Nağıllar, hekayələr

Yarasa nə üçün gecə ova çıxır

Bir yarasa yuvasına çəkilib rahat yaşayır, şaha vergi vermirdi.

 

Bir gün heyvanların şahı əsgərlərini çağırıb əmr etdi:

 

- Gedin yarasadan vergi alın! Bütün heyvanlar kimi o da mənə tabe olmalıdır.

 

Əsgərlər yarasanın yanına gəlib dedilər:

 

- Ey yarasa, biz səndən vergi almağa gəlmişik.

 

- Vergi?! Bircə elə o qalmışdı. Gedin şahınıza deyin ki, mən heyvan deyiləm və ona vergi verməyəcəyəm. Harada görünüb ki, mənim kimi qanadlı, havada uçan bir canlı yerdə gəzən heyvanların şahına vergi versin?! Mən heyvan deyiləm, quşam.

 

Heyvanların şahı bərk qəzəbləndi. Xeyli fikirləşəndən sonra quşların şahına bir məktub yazdı. Əsgərləri çağırıb dedi:

 

- Tez bunu quşların şahına yetirin.

 

Ertəsi gün quşların şahı öz əsgərlərini çağırıb onlara əmr etdi:

 

- Yarasa özü deyib ki, quşdur. Quş olduğu üçün mənə vergi verməlidir. Gedin ondan vergi alın.

 

Əsgərlər şahın əmrini yerinə yetirməyə getdilər. Onlar yarasanın yanına gəlib dedilər:

 

- Biz sənin yanına uçub gəlmişik ki, vergi alaq.

 

Yarasa kefini pozmadan belə dedi:

 

- Vergi?! Elə bircə o qalmışdı. Gedin şahınıza deyin ki, mən ona vergi verməyəcəyəm. Harada görünüb ki, mənimtək dişləri olan bir canlı quşların şahına vergi versin?! Siz elə bir quş görmüsünüz ki, onun dişləri olsun? Mən heyvanam, quş deyiləm.

 

Quşların şahı yamanca qəzəbləndi. Çox fikirləşdi və əsgərlərini çağırıb dedi:

 

- Mənim məktubumu heyvanların şahına çatdırın.

 

Ertəsi gün quşların və heyvanların şahları belə qərara gəldilər ki, pusqu qurub hiyləgər yarasanı tutsunlar. Elə buna görə də yarasa gündüzlər gizlənir, gecələr özünə yemək axtarmaq üçün ova çıxır. Quşların və heyvanların şahlarının əsgərləri isə yarasanı tutmaq üçün o vaxtdan bəri cəngəllikləri və mağaraları gəzirlər.