Nağıllar, hekayələr

Rafiq İsmayılov. Vətən sağ olsun

Uşaqlıqdan bəri tez-tez eşidirdim: “Düşmən tapdağı altında olan torpaq-larımızı azad edəcəyik!” İndi bu cümlə mənim üçün, sadəcə, şüar deyildi, ətrafımda baş verən, mənim də iştirak etdiyim real hadisə idi. Əlimdə silah irəliyə doğru atdığım hər bir addımda mən bu sözləri canımla, qanımla hiss edirdim...

 

Alay qərargahından əmr gəlmişdi: başçılıq etdiyim taqım Şuşa istiqamətində hərəkət edən piyada taboru ilə birləşməli idi. Sevincimin həddi-hüdudu yox idi. Şuşanı heç vaxt görməsəm də, o mənim üçün əlimdən alınmış doğma, müqəddəs bir yer idi. Sevinirdim ki, qismətimdə onun uğrunda döyüşmək, bəlkə də, canımdan keçmək şərəfi varmış...


İyirmi iki nəfər idik. Yolumuz dağlardan, meşələrdən keçirdi. Bu yerlərdən top, tank keçirmək mümkün deyildi. Ona görə də yalnız piyadaları götürmüşdüm. Bizə tapşırılmışdı ki, əsas qüvvələrlə birləşənədək düşmənin gözünə görünməyək.

 

Gecə-gündüz dayanmadan gedərək təyin olunmuş vaxtda görüş yerinə çatdıq. Axşam vaxtı idi. Mən əsgərlərimə dincəlmək əmri verib tabor komandirini axtarmağa getdim.

 

Mayor Əsədov bir neçə bölük komandiri ilə birlikdə ağacın altında oturub söhbət edirdi. Mən yaxınlaşıb hərbi salam verdim və özümü təqdim etdim:

 

– Baş leytenant Zamanlı!.. Cənab mayor, icazə verin məruzə edim...

 

O, başını qaldırıb üz-gözünü turşutdu. Kobudcasına sözümü kəsdi:

 

– Yaxşı görək, leytenant. Bura hərbi məktəb deyil. Mil kimi dayanıb durma!

 

Mən duruxdum, onun son sözlərini başa düşmədim.

 

– Əəə, otur, deyirəm.

 

Mən pərt halda komandirin qarşısında oturdum. “Görəsən, haradan bildi ki, hərbi məktəbi qurtarmışam”, – deyə düşündüm. Ayın zəif işığında diqqətlə onun üzünə baxdım. Yaşı əlliyə yaxın olardı. Səsi xırıltılı idi. Alnındakı dərin çapıq onsuz da zəhmli sifətini daha qorxunc edirdi. Bir sözlə, əsl döyüş canavarı idi.

 

Əsədovun əlində kağız parçası var idi. Orada xəritəyə oxşayan bir şey cızmışdı.

 

Hücum əməliyyatını bölük komandirlərinə izah edirdi:


– Baxın, bura Şuşanın Laçın tərəfdən girişidir. Biz isə indi bax bu nöqtədə yerləşmişik, girişin dörd kilometrliyində. Bilirsiniz ki, şəhərin qalan tərəfləri sıldırım qayalıqlardır. Xüsusi təyinatlı döyüşçülərimiz gecə bu qayalarla dırmaşıb düşmənə hücum edəcəklər... – o, sözünə ara verib sanki fikrə daldı. – Allah özü onlara kömək olsun... Səhər saat 4-də isə biz əsas girişdən şəhərə daxil olmalıyıq. İndi isə dağılışın, hücuma qədər yaxşıca dincəlin.

 

Biz ayağa qalxdıq. Mən bölüyümə tərəf yönəldim. Bu vaxt cavan zabitlərdən biri mənə yaxınlaşdı.

 

– Leytenant, deyəsən, komandirdən incidin.

 

– Düzü, belə gözləmirdim...

 

– İncimə, qardaş. Komandirimiz Qarabağ uğrunda vuruşanda biz səninlə hələ anadan olmamışdıq. Onun ermənilərlə öz haqq-hesabı var. Oğlu da xüsusi təyinatlıdır. Təsəvvür edirsən, ata burada, oğul da şəhərin o başında düşmənlə ölüm-dirim savaşına hazırlaşırlar.

 

Zabit əlini dostcasına kürəyimə vurub məndən ayrıldı. Onun bu sözlərindən sonra döyüş ruhuma bir stimul da qatılmışdı: Əsədovun hörmətini qazanmaq.

 

Gecəyarısından etibarən Şuşa tərəfdən atəş səsləri gəlməyə başladı. Getdikcə səslər güclənirdi. Hiss olunurdu ki, şəhərdə qızğın döyüş gedir. Nəhayət, mayor Əsədov hücum əmri verdi və biz Şuşaya tərəf irəliləməyə başladıq. Tabor komandiri qarşıda gedirdi. Mən ondan geri qalmamağa çalışırdım. Birdən o mənə tərəf dönüb dedi:

 

– Leytenant, sən öz bölüyünlə arxamızca gəl. Şəhərin girişində qırğın olacaq. Baş çıxara bilməzsən.

 

Başa düşə bilmirdim, komandir qayğıma qalır, yoxsa Şuşaya birinci girmək şərəfini heç kimlə bölüşmək istəmir? İstənilən halda əmrə tabe olub bölüyümlə arxa cərgələrdə yer tutdum.

 

Şəhərin girişində, doğrudan da, əsl cəhənnəm idi. Düşmən gülləsi baş qaldırmağa imkan vermirdi. Mən ötən bir ay ərzində bir neçə döyüşdə iştirak etmişdim. Amma beləsini görməmişdim.

 

Nəhayət, bizim snayperlər düşmənin bir neçə pulemyotçusunu susdurdu. Elə bu vaxt şəhərin girişində mayor Əsədov göründü. Əlində üçrəngli bayrağımızı tutmuşdu. Onun hayqırtısı atəş səslərini batırdı:

 

– Haydı, əsgərim, irəli! Şuşa bizimdir!

 

Elə bu zaman o, yanında partlayan qumbaranın toz-dumanı içində görünməz oldu. Mən qeyri-ixtiyari ayağa qalxıb bölüyümü hücuma səslədim və irəli atıldım. Şəhərə daxil olanda qala divarının yanında yerə uzanmış Əsədovu gördüm. O, qan içində idi. Cəld ona yaxınlaşdım:

 

- Komandir, yaralanmısınız?

 

- Yaralanmışam?.. Mən ölürəm, oğul, - mayor titrək səslə deyib əlindəki bayrağı mənə verdi. - Al bunu, qala divarının üstündən as. İndi taborun komandiri sənsən. Elə et ki, səhərə kimi bu mənfurların izi-tozu da mənim şəhərimdə qalmasın!

 

Sonra o, huşunu itirdi. Mən onun çiynindən tutub silkələdim:

 

- Komandir!.. Komandir!.. Bir söz deyin... Sağsınız?!

 

O, son sözlərini demək üçün bir daha gözünü açdı:

 

- Vətən sağ olsun, oğul!.. - deyib həmişəlik gözlərini yumdu.