Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Xırcanın nağılı

Biri vardı, biri yoxdu, Xırcan adında bir dələ vardı. Bu dələ neçə gün idi yeməyə bir şey tapmırdı. Daha acından taqəti qalmamışdı. Ağacdakı yuvasında oturub son günlərini sayırdı. Birdən qonşu ağaca bir qara Qarğa qondu. Onun dimdiyində iri bir qoz vardı.
 
Qozu görəndə Xırcanın gözlərinə işıq gəldi, ağzı sulandı.

- Qar-qar xanım, salam! Xoş gördük səni, çoxdandır görsənmirsən?! - deyə Dələ Qarğanı salamladı.

Qarğa ağzındakı qozu caynağı ilə götürüb dedi:

- Xırcan bəy, iş-güc qoyur ki, heç başımı qaşımağa vaxt yoxdur.

- Qar-qar xanım, səni gördüm, çox sevindim, səsin gəlməyəndə bütün meşə darıxır! - deyə Dələ şirin dilini işə salıb Qarğanı xeyli təriflədi, sonra yazıq-yazıq dedi: - O qozu ver mənə yeyim, neçə gündür yaman acam!

- Xırcan bəy, gərək bağışlayasan, qozu verə bilməyəcəyəm, çünki mən səndən də bərk acam - deyə Qarğa qozu ayağı ilə atıb-tutmağa başladı.

Qoz yuxarı-aşağı hərəkət etdikcə Xırcanın gözləri də yuxarı-aşağı gedirdi, az qalırdı başı gicəllənsin. Birdən Qarğa dayanıb dedi:

- Xırcan bəy, mən bu qozu sənə sata bilərəm, bilirsən mənim yaman borcum var?!

- Bir qoz nədir ki, onu satmaq istəyirsən, mənim heç nəyim yoxdur axı?!

Qarğa dedi:

- Heç nəyin yoxdur, onda bir iş deyim, onu elə. 

Xırcan ehtiyatla dedi:

- O nə işdir?

Qarğa dedi:

- Xırcan bəy, nənəmdən mənə zümrüd qaşlı çox qiymətli bir üzük qalmışdı. O, mənim üçün ən əziz yadigardır. Həmişə gizli saxlayırdım. Bir dəfə, gic kimi, götürüb onu havada günəş işığına verirdim. Elə bərq vurdu ki, gözlərim qamaşdı, karıxıb yerə saldım, dığırlana-dığırlana gedib girdi bir deşiyə...İndi mənə kömək edib üzüyü oradan çıxartsan, sənə qozla dolu elə bir yer göstərərəm ki, ömrünün axırına kimi yesən qurtarmaz.

Xırcan dedi:

- Sən özün niyə çıxarmırsan?

Qarğa dedi:

- Mən ora girə bilmirəm, qanadlarım mane olur. 

Dələ dedi: 

- Onda üzük düşən yeri göstər, sonra danışarıq. 

Qarğa dedi:

- Gəl dalımca!

Qarğa göylə uçdu, Xırcan da yerlə qaçdı, gəlib çatdılar bir tənha ağacın yanına. Qarğa yerdə qol yoğunluğunda bir deşiyi göstərib dedi:

- Dələ qardaş, üzük bura düşüb. Xırcan ehtiyatla başını dəliyə yaxınlaşdırıb dedi:

- Bu ilan yuvasına oxşayır, mən qorxuram bura girməyə.

Qarğa dedi:

- Xırcan bəy, nə danışırsan, mən səni heç ilan olan yerə göndərərəm?! Heç nədən qorxma, mən burdayam! - deyə Qarğa ayağı ilə Dələni itələyib zorla deşiyə saldı. 

Dələ bir az dərinliyə getmişdi ki, qabağına balaca qapı çıxdı. Burnunun ucu ilə itələyib qapını açdı. İçəridən işıq gəldi. Xırcan baxdı ki, aşağıda iri bir daşın üstündə üzük var.

Üzüyün qaşı elə bərk vururdu ki. Parıltısı ətrafı günəş kimi işıqlandırırdı. Qapıdan aşağı pilləkən uzanırdı. Dələ ehtiyatla aşağı düşdü. Hər yan zinət əşyaları, daş-qaşla dolu idi. Qaçıb daşın üstündəki üzüyü götürdü.

Birdən arxadan fısıltı səsi gəldi. Xırcan diksindi, geri dönüb baxanda dəhşətə gəldi. Qorxunc bir ilan quyruğu üstə dayanıb hirslə ona baxırdı. Xırcan qorxudan əsə-əsə üzüyü yerinə qoydu.

İlan vahiməli səslə dedi:

- Dələ, sən hansı cürətlə mənim xəzinəmdən oğurluq edirsən?!

Dələ udquna-udquna dedi:

- İlan qardaş, mən oğru deyiləm. Qar-qar xanım dedi ki, üzüyü düşüb bura, onu çıxartsam mənə qoz verəcək. Mən də acından ölürdüm...

İlan quyruğunun ucu ilə Dələnin arıq boğazından yapışıb özünə tərəf çəkdi.
 
 – Axmaq Dələ, elə mən də acından ölürəm!

Xırcanın vahimədən az qaldı bağrı çatlasın.

- İlan qardaş, yalvarıram, məni udma, Qarğa məni aldadıb, bura sizin olduğunu bilmirdim!

- Aldadıb?! Bəs sənin ağlın harda idi? Sənin kimi oğrular bura çox gəlib, hamısını udub həzm eləmişəm! - deyə İlan quyruğu ilə dələni dartıb lap ağzının ucuna gətirdi.

- İlan qardaş, o yazıqları da Qarğa aldadıb. Əgər siz doğurdan da müdrik heyvansınızsa, gərək birinci Qarğanı cəzalandırasız, bir də o, heç kimi aldatmasın – deyə Dələ son ümidlə xırıldadı. 

Söz İlanı tutdu, qaşlarını dartıb fikrə getdi.
 
–Düz deyirsən Dələ, gərək birinci mən Qarğanın dərsini verəm! - deyə İlan quyruğunu açıb Dələni buraxdı.

Dələ boğazını ovuşdura-ovuşdura nəfəsini dərib bir balaca özünə gəldi. İlanın yumşaldığını görüb sevindi.

- İlan qardaş, Qarğa cəza almasa pis əməllərindən əl çəkməyəcək, bir dəfə mənim kimi sadəlövh heyvanları aldadıb bu üzüyün dalınca ölümə göndərəcək – deyə Dələ əli ilə üzüyü göstərdi.

İlan dedi:

- Bu üzük mənimdir, onu heç kim götürə bilməz!

Dələ dedi:

- Ancaq Qarğa isə deyir, mənimdir.

İlan hirsindən od püskürdü:

- Qarğa hansı cürətlə, “bu üzük mənimdir”, deyir?!

Əlimə keçsə, o ifritənin boğazını üzəcəm!

Dələ dedi:

- İlan qardaş, icazə verin mən çıxım Qarğanı yuvanın ağzına gətirim, siz də ona nə istəyirsiniz edin.

- Yaxşı fikirdir! - deyə İlan quyruğu ilə Dələni qaldırıb yuvanın ağzına qoydu.

Xırcan yuvadan sağ-salamat çıxanda Qarğanın gözləri kəlləsinə çıxdı, udquna-udquna dedi:

- Nə oldu, üzüyü gətirdin?

Dələ dedi:

- Qar-qar xanım, sən əvvəl qozu ver, acından ürəyim üzülür, danışmağa taqətim yoxdur. Qarğa qozu verdi. Dələ dərhal qozu sındırıb içini acgözlüklə yedi. Sonra dedi:

- Qozla dolu olan yeri də de, şad xəbərim var!

Qarğa həmin yeri nişan verdi. Dələ dedi:

- Qar-qar xanım, heç bilirsən nə olub?! Aşağıda yekə bir ilan ölüb qalıb. İçəri doludur qiymətli daş-qaşla. O qədər üzük-müzük var ki, hamısı qarışıb bir-birinə. Mən bilmədim hansı sənindir. Yaxşısı budur özün gir yuvaya, həm üzüyünü götür, həm də nə qədər istəyirsən daş-qaş.

Qarğa sevincindən qanad çalıb oynamağa başladı.

- Qar, qar...mən bu günü çoxdan gözləyirdim!

Qar, qar...indi o bədheybətin bütün qızılları mənim olacaq!

Qarğa oynaya-oynaya yuvaya yaxınlaşdı. İlan qəfildən quyruğu ilə onun boğazından yapışıb içəri dartdı. Qarğanın boğuq səslə xırıltısı gəldi:

- Kömək edin, kömək edin!...

- Hiyləgər Qarğa, özgəyə quyu qazan, özü düşər! - deyə Dələ qoz olan tərəfə götürüldü.