Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Mən hər şeyi bilirəm

Mən babamı çox istəyirəm. Bax, bu qədər! Hələ qollarım çatmır, göstərim ki, nə qədər!..

 

Biz Bakıda yaşayırıq, babam kənddə. Babam tez-tez bizə gəlir. Mənə çoxlu meyvə gətirir. Bilir ki, yaman meyvə yeyənəm. İndi də babam mənə meyvə gətirib: alma, armud, şaftalı, gavalı... Mən də oturub yaxşıca-yaxşıca yeyirəm.

 

Babam deyir:

 

– Hayıf, bu il meyvə az oldu, Səlim...

 

Mən deyirəm:

 

– Niyə bu il meyvə az oldu, baba?

 

Babam deyir:

 

– Çünki bu il quraqlıq oldu.

 

Mən deyirəm:

 

– Quraqlıq nədi, baba?

 

Babam deyir:

 

– Yağış yağmayanda, ağacları sulamayanda, meyvə az olur. Buna da quraqlıq deyirlər.

 

– Yağış yağsa, meyvə çox olar?

 

– Əlbəttə.

 

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Dadaş mənim dostumdur, bizim həyətdə olur. Həmişə mənə deyir:

 

– Sən mənim ən birinci dostumsan, Səlim!

 

Dadaşın portfeli var, özü də məktəbə gedir. Dadaş hər şeyi bilir, mənə də deyir. Mən də hər şeyi bilirəm. Bax, yağış buxardan əmələ gəlir. Su istidə buxarlanır. İndi gördünüz ki, mən hər şeyi bilirəm?

 

Eh, hayıf ki, babamın Dadaş kimi yoldaşı yoxdur. Eybi yox.

 

Mən deyirəm:

 

– Baba, yağış buxardan əmələ gəlir.

 

Babam deyir:

 

– Doğrudan?

 

Mən deyirəm:

 

– Bəli, baba, doğrudan. Mən hər şeyi bilirəm. Mən kənddəki evimizə gələndə yağış yağdıracağam. Onda meyvə də çox olar.

 

Babam deyir:

 

– Sən bunu necə edəcəksən, Səlim?

 

Mən deyirəm:

 

– Gedərəm bağa. Qazanı su ilə dolduraram. Qoyaram ocağın üstünə. Su qızar, buxar olar. Onda yağış yağar, meyvə də çox olar. Gördün, baba, mən hər şeyi bilirəm!

 

Babam deyir:

 

– Gördüm, Səlim. Doğrudan da, sən yaman bilənsən!

 

Sonra babam ürəkdən gülür.

 

Yenə mənə gülürlər...