Nağıllar, hekayələr

Əli Səmədov. İş insanın cövhəridir

Biri vardı, biri yoxdu, bir cavan vardı. O, qocalmaqdan çox qorxurdu. Bu adam əlini ağdan qaraya vurmurdu. Ancaq yeyib yatırdı. Ona gülüb deyirdilər:

 

- Əgər qocalıq küçə ilə gəlsə, nə edərsən?

 

- Elə qaçaram ki, o mənim izimə-tozuma da çata bilməz.

 

- Bəs evdə oturanda gəlsə?

 

- Qapı-pəncərəni elə bağlayaram ki, mənə heç yaxın düşə bilməz.

 

O, doğrudan da, belə edirdi. Küçəni qaça-qaça gedirdi. Evdə olanda isə qapı və pəncərələri bərk-bərk bağlayırdı. Həmişə də xəstə* olurdu. Yaş isə öz işini görməkdə idi. Onun qara saçlarına dən düşürdü. Qaməti yavaş-yavaş əyilirdi. Qocalmaqdan qorxan adam eşitdi ki, bir dağda qoca bir kahin yaşayır. Öz xeyirxah məsləhətlərini heç kəsdən əsirgəmir.

 

O geyinib qoca kahinin yanına yollandı. Az getdi, çox getdi, gəlib həmin yerə çatdı. Gördü ki, qoca kahin qan-tər içində yer belləyir.

 

Çatıb salam verdi. Qoca kahin onun salamını aldı. Ancaq işindən ayrılmadı. Qocalmaqdan qorxan adam səbirlə gözlədi. Qoca kahin isə işləyirdi. Gün batanda o, alnının tərini silib tarladan çıxdı. Qocalmaqdan qorxan adamın kahinə ilk sualı belə oldu:

 

- Ey kahin baba, siz qocalmaqdan qorxmursunuz?

 

Qoca kahin:

 

- Qorxuram, - dedi.

 

- Bəs nə üçün belə qan-tərə batıb yer belləyirsiniz?

 

- Qocalmaqdan qorxduğum üçün.

 

Adam təəccüblə kahinə baxdı.

 

Qoca kahin yenidən dilləndi:

 

- Mənim sözlərimə təəccüb edirsən? Ataların sözünü heç zaman unutma: “İş canın cövhəridir”. Qocalıq ancaq tənbəlləri və ondan qorxanları yaxalayır. Bu dünyada yüz on il ömür sürmüşəm. Əkmişəm, biçmişəm, xəstəlik nə olduğunu bilməmişəm.

 

Cavan, elə bil, yuxudan ayıldı.Qoca kahinə diqqətlə baxdı:

 

- Neçə yaşınız var?

 

- Yüz on.

 

- Bəs niyə qamətiniz belə düz qalıb?

 

- Tarlada əyilib qalxmaqdan, işləməkdən.

 

Gənc qoca kahinə dua edə-edə evinə qayıtdı. Həmin gündən tənbəlliyin daşını atdı. Daha qocalmaqdan qorxmurdu. Əkməyə-biçməyə başladı. Həmin gündən də xəstəlik nə olduğunu bilmədi. Qocalıq da, xəstəlik də ondan qorxub gen gəzirdi.