Nağıllar, hekayələr

Ana rəhmi

Natəvan oğlu Mehdiqulu ilə qızı Xanbikənin əlindən tutub seyrə çıxmışdı. Yazın yaxşı vaxtı idi. Yal-yamacın tamaşasından doymaq olmurdu. Qarlı quzeylərin ağlayan, güllü güneylərin gülən günləri idi. Bulaqların, çayların qah-qah çəkən, uğunub gedən anları idi.

 

Birdən onların qarşısına bir atlı çıxdı. Qucağında da bir əlik. Ovçu tüfəng-tapançalı, yay-oxlu, qılınc-qalxanlı, şahqatarlı idi.

 

Atdan endi.

 

Natəvanı yaxşı tanıyırdı. Onun qəzəllərini az əzbərləməmiş, kefinin kök vaxtı dərələrdə, meşələrdə avazla az oxumamışdı.

 

— Xanım, — dedi, — bugünkü ovum sizin qismətinizdir. Uşaqlar əl-ayağı bağlı əliyə qorxa-qorxa yaxınlaşdılar, əllərini ehtiyatla toxundurdular. İlk təmasdan diksinən əlik tumara tez yatdı, xoşhallandı. Ölüm vahiməsi yaşlı gözlərindən çəkildi. Çapaladı, sanki Natəvandan imdad istədi, onu köməyə çağırdı: “Əl- qolumu aç, — dedi, — mən də anayam, mən də balalarımın yollarda qalan gözlərini özlərinə yığmaq, həsrətli gözlərinin sel yaşlarını qurutmaq istəyirəm”.

 

Natəvan baxıb gördü ki, ana əlikdir, süd verən vaxtıdır. Ovçuya dedi:

 

— Əliyin əl-ayağın aç, balaları yolunu gözləyir.

 

Ovçu pərt oldu. Dinmədi. Uşaqlar anasının ətəyinə sarmaşdılar:

 

— Yox, ana, — dedilər, — qoy evimizə aparaq, biz onu saxlamaq istəyirik.

 

Natəvan çox dedi, uşaqlar az eşitdi. Ayaqlarını yerə döyə-döyə zar-zar zarıdılar, yalvardılar. Ana gördü ki, əmrlə, hökmlə nə əliyi onların əlindən ala biləcək, nə də balalarının ürəyini sındırmağa dilindən var gələcək. Oturdu. Uşaqların hərəsini bir dizinin üstünə alıb onlara maraqlı, təsirli bir əhvalat danışmağa başladı:

 

— İnişilin söhbətidir. Siz onda lap balaca idiniz. Sizi yatırmışdım. Bax, o dağın dalına aşdım ki, qantəpər çiçəyi yığım, gətirib beşiyinizin başından asım. Qantəpərin ətri uşağın üzünə lalə rəngi gətirir, otaq, ev düz bir həftə müşkənbər qoxuyur... Bir də gördüm, meşədən bir dəstə atlı çıxdı. Atlarını çapdılar. Üstümü aldılar.

 

Barmaqlarımda qızıl üzüklər, biləyimdə bilərziklər, qulağımda qiymətli sırğalar, boynumda boyunbağı, belimdə gümüş kəmər vardı. Bu quldurlar məni meşəyə aparıb öldürmək istədilər. Sonra da daş-qaşımı soyub aparacaqdılar. Axı kəsik baş dilsiz olar... Məni xeyli sürütlədilər. Qulağıma sizin səsiniz gəldi. Elə bildim, oyanmısınız, məni çağıransınız, sizə hay verməmişəm. Ağlaya-ağlaya, “ay ana!” deyib məni çağıra-çağıra çöllərə düşmüşsünüz. Dartındım, quldurların əlindən çıxdım, özümü qayalardan ata-ata qaçdım. Gəlib gördüm siz, doğrudan da, yetim quzu kimi mələyirsiniz, səsiniz dağlara ün salıb. Mənim balalarım, bu əlik də anadır, balaları var, görmürsünüzmü, südlüdür? Siz istərsinizmi, əliyin balaları yetim qala?

 

Uşaqların hərəsi bir yandan Natəvana sarmaşdılar:

 

— Yox, ana, — dedilər, — yox, yox!..

 

Ovçu əliyin əl-ayağını açıb buraxdı. Uşaqlar onun qaçmağına baxa-baxa sevinirdilər