən gəlinciklərin ikisini də xoşladı. 

Sarışın gəlincik bütün günü gözəl-gözəl mahnılar oxuyar, Çiçəyi mahnıları, səsi ilə heyran edər, onu maraqlı nağıllarla təəccübləndirərdi. 

Gah yanltmaclar deyər, gah kədərli rəvayət danışıb qəmləndirər, gah gülməli qaravəlli danışıb güldürərdi. 

Qaraca gəlincik isə qollarını çirmələyib bütün işlərdi. İşini qurtaranda Çiçəyin saçlarını darayar, hörər, daşlardan həna toplayıb onun əlinə, ayağına həna qoyardı.

Çiçək özünü xoşbəxt hiss edirdi. Hərdən Sarışına deyirdi:

- Bəsdir oxudun, sən də bir iş gör, Qaraca oturub dincəlsin. 

Qaraca razı olmurdu:

- Hərənin öz işi var. Mən işləməliyəm, o da çalıb-oxumalıdır. Qurama nənə bilsə biz-birimizin işini görmüşük, hirslənər. 

- Nə deyirəm ki... – Çiçək daha heç nə demədi. 

Ata-ana evdə olanda gəlinciklərdən səs çıxmazdı. Elə ki, onlar işə gedirdi, hay-küyləri aləmə yayılardı. Çalan, oxuyan, iş görən... Amma işi ancaq Qaraca görürdü. Kimsə kömək eləyəndə onun acığı tutardı.

Qaraca Çiçəyi stəkan da yumağa qoymaz, işləri özü edərdi. 

Deməyin ki, balaca bir gəlincik bir evin işi ilə necə bacarırdı...

Elə ki, ata-ana həyətdən çıxırdı, Sarışın da Qaraca da böyüyb Çiçək yaşda 7 yaşlı qız olurdu. Qaraca qaçıb tez darvazanı

Çiçək iş görməyə başlayan kimi hansı iş olursa, Qaraca əlindən alar, özü edərdi.. 

Səhər hamıdan əvvəl durar, bir zənbil göbələk, bir qab moruq, dağ göyərtisi, bağ göyərtisi yığardı. Ana soruşardı:

- Bu göyərtilər hardandır?

Çiçəyin yalan danışmaqdan başqa yolu qalmazdı. İlk dəfə Çiçək deyəndə “Gəlinciklər oynayırdı, onlara gülürdüm”, heç kəs inanmadı. Bilirdi indi də düzünü desə, inanmayacaqlar. Çiçəyin gördüyü iş təkcə ondan ibarət idi ki, ata-ana evdə olanda onlara çay süzərdi. 

Çiçək özü də artıq tənbəlləşmişdi. Bütün işləri Qaraca elədiyindən, o gündən-günə kökəlib, şişirdi. Qaraca bişirən dadlı göbələklər o qədər xoşuna gəlirdi ki, doyunca yeyir, amma iş görmədiyindən kökəlirdi. Ata-ana kasıblıq içərisində Çiçəyin gündən-günə kökəlməyinə məəttəl qalmışdılar.

Qonşuların da hətta Çiçəyə yazıqları gəlirdi:

- Qız, nə olub sənə, azarlamamısan, niyə belə kökəlmisən? 

Ata-ana evdən çıxandı Çiçəyə çoxlu iş tapşırırdılar, arıqlasın, bununla belə, baxırdılar, qız elə kökəlir. Səbəbini bilmirdilər. 

Əslində Çiçək özü də bundan narahat idi. Aynaları olmasa da, hər dəfə Çiçək bulağa gedəndə öz əksini suda görüb narahat olurdu. Onun gözəlliyi azalmış, özü də böyük qıza oxşayırdı. 

Bununla belə, Çiçəyin gəlinciklərlə günü şən keçir, hərəkətlərinə o qədər gülürdi ki... Onları çox istəyir, gah Sarışını, gah Qaracanı qucaqlayıb öpürdü. 

Elə ki, qızlar bir-birinə qoşulub çalıb oynayırdılar, tamaşa göstərirdilər, Çiçək gülməkdən az qala uğunub gedirdi. Vaxt elə tez gəlib keçdi, o bir gün eşitdi:

- Qurama, qurama, butalı, qotazlı, xonçalıq qurama, cübbəli qurama ! Kim istəsə gəlsin yanıma!

Çiçəyin yadına düşəndə bu gün vədə çatıb, kədərləndi. İstəmirdi gəlinciklərin hansındansa ayrılsın. 

O, peşman-peşman gəlincikləri götürüb Quramaçı nənənin yanına gəldi. Əvvəllər qaça-qaça gəlsə də, indi o qədər kökəlmişdi, çətin yeriyirdi. Quramaçı nənə Çiçəyi belə görəndə ona yazığı gəldi.

- Gəlincikləri sevə bildinmi? – Soruşdu. 

- Sevdim!

- Hansını daha çox sevdin?

- İkisini də!

- Amma birini saxlamalısan! Onlardan hansını saxlayırsan?

Bir xeyli fikirləşəndən sonra Çiçəyin dili topuq vurdu:

- İkisini də sevdim, amma Qaraca inciməsin, o məni iş görməyə qoymur, işsiz qalıram. Həm də Sarışının nağıllarını, mahnılarını çox sevdim. Mən işlərimi özüm görərəm, amma Sarışın qədər çoxlu hekayətlər, mahnılar bilmərəm. Ona görə Sarışınsız qalmaq istəmirəm!

- Səndən bunu eşitmək istəyirdim! – Deyib Çiçəyi qucaqladı, öpdü, Sarışını ona bağışladı. 

O gündən Çiçək yenə işgüzar, gözəl qız oldu. Quramaçı nənə ona qurama toxumaq da öyrətdi. Çiçək elə gözəl quramalar quradı, hamını heyran qoydu. Quramaları satdılar, kasıblığın daşını atdılar. Gülzar nənə də nağılları yamadı, quradı, quramadan nağıl yazdı, balalara payladı.