Şeirlər

Nizami Gəncəvi. Bərdənin tərifi

Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
İyulda dağlara lalələr səpər,
Qışını baharın nəsimi öpər.


O yaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlamış kövsər.
Söyüdlük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil həqiqi cənnət.


Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkliyi, ötür turacı.
Səssizlik içində dincəlir gülşən,
Torpağı silinmiş qayğı, kədərdən.


Reyhanı yaşıldır illər uzunu,
Hər çeşid naz, nemət bürümüş onu.
Yem üçün gələr quş bu gözəl yurda,
İstəsən "quş südü" taparsan burda.


Torpağı yoğrulmuş qızıl suyundan,
Elə bil hər yanda bitmiş zəfəran.
O yaşıl yerləri dolaşıb gəzsən,
Şənlikdən başqa bir xəyal görməzsən.


İndi o dərgahın taxtı alçalmış,
İpəyi, qumaşı küləklər çalmış.
Təzə nar gülləri tökülüb solmuş;
O narlar, nərgizlər dönüb toz olmuş.


Indisə yerində bu gözəl yurdun,
Bar sel yumuş dərə, qurumuş odun.
Yenə də bol olan o göyərtilər,
Ədalət toxmundan göyərsə əgər,
Yenidən gözəlcə bəslənsə diyar,
Get-gedə yaşıllıq, gözəllik artar.


Padşahın əlinə keçərsə fürsət,
O taxta yenidən verərdi zinət.
Hərum adlanırdı bu yurd hər yerdə,
İndisə adına deyirlər Bərdə.


Bu mərdlər, gözəllər yurdunda, inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar?