Nağıllar, hekayələr

Əsl dost

Bahar idi. Parlaq yaz günəşi səmada işıldayaraq artıq yerdəki qarı əritməyə başlamışdı.  


Mişa yayın gəlməsini səbirsizliklə gözləyirdi, çünki iyun ayında onun on iki yaşı tamam olacaqdı və valideynləri ona, çoxdan arzuladığı velosipedi hədiyyə edəcəklərinə söz vermişdilər.


Mişanın köhnə bir velosipedi var idi, amma o, yenisini, daha böyüyünü istəyirdi. Mişa məktəbdə yaxşı oxuduğuna görə  anası, atası, bəzən də nənə-babası ona, əla davranış və yaxşı qiymətlərə görə, tərif kimi pul verirdilər. Mişa bu pulları xərcləmirdi, yığırdı.

Onun böyük daxılı var idi və verilən bütün pulları onun içinə yığırdı. 


Dərs ilinin əvvəlinə Mişa xeyli miqdarda pul yığmağı bacarmışdı. Oğlan bu pulları daxıldan çıxarıb valideynlərinə vermək istəyirdi ki, ad günündən əvvəl ona arzuladığı velosipedi alsınlar, çünki, o, artıq həqiqətən yeni velosipedini sürmək istəyirdi.


Məktəbdə Mişanın Paşka adlı yaxın dostu var idi. Onunla bir parta arxasında otururdu və müəllimlərində dediyi kimi, “aralarından su keçməzdi”. Paşka sinif nümayəndəsi idi. 


Bir gün sinif rəhbəri Natalya Qriqoryevna may tətili zamanı şagirdləri sirkə aparacağını bildirdi və sinif nümayəndəsinə pul yığmağı tapşırdı. Paşa çox məsuliyyətli oğlan idi: bilet pulunu kimin verdiyini nəinki yazırdı, həm də bütün pulları səliqə ilə çantaya qoyur, sonra da itirməmək üçün bel çantasında gizlədirdi.


Beləliklə, tətilə az zaman qalmışdı ki, Paşka içi pul olan paketi itirdi. O, pulları bel çantasına necə qoyduğunu çox yaxşı xatırlayırdı, sonra məktəb stadionunda futbol oynamaq üçün oğlanlarla qaçdığını və bel çantasını paltardəyişmə otağında qoyduğunu xatırladı.

Paşka  çantanın içindəkilərini yerə tökdü və pulu tapmaq ümidi ilə hər bir dəftərin vərəqlərini yoxladı, lakin axtarış nəticəsiz oldu.


"Yəqin, götürüblər!" - Paşa kədərlənərək dedi.


"Xeyr, çox güman ki, onu hardasa salıbsan" – deyə Mişa ona təsəlli verdi.


- Uşaqlara, sinif rəhbərinə nə cavab verəcəm! Yaxşı, de görüm, indi nə edim? Bəlkə elan verək? Yazaq ki, pul dolu paket itib...


- Sənə kim inanacaq? Onu artıq tapıblarsa, deməli, artıq özlərinə götürüblər.


Mişa bir dəqiqə düşündü, sonra yüksək səslə, əli ilə alnına vurub dedi: "Necə ağlıma gəlmədi?! Məni burada gözlə, tezliklə qayıdacam”. 


Yarım saatdan sonra Mişa daxılı ilə qayıtdı, içindəkiləri skamyaya töküb dostundan soruşdu: 


"Sənə nə qədər lazımdır?" 


Paşa tələb olunan məbləği hesablayıb götürdü, qalanını isə Mişaya qaytardı. 


"Mişa, bilirsən ... mən həmişə bilirdim ki, sən əsl dostsan ... daha deməyə sözüm yoxdur" Paşka Mişaya gülümsəyərək dedi. 


"Bəs sən nə üçün bu pulları yığırdın?" o, əlavə etdi. 


"Artıq heç bir əhəmiyyəti yoxdur" - deyə Mişka bir az kədərlə cavab verdi.


Axşam Mişanın anası daxılın demək olar ki, boş olduğunu gördü. Mişanı otağa çağırıb soruşdu:


- Dözə bilmədin həəə, xərclədin pulları?


- Xərclədim.


- Nəyə xərclədin? 


- Bilirsən, ana, Paşka sinif nümayəndəsi kimi sirkə pul yığmalı idi. Yığdı, amma sonra itirdi. Ona verdim.


- Doğrudanmı itirdi?


- Tam olaraq! Paşka heç vaxt məni aldatmaz, bunu dəqiq bilirəm.


- O zaman yaxşı edib ona kömək edibsən. Ümumiyyətlə, bilirsən, Mişa, sən əsl dost kimi davranıbsan!


Paşka da bu cür dedi mənə “Sən əsl dostsan!”.


Ertəsi gün səhər Mişa qəribə bir səsdən oyandı. O, gözlərini açdı və atasının təzə velosipedin sükanına söykəndiyini və zəngi çaldığını gördü.


- Ata, mənə velosiped almısan?! Amma ad günümə hələ bir aydan çox vaxt var. Mən isə buna layiq deyiləm, topladığım pulları vermişəm.


- Bax elə ona görə buna layiqsən! Yaya qədər gözləmək nəyə lazımdır, qar artıq əriyib. Paşkanın yanına qaç və tez onu velosiped sürməyə çağır.