Nağıllar, hekayələr

Eyvaz Zeynalov. Dünyagörmüş baba

Əsgərin babasının yetmişdən artıq yaşı vardı. Onun haqqında deyirdilər: “Dünyagörmüş kişidir!..” Düzdür, babası yazıb-oxumağı bacarmırdı, amma çox şeydən xəbərdar idi. Kənddə kimin işi çətinə düşürdüsə, məsləhət üçün onun yanına gəlirdi...

 

Amma Əsgərə heç yana getmək lazım deyildi. Babası yanında idi.

 

Bağı suvaranda öyrədirdi: "Oğul bala, bax torpağın da gözlə görünməyən xırda damarları var. Su o damarlarla tez bir zamanda havaya buxarlanır. Əgər istəyirsən ki, verdiyin suyun ağaclara faydası olsun, suvarandan sonra ağacların dibini doldurmalısan."

 

Bir də görürdün Əsgər şər vaxtı qoz ağacının altında yuxulayıb yatıb. Babası o saat onu silkələyib oyadırdı:

 

- Oğul bala, şər vaxtı qoz ağacının altında yatmazlar.

 

- Niyə, ay baba?.. - Əsgər təəccüblə soruşurdu.

 

- Çünki qoz ağacı şər qarışandan sonra insan kimi oksigeni udur, karbon qazı buraxır. Odur ki altında yatan adamın nəfəs alması çətinləşir.

 

Həə, Əsgərin babası belə ağıllı, çoxbilmiş baba idi. Hələ o, nələr bilirdi! Bir də görürdün çardağın altına yığışan toyuq-cücəyə, toz-torpaqda eşələnən sərçələrə baxıb dedi: “Tezliklə yağış yağacaq!..” Yağırdı da! Yaxud bağda şən-şən civildəşən quşları göstərib deyirdi: “Günortadan sonra hava açılacaq”. Açılırdı da...

 

Günlərin bir günü “Həyat bilgisi” dərsində müəllim Əsgərgilə maraqlı bir təcrübə göstərdi. Əsgər bu təcrübə ilə babasını əməlli-başlı yoxlamaq fikrinə düşdü.

 

O, evə gələndə bir şam götürdü. Onu yandırıb açıq qapının ağzına, döşəməyə qoydu. Şamın titrək alovu içəriyə, otağa doğru əyildi. Əsgər bunu babasına göstərib lap müəllimi kimi dedi:

 

- Baba, bax bunu yaxşı yadında saxla...

 

- Görürəm, bala, görürəm, - babası bığaltı qımışdı.

 

Əsgər stulun üstünə çıxdı. Bu dəfə yanan şamı yuxarı tutdu.

 

- Baba, alov indi hara əyildi?..

 

Əsgər gözləyirdi ki, babası heyrətlənəcək. Amma babası eyni təmkinlə dedi:

 

- Bayıra əyildi...

 

Onda Əsgər yenə müəllimi kimi soruşdu:

 

- Deyə bilərsənmi, niyə belə oldu, baba?..

 

- Deyim də, oğul bala, deyim, - babası bığlarını eşib bic-bic güldü. - Bunlar hamısı havanın kələk-küləyidi. Bayırdan gələn soyuq hava ağırdır, otağa aşağıdan dolur. Odur ki şam aşağıda olanda onun alovunu içəri əyir. Otaqdakı isti hava isə yüngüldür, yuxarıdan bayıra çıxır. Şamı yuxarı qaldıranda həmin isti hava onun alovunu çölə əyir. Düz tapdımmı, oğul bala?..

 

- Hə, düz tapdın. - Əsgər mat qaldı. - Baba, axı sən deyirdin ki, məktəbdə oxumamısan...

 

- Düzdür, oxumamışam!..

 

- Bəs bütün bunları haradan bilirsən, ay baba?..

 

- Bütün bunları mənə həyat öyrədib, bala. Həyat özü də bir məktəbdir. Amma diqqətli olana, öyrənənə.