Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Düyməcik

Biri vardı, biri yox...


Nə az idi, nə də çox.


Bapbalaca Düyməcik.


Nə ac idi, nə də tox... 


Qalın şam meşəsinin şərq istiqamətində gözəl və əsrarəngiz bağ vardı.


Bağda yulğun və fındıq ağaclarının nazik budaqlarından hazırlanmış kiçik bir ev yerləşirdi. Bu evin sakinlərindən birinin adı Düyməcik idi. Düyməcik adlanan bu şirin qızın xurmayı saçları, yaşıl gözləri, yumru burnu və zərif dodaqları vardı.


Danışanda adama elə gəlirdi ki, sözlər kəpənək kimi onun ağzından uçuşur,güləndə isə ətrafa zərli toxumcuqlar səpələnirdi, sanki. Qız o qədər balaca idi ki, boyunun hündürlüyü bağdakı sincablardan seçilmirdi.


Düyməciyin özü kimi ata-anası da balaca idi. Onlar xoşbəxt və adamlardan uzaq yaşayırdılar. Dostları meşədə yaşayan heyvanlar, yeməkləri isə meyvələr olardı.


Düyməcik bütün günü heç nə yeməmişdi. Lakin nə ac idi, nə də tox. Meyvə dalınca gedən atası evə qayıtmamışdı. Qızcığaz atasını arzulayırdı. Birdən Düyməcik kövrəldi:


– Anacan, mən atamı istəyirəm, o, niyə qayıtmır evimizə?


Anası nigarançılığını qızından gizlədərək dedi:


– Darıxma qızım, harada olsa, indilərdə gəlib çıxar.


Amma ata qayıtmırdı...


Ana darıxdı, ayağa qalxdı.


– Qızım, get meyvə səbətini gətir, gedim sənə meyvə dərim gətirim, həm də atandan xəbər bilim. Amma sən qapını heç kimə açmayasan ha. Amandı, gəlib səni oğurlamasınlar. Eşitdin, Düyməcik, bizdən başqa bir kimsəyə qapını açma ha.


Düyməcik:


– Açmaram, ana, arxayın ol, – dedi.


Axşam düşmüşdü. Bayırda külək əsməyə başladı. Küləyin səsindən Düyməcik qorxub, divara qısıldı. Ana, ata, hardasınız? Gəlin, - deyə ağlamağa başladı. Birdən qulağına səs gəldi.


Tık... tık... tık.. tık.. tık... tık


Düyməcik küncə qısıldı. Qapı döyülürdü. Tık...tık...tık. Nazik, ciyiltili səs eşitdi Düyməcik.


– Ey, kim var evdə?


Düyməcik ürəkləndi. Amma danışmadı.


– Kimsə yoxdurmu evdə?


Düyməcik qorxa-qorxa:


– Evdə mən varam, -dedi.


– Qapını aç.


– Olmaz, anam deyib ki, heç kimə qapı açma.


– Mən sənə ziyan vermərəm, aç, xahiş edirəm.


Düyməcik qapını açdı. Amma qarşısındakını tanımadı.


– Sən kimsən? – soruşdu.


– Mən Dələyəm. Evinizin yanından keçirdim, ağlamaq səsi eşitdim. Ona görə də sənə kömək etmək istədim.


Sonra Düyməcikdən soruşdu:


– Sənin adın nədi?


– Düyməcik.


– Acmısan?


– Bilmirəm, – dedi Düyməcik. Dələ əlində tutduğu şam ağacının qozalarını ona uzatdı:


– Yəqin ki, acmısan. Götür, ye,- dedi.


Düyməcik:


– Qoza yeyə bilmirəm. Mən meyvə yeyirəm. Anam mənə meyvə gətirəcək.


Dələ ilə Düyməcik dostlaşdılar. Saatlar ötmüşdü. Düyməciyin valideynləri hələ də gəlib çıxmamışdılar. Dələ onu tək qoyub getmək istəmirdi. 


Düyməcik yorulmuşdu, yatmaq istəyirdi. Anası gəlsəydi, onu qıçlarının üstündə yırğalayıb yatırdardı. Odur ki, Dələ Düyməciyə təklif etdi;


- Düyməcik, gəl çıx mənim quyruğumun üstünə, səni yırğalayım, sən də yat. Düyməcik Dələnin quyruğunun üstünə çıxdı. Dələ onu balası kimi əzizləyib, quyruğunun üstündə yatırtdı.


Elə bu zaman Düyməciyin ata-anası açıq qapıdan içəri girdi. Düyməciyi evdə görməyib hay-həşir qopardılar;


– Vay, vay, hanı mənim Düyməciyim, hanı mənim qızım, mənim balamı neyləmisən? – deyə, Dələni döyməyə başladılar.


Səs-küyə Düyməcik yuxudan oyandı. Dələnin quyruğunun üstündən qalxıb, əl etdi:


– Anacan, atacan, mən burdayam! – dedi.


Dələ onların bu hərəkətindən küsdü. Düyməciyi yerə düşürüb, sakitcə evdən getmək istədi. Bunu görən Düyməcik onun əlindən tutub dedi:


– Anacan, tanış olun, bu, Dələdir, o mənim dostumdur.


Düyməciyin ata-anası dələdən üzr istədilər. Gətirdikləri meyvəyə Dələni də qonaq etdilər. O gündən onlar mehriban dost kimi birlikdə yaşadılar.