Təbiət

Dünyanın ən qorxulu bitkisi: Qimpi-qimpi

Avstraliyada bitən Qimpi-qimpi (Gympie Gympie) -  təbiətin yaratdığı ən qorxulu və ağlasığmaz ağrıya səbəb olan bitkilərdən biridir. Təsəvvür edin ki, bədəniniz eyni anda həm turşu ilə yanır və eyni zamanda elektrik cərəyanına məruz qalır. Bu zəhərli bitkinin elmi adı - Dendrocnide moroidesdir. Bitkinin səbəb olduğu ağrı o qədər böyükdür ki, insanları intihara belə vadar edə bilər.


Bitki bir çox başqa adlarla da tanınır, məsələn Sancan ağac və ya İntihar bitkisi. Qimpi-qimpi adətən şimal-şərq Avstraliyanın tropik meşələrində rast gəlinir. 


Gicitkənkimilər fəsiləsinə aid yumşaq meşə koludur, əslində isə ağacdır. Bəzən 4-5 metrə çata bilər, lakin tez-tez yalnız 0,1 - 1 m hündürlükdə olan kiçik kollar şəklində tapılır. Kənarları dişli ürək formalı yarpaqları və ağ və ya bənövşəyi-qırmızı meyvələri var.

 

Tikanlı tüklər diqqətlə çıxarılarsa, meyvəsi yeməlidir. Ağacın hər bir hissəsi, istər ürəkşəkilli yarpaqları, istər gövdəsi, istər çəhrayı, istərsə də bənövşəyi meyvəsi, kəsici və incə, zəhərlə dolu kremnezem tüklərlə örtülüdür. Zərərsiz görünən tüklü yarpaqlara aldanmayın! Çünki bu bitki sizin təsəvvür belə edə bilməyəcəyiniz təsirlərə malikdir! Bitki yüngül bir toxunuşla, dözülməz ağrıya səbəb olan güclü neyrotoksin buraxır. Bu ağacın tükləri o qədər incə və kövrəkdir ki, sadəcə bu bitkiyə toxunmaq kifayətdir ki, minlərlə tük qopub dərinizə daxil olsun və sonra “moroidin” adlı aktiv ağrılı toksin buraxsın. Tüklər dəriyə yapışır, qırılır və aylarla orada qalır, yanığı qaşıdıqca daha çox əziyyət verir. 


Geniş, oval və ya ürək formalı yarpaqları və yumşaq örtülü görünüşü ilə uzaqdan cəlbedici görünsə də, Qimpi-qimpi dünyanın ən zəhərli bitkiləri arasındadır. Bu bitkinin yarpaqlarına yüngülcə toxunmaq belə eyni zamanda turşu yanıqları və elektrik şoku ilə eyni ağrıya səbəb ola bilər. Ağrının yox olması aylar və hətta illər çəkə bilər. 


Qimpi-qimpi bitkisinin yaratdığı ağrı o qədər böyükdür ki, insanlar bu ağrıdan əziyyət çəkməkdənsə ölməyi üstün tuturlar.


Bitki haqqında bəzi əfsanələr belə var. Deyilənə görə, qimpi-qimpi ilə təmasda olan at ağrıya dözməyib və özünü təpədən aşağı atıb. Polis məmuru isə bu bitki ilə təmasda olduqdan sonra keçirdiyi ağrıya dözə bilməyib və intihar edib.


Yuxarıda qeyd etdiyimiz kimi gicitkən ailəsinin üzvü olan Qimpi-qimpi öz adını Avstraliyanın “Gympie” şəhərindən götürür. Vətəni Şimal-şərqi Avstraliyanın tropik meşələri olan bu bitkiyə, İndoneziyanın bəzi yerlərində də rast gəlinir. Bu bitkini tropik meşələrin boşluqlarında, çayların sahillərində və piyada yollarında tapmaq mümkündür. 


Yeni Cənubi Uels Universitetinin professoru və zəhərli ağaclar üzrə mütəxəssis, nəbatatçı Marina Hurley idmanla məşğul olan zaman Qimpi ilə təmas etmişdir. O, bu təması- “təsəvvür edə bilməcəyiniz dözülməz ağrı” kimi təsvir etmişdir. Hurley deyir ki, bu bitki ilə təmasdan dərhal sonra kəskin yanğı hiss olunur, lakin bu, yalnız bir fraqmentdir, çünki ağrı pik intensivliyinə 20-30 dəqiqədən sonra çatır. O, əlavə edir: “Ağrının şiddəti qədər təəccüblü başqa bir şey də var. Odur ki, bu zəhərli kolun tükləri altı aya qədər dəridə qala bilir. Bu müddət ərzində dəriyə bərk sıxılırsa, isti və ya soyuq su dəriyə toxunarsa, ağrı yenidən əmələ gəlir. Təxminən 20 dəqiqə ərzində təmas yerində ağrı hiss etməklə yanaşı, həm də qollarınızın altındakı limfa düyünləri şişir, ağrılı şəkildə çırpınır və iki lövhə arasında ilişib qaldığınızı hiss edirsiniz. Həm iynədən, həm də limfa düyünlərindən gələn ağrılar 1-4 saat arasında davam edə bilir".


1963-cü ildə, Nəbatatçı Erni Rider də Qimpi-qimpi ilə təmas etmişdir. O, "Avstralian Geographic"-ə bitkinin üzünə, qollarına və sinəsinə toxunduqdan sonra yaşadıqlarını danışır: "Yadımdadır, sanki sinəmi əzməyə çalışan nəhəng əllər var idi. Ağrı iki-üç həftə dözülməz idi. Yata bilmirdim. Ağrı demək olar ki, iki ilə yaxın davam etdi, xüsusən də hər dəfə duş qəbul edəndə”. Həşərat dişləmələrinin və buna bənzər şeylərin Qimpi-qimpi ilə müqayisədə heç bir şey olmadığını qeyd edən Rider: "Bununla rəqabət apara biləcək heç bir şey yoxdur. Bu bitki hər şeydən 10 qat daha dözülməzdir" bildirmişdir.


Sancan ağac nəsli kəsilməkdə olan bitkilər siyahısındadır.