Nağıllar, hekayələr

Terapevtik nağıl. Kiçik pələng balası

"Heç kim məni sevmir! Heç kimin mənə ehtiyacı yoxdur!" - deyə balaca pələng balası düşündü və hara getdiyini bilmədən, qızmar günəşin altında, başını aşağı salaraq yeriməyə davam etdi.

 

Pələng balası o qədər kədərli və tənha idi ki, yerdəki iti tikanlar yumşaq pəncələrinə batdıqda belə, ağrını hiss etmirdi.

 

O, valideynlərindən qisas almaq üçün evi tərk etmişdi. Çünki bu səhər o, qardaşı ilə ovlamağı öyrənən zaman, əlindən gələni etsə də, valideynləri onu tərifləməmişdilər. O, valideynlərindən incimişdi!

 

"Qardaşım çox çevik və qoçaqdır və o, həmişə uğur qazanır. Təbii ki, valideynlərim onu məndən çox sevirlər. Mən sadəcə yazıq bir balacayam!" - deyə balaca pələng balası düşünməyə davam etdikcə əhval ruhiyyəsi daha da korlanırdı.

 

Bu düşüncələr ilə balaca pələng balası uzun yol qət etdi. Artıq qızmar və qırmızı günəş yerlə birləşmişdi, amma pələng balası hələ də yol getməyə davam edirdi. Birdən pələng balasının pəncələri altındakı budaqlar, otlar aralandı və pələng balası başı aşağı quyunun içinə düşdü  O, ovçuların qazdığı quyunun dibinə düşmüşdü.

 

Quyu-dərin və qaranlıq idi. Pələng balası çox qorxdu, və o, var gücü ilə yuxarı doğru dırmaşmağa çalışdı. Tələnin divarları hamar olduğundan yapışmağa heç nə yox idi və pələng balasının pəncələri dayanmadan aşağı sürüşürdü.

 

Pələng balası tamamilə gücdən düşənə qədər cəhd etdi, lakin o, artıq əldən düşmüşdü. Sonra aclıqdan və yorğunluqdan soyuq və qaranlıq quyunun dibində qıvrılıb yuxuya getdi.

 

Pələng balası gözəl bir yuxu gördü. Yuxuda, ana və ata pələng günəşli, mavi səmanın altında, şəffaf bir çayın yanında tənbəlcəsinə uzanaraq, balalarının necə sevinclə oynadıqlarını izləyirdilər. Birdən pələng balası qara quyunun dibində oyandı, ancaq kiçik bir günəş onun ruhunu işıqlandırmışdı və hərarəti ilə onu isidirdi. Birdən yadına əvvəldən bildiyi, amma nədənsə bu yaxınlarda unutduğu bir şey düşdü. Yadına düşdü ki, valideynləri onu çox sevir və ona sadəcə döyüşməyi öyrədirlər, çünki bunsuz pələnglər sağ qala bilməz! Pələng balası həmçinin qardaşını da nə qədər sevdiyini başa düşdü.

 

"Nə yazıq ki, mən onları bir daha görməyəcəm" - deyə pələng balası düşündü və ürəyi ağrıdan sıxıldı.

 

Vaxt keçdi... Pələng balası bir neçə gün quyunun dibində olduğunu artıq bilmirdi, çünki quyuda həmişə qaranlıq idi. Birdən o, xışıltı səsləri eşitdi, lakin əhəmiyyət vermədi - zəiflikdən daha heç nə hiss etmirdi.

 

Parlaq bir işıq pələng balasının gözlərini açmağa vadar etdi və köməyə gələn, onu tələdən xilas etməyə çalışan anasını, atasını, qardaşını və digər heyvanları görəndə sevincinin həddi-hüdudu yox idi.

 

- Səni tapdığımıza görə çox xoşbəxtəm! Dörd gün, dörd gecədir ki, səni axtarırıq! Səni tapmaq üçün ətrafdakı bütün heyvanları təşvişə salmışıq! - deyə ana pələng sevinclə balasına dedi.


Pələng balası cavab olaraq yalnız pıçıldadı: "Məni bağışla, ana, Sən hələ mənimlə fəxr edəcəksən!"

 

O vaxtdan bəri pələng balası qardaşı ilə mehribancasına dolaşır və hər şeydə ona kömək edir. Özü də daha yaxşı və güclü olmağa çalışır.

 

Bir neçə il keçdi və o yerlərdə bizim balaca pələng balası kimi güclü, sürətli, ağıllı və cəsur pələng hələ olmamışdır. Bütün heyvanlar onu sevir və hörmət edirdilər və tez-tez onu, çayın o biri tayında yaşayan ən gözəl dişi pələng ilə ov edərkən görürlər.