Nağıllar, hekayələr

Hüseyn Abbaszadə. Qızılgülün nağılı

Qədim zamanlarda bir bağban vardı. O, gül-çiçəyi çox sevərdi. Qızılgüldən isə daha çox xoşu gələrdi. Ancaq qızılgül açılanda gecə kimsə gəlib onu aparardı.

 

Bir gün oğrunu tutmaq üçün bağban keşik çəkməli olur. Gecə keçir, lakin oğru görünmür. Səhərə yaxın bağban səs eşidir. Gözünü açanda bir divin qızılgülləri dərdiyini görür.

 

Səhər bağban gəlib gördüyünü qoca bir kişiyə danışır. Qoca onu arxayın edib sakitləşdirir. Dərdinə çarə tapılacağını söyləyir.

 

Ertəsi gün bağban gələndə görür ki, bağda çoxlu qızılgül açıb. Diqqətlə baxanda qızılgüllərin budaqlarında tikanlar görür. Başa düşür ki, bu, qocanın işidir. Çox heyifsilənir. Lakin başa düşür ki, bu tikanlar gözəlliyi qorumaq üçündür. Deyirlər ki, o vaxtdan qızılgüllər tikanlı qalıb.